Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Aqil Hümmətov noyabrın 10-da öz məhkəməsinə "Qurani Kərim" kitabı gətirib. O, məhkəməsində ifadə verən şahidlərin bu kitaba əl basıb and içməsini istəyib.
Məhkəmədə Hümmətovun bıçaqla xəsarət yetirdiyi iddia olunan Yamən Məmmədovun anası Nərminə Məmmədova dindirilib. O, istintaqa ifadəsini təsdiqləyərək oğlunu Hümmətovun bıçaqladığını deyib.
"Yamən Məmmədova heç nə demək lazım deyil"
Təqsirləndirilən AXCP üzvü isə şahidin yalan danışdığını, zibillərini atmaq adıyla telefonla çağrıldığını və orada təxribatla üzləşdiyini deyir.
Şahidlərdən biri də zərərçəkmiş qismində tanınan Yamən Məmmədovun həyat yoldaşıdır. Amma o, məhkəməyə gəlməyib. Bu üzdən məhkəmə prosesi noyabrın 11-də davam edəcək.
AXCP üzvü məhkəmədə ictimaiyyətə müraciətində prezident İlham Əliyevdən davamlı uşaqpulu tələbinə görə sifarişiylə şərlənib həbs olunduğunu vurğulayıb.
"Məni şərlətdirib həbsə atan İlham Əliyevdir. Məni şərləyən polis də, prokurorluq da, məhkəmə də, Yamən Məmmədov da... hamısı İlham Əliyevin sifarişini icra edir. Ona görə də Yamən Məmmədova heç nə demək lazım deyil...", – Hümmətovun sözləridir.
"Soruşan lazımdır ki..."
O vurğulayıb ki, prezident Əliyev hər dəfə müharibədə qələbədən danışanda özü və atasının hakimiyyəti dövründə yetişən gənclərdən danışır: "Soruşan lazımdır ki, sən nə vaxt o böyüməkdə olan uşaqların ağrılı, əzablı taleyi, problemləri ilə maraqlandın?! Məsələn, mənim uşaqlarımın durumu bir dəfə də olsun dövlət başçısı kimi onu maraqlandırıbmı?".
Avqustdan həbsdə olan Aqil Hümmətov özünü təqsirli bilmir, heç kimi bıçaqlamadığını, ona böhtan atıldığını deyir. Onun sözlərinə görə, saxlandıqdan sonra iki gün polis idarəsində işgəncəyə məruz qalıb və nəticədə öz əleyhinə olan ifadəni imzalayıb.
Hümmətovun vəkili işgəncə iddiası ilə əlaqədar prokurorluğa şikayət edib. Lakin prokurorluq işgəncə faktının təsdiqini tapmadığını bildirərək cinayət işi başlamaqdan imtina edib.
Hümmətov iddia edir ki, həbsinin əsl səbəbi sosial şəbəkələrdə hökuməti, şəxsən prezidenti tənqid etməsi, uşaqpulu tələbidir.
Hadisə necə baş verib
Hümmətov məişət tullantılarını çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı.
Həyat yoldaşı Aygün Hümmətova AzadlıqRadiosuna bildirib ki, Aqili zərərçəkmiş tərəf hadisə günü zibil atmağa çağırıb: "Aqil də gedib ki, onların zibillərini atsın. Birdən kişi onun üstünə cumub ki, "həyat yoldaşıma söz atırsan". Özünü yerə yıxıb, özündə olan bıçağı da çıxarıb, qışqırıb ki, "məni vurdu". Hər şey əvvəldən planlaşdırılıb deyə, hazır vəziyyətdə olan polislər dərhal gəlib Aqili aparıblar".
Hümmətovun ittiham olunduğu CM-in 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
O, bundan öncə də bir neçə dəfə inzibati qaydada həbs edilib, məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib. O zaman da Hümmətov özünü təqsirli bilmir, hökumətin ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyirdi.