Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 01:39

Həbsdəki cəbhəçi: 'Təqsirləndirilən yox, şərlənən şəxsəm…'


Aqil Hümbətov
Aqil Hümbətov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Aqil Hümbətov "təqsirləndirilən şəxs" adlandırılmasının əleyhinədir. Noyabrın 3-də öz məhkəməsində də ona bu cür müraciət edən hakim Samir Əliyevə etirazını bildirib: "Mən təqsirləndirilən şəxs yox, şərlənən şəxsəm. Ona görə də xahiş edirəm, düz deyin…".

Məhkəməyə buraxılmayanlar

Yaşadığı qəsəbədə Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə suçlanan Aqil Hümbətovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəməni izləməyə gələnlərin heç biri, o cümlədən ailə üzvləri və jurnalistlər də məhkəməyə buraxılmayıb. Hakim bunu pandemiya ilə izah etsə də, vəkil Nemət Kərimli razılaşmayıb. Vəkil bildirib ki, bu cür davranış məhkəmənin açıqlığı prinsipinin pozulmasıdır. Müdafiəçi bu məhkəməyə gələnlərin buraxılması haqda vəsatət qaldırsa da, təmin edilməyib. Bu üzdən vəkil hakim Samir Əliyevin obyektiv olmadığını əsas gətirib onun bu işə baxmasına yazılı şəkildə etiraz verib. Ancaq etiraza da "yox" deyilib.

AXCP fəalı şüşə kabinədə əlləri qandallı vəziyyətdə saxlanılırdı. Vəkili qandalların açılması və müdafiəçisinin yanında əyləşməsinə imkan verilməsi haqda da vəsatət verib. Qandallar açılsa da, Hümbətov şüşə kabinədən çıxarılmayıb.

Hökm çıxarılana qədər Hümbətovun ev dustaqlığına buraxılması haqda vəsatətə də məhkəmə müsbət cavab verməyib.

Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.

Özünü təqsirli bilmir

Avqustdan həbsdə olan Aqil Hümbətov özünü təqsirli bilmir, heç kimi bıçaqlamadığını, ona böhtan atıldığını deyir. Onun sözlərinə görə, saxlandıqdan sonra iki gün polis idarəsində işgəncəyə məruz qalıb və nəticədə öz əleyhinə olan ifadəni imzalayıb.

Hümbətovun vəkili işgəncə iddiası ilə əlaqədar prokurorluğa şikayət edib. Lakin prokurorluq işgəncə faktının təsdiqini tapmadığını bildirərək cinayət işi başlamaqdan imtina edib.

Hümbətov iddia edir ki, həbsinin əsl səbəbi sosial şəbəkələrdə hökuməti, şəxsən prezidenti tənqid etməsi, uşaqpulu tələbidir.

Hümbətov məişət tullantılarını çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı.

Hadisə necə baş verib

Həyat yoldaşı Aygün Hümbətova AzadlıqRadiosuna bildirib ki, hazırda cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Yamən Məmmədov Aqili hadisə günü zibil atmağa çağırıb: "Aqil də gedib ki, onların zibillərini atsın. Birdən kişi onun üstünə cumub ki, "həyat yoldaşıma söz atırsan". Özünü yerə yıxıb, özündə olan bıçağı da çıxarıb qışqırıb ki, "məni vurdu". Hər şey əvvəldən planlaşdırılıb deyə, hazır vəziyyətdə olan polislər dərhal gəlib, Aqili aparıblar".

Hümbətovun ittiham olunduğu CM-nin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

O, bundan öncə də bir neçə dəfə inzibati qaydada həbs edilib, məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib. O zaman da Hümbətov özünü təqsirli bilmir, hökumətin ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyirdi.

XS
SM
MD
LG