Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 12:37

Azyaşlının ölümü üzrə işgəncə şikayəti Avropa Məhkəməsinə gedir


İ.Süleymanov məhkəməyə gətirilir
İ.Süleymanov məhkəməyə gətirilir

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı öldürüb yandırmaqda suçlanan İlkin Süleymanovun işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilir. Bu barədə AzadlıqRadiosuna onun vəkili Əlibaba Rzayev məlumat verib.

Vəkil deyir ki, İ.Süleymanovun dörd gün Tovuz rayon Polis İdarəsində qanunsuz saxlanması, bu müddətdə işgəncəyə məruz qalması haqda şikayətinin araşdırılması üçün ölkə daxilində xeyli dövlət orqanlarına, məhkəmələrə üz tutdular. Oktyabrın 23-də Bakı Apellyasiya Məhkəməsi öz qərarı ilə bu məsələyə nöqtə qoyub: "Prokurorluq bizim şikayətimizi əsassız hesab edib, cinayət işi başlanmasının rədd olunması barədə qərar çıxarmışdı. Bu qərarın ləğvi üçün Səbail rayon Məhkəməsinə müraciət etmişdik, təmin olunmamışdı. O qərardan verdiyimiz apellyasiya şikayətinə baxıldı. Yenə təmin olunmadı. Bu cür işlərdə apellyasiya məhkəməsinin qərarından şikayət vermək qanunda nəzərdə tutulmayıb".

Ə.Rzayevin sözlərinə görə, ölkə daxilində bütün hüquqi müdafiə vasitələri tükəndiyinə görə İ.Süleymanov Avropa Məhkəməsinə şikayət etmək qərarına gəlib. İ.Süleymanov özü də ixtisasca hüquqşünasdır. O, Avropa Konvensiyasının 3 (işgəncəyə, pis rəftara məruz qalmamaq) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələri ilə təminat verilən hüquqlarının pozuntusunun tanınmasını istəyir.

"İlkinin başqa yolu yoxdur. Nə qədər yerlərə şikayət etmişik, baxan yoxdur. Günahsız bir adamı göz görə-görə çürüdürlər”, – İ.Süleymanovun ailə üzvləri AzadlıqRadiosuna belə deyib.

İ.Süleymanov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun işi üzrə istintaq davam edir.

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva ötən ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İ.Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

Prokurorluq İ.Süleymanovun işgəncə altında etirafedici ifadəyə imza atması barədə dediklərinin əsassız olduğunu bəyan edib.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG