Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:07

'Prokurorluqda dəyişiklik olanda ümidimiz yarandı, o da belə...'


İ.Süleymanov məhkəməyə gətirilir. Foto arxiv
İ.Süleymanov məhkəməyə gətirilir. Foto arxiv

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı öldürüb yandırmaqda suçlanan İlkin Süleymanovun ailəsi deyir ki, Baş Prokurorluqdakı kadr dəyişikliyindən sonra onda işinə obyektiv baxılacağına ümid yaranmışdı. Ona görə də əvvəlki Baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubova müraciətlərini bu vəzifələrdə onları əvəzləyən Kamran Əliyev və Elçin Məmmədova da ünvanlayıb. Amma aldığı cavablar eyni olub.

İ.Süleymanov və vəkillərinin araşdırılmasını istədiyi məsələlərdən biri bu il yanvarın 6-dan 10-na qədər onun qanunsuz saxlanması və həmin müddətdə cinayəti etiraf etməsi üçün işgəncəyə məruz qalması haqda şikayətdir. Onun həbsi barədə məlumat yanvarın 6-da müxtəlif media orqanlarında yayılsa da, cinayət işinin materiallarında yanvarın 10-da saxlandığı qeyd olunub.

Özü günahsız olduğunu deyir

Vəkillər onun dörd gün ərzində Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanması və işgəncəyə məruz qalmasına hüquqi qiymət verilməsi, bu işdə təqsiri olanların cəzalandırılmasını tələb edirlər. Baş Prokurorun birinci müavini Elçin Məmmədov isə onlara cavabında yazıb ki, şikayətdə göstərilənlər təsdiqini tapmayıb. Ona görə də polislər haqqında cinayət işi başlanmasının rədd olunması barədə qərar verib. Bu üzdən İ.Süleymanovun vəkilləri E.Məmmədovdan məhkəməyə şikayət verib.

Oktyabrın 12-də Səbail rayon Məhkəməsində hakim Azər Tağıyev bu işə baxıb. Vəkillər Baş prokurorun birinci müavininin qərarının ləğvini istəyiblər.

Məhkəmədə İ.Süleymanov özü də iştirak edib. O, günahsız olduğunu vurğulayıb, polis şöbəsində dörd gün ərzində ağır işgəncələrə məruz qaldığına görə etiraf ifadəsinə imza atmaq məcburiyyətində qaldığını deyib.

Hakim Baş prokurorun müavininə qarşı şikayətə baxılmasını mümkün saymayıb və bu haqda qərar çıxarıb.

İ.Süleymanovun vəkili Əlibaba Rzayev AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: "Bizə hakim qərarı təqdim etməyib, ona görə bunu necə əsaslandırdığını bilmirik".

İ.Süleymanovun işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, istintaq dövründə həbsdə saxlanma müddəti dekabrın 28-nə qədər uzadılıb: "Hələ istintaq yekunlaşmayıb. Adam 10 aydır heç bir günahı olmadığı halda, həbsdədir. Prokurorluqda dəyişiklik olanda ümidimiz yarandı, o da belə...".

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva ötən ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İ.Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG