ABŞ-də gərgin və tarixi prezident seçkisində bir sıra ştatlarda artıq səslər sayılır.
Seçkidə mübarizə iki namizəd – keçmiş prezident, respublikaçı Donald Tramp və vitse-prezident, Demokratlar partiyasından Kamala Harris arasında gedir.
Hazırda Tramp Seçici Kollegiyasında 188 səslə öndədir. Harris 99 səs yığıb. İndiyədək nəticələri açıqlanan heç bir ştat əvvəlki seçkiylə müqayisədə partiyasını dəyişməyib.
“AP” indilik seçkidə sürpriz olmadığını yazır. Tramp adətən respublikaçılara, Harris isə demokratlara səs verən ştatlarda qələbə qazanıb.
Corciya, Şimali Karolina və Pensilvaniya kimi tərəddüdlü ştatlarda isə ağırlıq mərkəzi dəyişir.
“AP” yazır ki, Corciyada bülletenlərin 80 faizi sayılandan sonra Tramp 5 faiz fərqlə önə çıxıb. Şimali Karolinada isə bülletenlərin 63 faizi sayılıb və Tramp 5 faiz fərqlə öndədir.
Pensilvaniyada bülletenlərin üçdə biri sayılıb və Harris 4 faizlə önə çıxıb.
Seçicilər Kollegiyasının 270 səsini qazanan ilk namizəd ölkənin 47-ci prezidenti olacaq.
Harris və Tramp kollegiyada 270 səs yığa bilməsə, yanvarda Nümayəndələr Palatası prezidenti seçəcək, senat isə növbəti vitse-prezidentin kimliyini müəyyənləşdirəcək.
Tramp Florida ştatının Palm Beach şəhərindəki Mar-a-Laqo kurortunda kampaniya iştirakçıları və tərəfdarları ilə bir aradadır.
Harris tərəfdarları və təşviqat kampaniyasının işçiləri ilə Vaşinqtondakı Hovard Universitetində nəticələri gözləyir.
***
Budəfəki seçkidə seçici fəallığının rekord vuracağı, 2020-ci ildəki 66.8 faizi keçəcəyi gözlənilir.
Kollegiyada 19 səslə təmsil olunan İllinoys ştatında Harris qalib gəlib. Bu ştatın ən böyük şəhəri Çikaqoda azı 50 min etnik ukraynalı yaşayır, onlardan 30 mini Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan sonra gəlib.
Özünü ukraynalı-amerikalı kimi təqdim edən bir qadın seçici AzadlıqRadiosuna deyib: “İnanıram ki, Birləşmiş Ştatlar Ukraynaya dəstəyi davam etdirməyə borcludur, onların imzaladığı memorandum da bunu nəzərdə tutur”.
O, əlavə edib ki, “Rusiya ədalətsiz olaraq Ukraynaya hücum edir”.
***
Reuters yazır ki, Tramp öz sosial mediaya hesabında, Pensilvaniya ştatında səsvermə zamanı “kütləvi fırıldaqçılıq haqqında söhbətlər” getdiyini yazıb.
Filadelfiya rəsmiləri isə Trampın bu iddialarını inkar ediblər, heç bir fırıldağın olmadığını bildiriblər.
Corciya ştat rəsmiləri isə bildiriblər ki, səsvermə günü seçki məntəqələrində bomba təhdidi ilə bağlı mesajlar səslərin sayılması prosesini bir qədər yubada bilər.
***
"The Associated Press" yazır ki, səsvermə günü bəzi seçki məntəqələrində texniki problemlər yaşanıb. Məsələn, Arizona ştatının Apaçı dairəsindəki ondan çox seçki məntəqəsindəki printerdə texniki nasazlıq seçicilərin uzun müddət gözləməsinə səbəb olub.
Bomba hədələrindən sonra Corciya ştatındakı beş seçki məntəqələrində səsvermənin vaxtı uzadılıb. Bu həmin məntəqələrdir ki, əsassız bomba təhdidlərinə görə, onlarda səsverməyə qısamüddətli fasilə verilmişdi. Luivildə isə səhər saatlarında gecikmə olmasına baxmayaraq, səsvermə saatı uzadılmayıb, hakim uzatma ilə bağlı qərar çıxarmaqdan imtina edib.
