Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 01:42

Cəlilabadda bloqer həbs edilib


Saməddin Məmmədov
Saməddin Məmmədov

Bir həftə öncə, oktyabrın 29-da bir qrup mülkigeyimli şəxsin axşam saatlarında Cəlilabad rayon sakini, bloqer Saməddin Məmmədovun evinə gələrək onu maşına mindirib apardıqları bildirilir.

Bu barədə rayon sakinləri danışırlar. Oğlu Nahid Məmmədovun sözlərinə görə, sonradan məlum olub ki, bloqeri polislər aparıb. Oğlu atasının həbsini qanunsuz və sifarişli hesab edir:

"Dəfələrlə ona xəbərdarlıq etmişdilər"

"Atam rayonda olan problemləri sosial şəbəkələrə çıxarırdı. Çəkiliş edirdi. Bütün bunları ona görə edirdi ki, ölkə rəhbərliyi Cəlilabadda nə baş verdiyini görsün. Həmişə yüksək tribunalardan deyirlər ki, Cəlilabadda vəziyyət gözəldir, əladır. Atama təzyiq edirdilər, dəfələrlə ona xəbərdarlıq etmişdilər".

Bloqer S.Məmmədovun prezidentə müraciət videosu da yayılıb. Bloqer həmin videoda Cəlilabadda məmur özbaşınalığından danışır. N.Məmmədovun sözlərinə görə, bu videodan sonra atasına təzyiqlər güclənib:

"Sonda da onu şərlədilər"

"Oktyabrın 29-da Cəlilabada rəsmi şəxslər gəlmişdi. Onlar mətbuata deyirdilər ki, əhali ilə görüşüblər. Atam onların videosunu çəkmişdi, əslində onlar əhali ilə görüşməmişdilər. Onların səbir kasası daşıdı. Sonda da onu şərlədilər. Guya kimisə döyüb. Hadisə guya Şəhidlər xiyabanında olub. Çoxlu şahidlər var, təsdiqləyirlər ki, atam orada, sadəcə, ziyarətdə iştirak edib, sonra çıxıb gedib.. Atam hərbi əlildir, gözü zəif görür. Mən özüm İkinci Qarabağ müharibəsinin qazisiyəm".

Onun deməsinə görə, atası Bakı istintaq təcridxanasında saxlanılır: "Atamla danışa bildik. O dedi ki, aclıq aksiyası keçirirəm, məni şərləyiblər. Müraciətlərimizə rayonda heç kim baxmır. Prezident Administrasiyası qarşısında buna etiraz etdik. Prezidentlə görüş istəyirdik. Qoymadılar".

N.Məmmədovun atası haqqında dediklərinə, hələlik, Penitensiar Xidmətdən və rayon polisindən münasibət almaq mümkün olmayıb. Amma S.Məmmədovla bağlı polisə şikayət edən Cəlilabad rayon sakini Elşən Cəfərovla danışmaq mümkün olub. O deyir ki, ona xəsarət yetiriblər:

"Ekspert rəy verib, hər şey göz qabağındadır"

"Mən özüm mətbuat nümayəndəsiyəm. Saməddin, oğlu və bacısı oğlu sentyabrın 27-də mənə xəsarət yetiriblər. Burnum sınıb, kəllə beyin qapalı zədəsi almışam, 21 gün xəstəxanada yatmışam. Evdə müalicə olunuram. Polis araşdırıb. Hansı səbəbdən həbs edildiyi mənə məlum deyil. Xəbərim olmayıb. Gecə ilə həbs olunub. Məndən izahat alınıb, ekspert rəy verib, hər şey göz qabağındadır. Onun şərlənməsi və siyasi fəaliyyəti haqqında mən bir söz deyə bilmərəm. Mən bu xəbərləri sosial şəbəkələrdə görmüşəm".

Onun sözlərinə görə, sosial şəbəkələrə düzgün olmayan məlumatları ötürməsinə görə S.Məmmədovla fikir ayrılığı olub:

"Fikir ayrılığımız oldu"

"Bəzi qurumlarla bağlı şantaj var idi. Ona dedim ki, bu işi görmə. Haqqına yazırsan yaz. Fikir ayrılığımız oldu. Bir gün sonra məni ölümlə hədələdi. Sentyabrin 27-də çəkiliş aparırdım. Bir nəfər qazi mənə yaxınlaşıb dedi ki, kömək lazımdır. Onunla gedəndə arxadan vurdular, üç nəfər mənə bədən xəsarəti yetirdi".

S.Məmmədov Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (Xuliqanlıq) maddələri ilə ittiham edilir. Bu ittihamla ona 5 il həbs cəzası verilə bilər.

XS
SM
MD
LG