Vaşinqtonda polis məşəl və siqnal tapançası ilə ABŞ Konqresi binasına girməyə çalışan və yanacaq iyi verən şəxsi həbs edib. ABŞ Kapitoli polisi bildirib ki, adam Kapitol Ziyarətçi Mərkəzində təhlükəsizlik yoxlaması zamanı saxlanılıb. Rəsmilər günün qalan hissəsi üçün Kapitoliyə ictimai turları ləğv ediblər.
Missuri ştatında güclü yağış daşqınlara səbəb olub. Güclü yağış Sent-Luis bölgəsində bir seçki məntəqəsinə getməyi də çətinləşdirib və digər bir məntəqənin elektrik enerjisi kəsilib. Səsverməni davam etdirmək üçün generatordan istifadə edilib.
ABŞ-də bəzi seçki məntəqələri bomba təhlükəsi mesajı alıb
ABŞ-nin bir neçə ştatında seçki məntəqələri bomba təhdidlərinin hədəfi olub və onların əksəriyyətinin Rusiya domenlərindən qaynaqlandığı görünür. Bu barədə ABŞ Federal Təhqiqat Bürosu (FBI) noyabrın 5-də məlumat yayıb.
AzadlıqRadiosu ölkə rəsmilərinə istinadən yazır ki, Corciya ştatında azı iki seçki məntəqəsi təhdidlərə görə yarım saatlıq boşaldılıb.
Corciya ştatının dövlət katibi Bred Raffensperqer bomba hədələrinin arxasında Rusiyanın müdaxiləsinin dayandığını deyib: "Görünür, onlar aranı qarışdırmaq istəyirlər. Onlar bizim rəvan, ədalətli və dəqiq seçki keçirməyimizi istəmirlər və əgər bizim aramızda nifaq sala bilsələr, bunu qələbə kimi qiymətləndirəcəklər".
FBI açıqlamasında məntəqələrin heç birində bomba tapılmadığını deyib.
FTB rəsmisi "Reuters"ə bildirib ki, təkcə Corciya seçki günü iyirmidən çox saxta bomba mesajı alıb.
ABŞ kəşfiyyat və təhlükəsizlik rəsmiləri daha əvvəl də Rusiya və İranı gərgin keçən prezident seçkilərində nifaq salmaq üçün kiberhücumları və dezinformasiya kampaniyalarını gücləndirməkdə ittiham etmişdilər.
Noyabrın 5-də FTB daha bir açıqlamasında bildirib ki, onun adından və loqotipindən istifadə edərək seçkilərlə bağlı iki yalan məlumatın yayıldığını aşkara çıxarıblar. Birincisi FTB tərəfindən terror xəbərdarlığı olduğu iddia edilən uydurma videoxəbərdir. Xəbərdə bildirilir ki, FTB guya seçki məntəqələrində yüksək terror təhlükəsi səbəbindən amerikalıların poçtla, yaxud onlayn səs verməli olduğunu bəyan edib.
İkincisi isə Pensilvaniya, Corciya və Arizona ştatlarında beş həbsxana rəhbərliyinin məhbusların səsvermələrini saxtalaşdırdığı və siyasi partiya ilə sövdələşmə apardığını iddia edən uydurma FTB press-relizindən ibarət videodur.
Bəyanatda uydurma materialın haradan gəldiyi açıqlanmayıb.
Həm Tehran, həm də Moskva ABŞ prezident seçkiləri zamanı hər hansı dezinformasiya kampaniyasında rol oynadıqlarını inkar ediblər.
ABŞ-də gərgin və tarixi prezident seçkisi başlanır
Noyabrın 5-də amerikalılar tarixi prezident seçkisinə gedirlər. Ölkə üzrə seçicilər siyasi baxımdan bölünüb və səsvermənin nəticəsini yeddi həlledici ştatın müəyyən edəcəyi gözlənilir. Seçkidə mübarizə iki namizəd – keçmiş prezident, respublikaçı Donald Tramp (Donald Trump) və vitse-prezident, Demokratlar partiyasından Kamala Harris arasında gedir.
Seçkilər bəzi şərq ştatlarında yerli vaxtla səhər 5-də (Bakı vaxtı ilə 14:00) başlanır. Alyaska və Havay kimi uzaq qərb ştatlarında isə axşam saatlarına qədər davam edəcək.
Seçkinin nəticələrinin bilinməsi məntəqələr bağlanandan bir neçə gün sonraya uzana bilər. Pensilvaniya kimi bəzi ştatlarda poçtla göndərilən bülletenlərin sayılması ləng gedəcək.
Seçici fəallığının 2016 və 2020-ci illərdəkindən daha yüksək olacağı bildirilir.
Federal seçki rəsmiləri noyabrın 4-də axşam xəbərdarlıq ediblər ki, Rusiya və İran seçkiyə təsir kampaniyasını gücləndirir, ABŞ-də seçicilər arasında narazılıq səpməyə çalışırlar, məqsədləri də seçki məmurlarına qarşı zorakılıq təşviq etməkdir.
Tramp üçüncü dəfədir prezidentliyə namizəd olur. O, 2020-ci ildə indiki prezident Co Baydenə (Joe Biden) uduzub. Bayden bu ilin iyulunda seçki kampaniyasından çəkilib. Daha öncə o, Trampla debatda zəif performans göstərərək yaşına görə narahatlıqları gücləndirmişdi.
Demokratların namizədi Harris seçilərsə, ABŞ-nin ilk qadın, həm də Cənubi Asiya mənşəli prezidenti olacaq. Tramp isə seçiləcəyi halda, tarixə bu posta ardıcıl seçilməyən ikinci prezident kimi düşəcək. 19-cu əsrin sonunda Qrover Klivlend (Grover Cleveland) bu mənada birinci olub.
İki namizədin fərqi
60 yaşlı Harris abort hüquqlarını müdafiə edir, Trampı demokratiyaya təhdid adlandırır, sonuncunun 2020-ci il yanvarın 6-da ABŞ-də Kapitoli binasına hücumda rolunu qeyd edir. O zaman Tramp Baydenə uduzmasını qəbul etməyərək tərəfdarlarını səslərini qorumağa çağırmışdı.
Tramp isə populist yanaşmasını işə salaraq belə bir mesaj verib ki, ikinci dönəmdə iqtisadiyyatını daha da yaxşılaşdıracaq, ölkəyə miqrant axınını dayandıracaq, ABŞ-nin Çin kimi rəqiblərinə qarşı daha sərt davranacaq.
Seçkinin nəticəsinin Ukraynaya başqa ölkələrdən daha çox təsiri ola bilər. Bu ölkənin işğalçı Rusiya qoşunlarından müdafiəsi daha çox ABŞ-nin hərbi, maliyyə və diplomatik dəstəyindən asılıdır.
Harris deyib ki, Baydenin Ukraynaya yardım siyasətini davam etdirəcək, Rusiyanın məğlubiyyətini görmək istəyir.
Tramp isə ABŞ-nin Ukraynaya dəstəyini sorğulayır, Avropanın bu yükü daha çox çəkməli olduğunu deyir. O, həmçinin NATO-nun gələcəyini sual altında qoyur.
Yeddi həlledici ştat
İki namizəd seçki marafonunun son günlərində tərəfdarlarını səsverməyə getməyə çağırıblar.
Harris noyabrın 4-nü Pensilvaniyada keçirib. Tramp isə günü Şimali Karolinada başlayıb, sonra Pensilvaniyada iki məkanda olub, Miçiqanda başa vurub.
Bu üç ştat Viskonsin, Corciya, Arizona və Nevada ilə birlikdə seçkinin taleyini müəyyənləşdirən yeddi ştatlardır.
ABŞ seçki sisteminə görə, prezidentin kim olacağını ümumxalq səsverməsi deyil, 538 üzvü olan Seçki Kollegiyası müəyyənləşdirir. Bu kollegiyada hər bir ştat Konqresdəki nümayəndə sayına bərabər seçkiçi ilə təmsil olunur.
Harris və Tramp kollegiyada 270 səs yığa bilməsə, yanvarda Nümayəndələr Palatası prezidenti seçəcək, senat isə növbəti vitse-prezidentin kimliyini müəyyənləşdirəcək.
Artıq ölkə üzrə azı 77 milyon seçici səs verib. Noyabrın 5-i həm də hansı namizədin tərəfdarlarını məntəqələrə aparmaqda daha yaxşı nail olmasının sınağıdır.
Harris artıq poçtla səs verib. Tramp isə seçki günü Floridada səs verəcək.