Şadlıq evlərində niyə zəhərlənirlər

Toy süfrəsi

Bakıda yaşayan Kifayət Hacıyeva danışır ki, ötən il Tovuzdakı şadlıq saraylarından birində qohum toyunda iştirak edib. Ertəsi gün özü qarışıq ailə üzvlərinin vəziyyəti pisləşib.

«Toydan sonra hamımızın, gəlinimin, oğlumun, nəvələrimin halı pisləşdi. Ürəkbulanma, qusma, qarın işləmə, halsızlıq... Oğlumun halı lap pisiydi, ona sistem vurdurduq, uşaqların mədəsini ev şəraitində yuduq. Sonra eşitdik ki, bu hala düşən tək biz deyilik. Toya gedənlərin çoxu zəhərlənib, kimi ağır keçirib, kimi yüngül. Bilmədik, yeməkdəndir, içkidəndir, bilmədik, salatları alüminium ləyənlərə yığmışdılar ondandır», – K.Hacıyeva deyir və əlavə edir ki, artıq toya gedəndə süfrədəki yüz cür nemətə baxa-baxa qalır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Toylarda ən çox xoşunuza gəlməyən nədi?- Bakıda sorğu

Roza Hüseynova isə istər rayonda, istərsə də Bakıda toya gedəndə bişmişə əl vurmadığını, ancaq pomidor, xiyar, pendir yediyini söyləyir:

«Salatlara baxmıram da, çünki bir neçə dəfə yeyəndə dadından köhnə olduğunu görmüşəm. Ət yeməklərindən danışmağa dəyməz. Bəzən görürsən, iy gəlir, ya da ət qaralıb, ehtiyat edirəm».

«Bir-iki manata görə...»

Son zamanlar bir neçə toyda kütləvi zəhərlənmə qeydə alınıb. Bunlardan biri Şəki şəhərində baş verib. Toyda iştirak edən qonaqlardan 54-ünün xəstəxanaya müraciəti ilə bağlı artıq cinayət işi açılıb. Bu barədə avqustun 28-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq birgə məlumat yayıblar.

Buna da bax: Prezidentin bəyanatları toy bazarına ciddi zərbə vurub

AQTA toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr götürüldüyünü bildirir. Eləcə də deyilir ki, Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya onların keyfiyyətsiz olmasının gizlədilməsi - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Avqustun 27-dəsə İsmayıllı rayonunda toylardan birində kütləvi zəhərlənmə olub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına 33 nəfər yerləşdirilib. Bundan əvvəl isə Ağdaş rayonunda toyda kütləvi zəhərlənmə baş vermişdi.

AzadlıqRadiosu bölgələrdəki şadlıq sarayları ilə əlaqə saxlaya bilməyib.

Paytaxtdakı «Şuşa» şadlıq sarayının inzibatçısı Elşad Qasımov isə inandırmağa çalışır ki, keyfiyyətli və yeni məhsullardan istifadə edirlər.

Şadlıq sarayı. Foto arxiv

«Bir-iki manata görə niyə keyfiyyətsiz məhsul almalıyıq?», – inzibatçı sual edir. O, AQTA-nın bütün restoranlar kimi, onlara da tövsiyələr verdiklərini qeyd edir: «Agentlik ilk növbədə təmizliyə, gigiyenik baxımdan qaydalara riayət olunmasını tövsiyə edir. Bundan başqa, saxlanma qaydaları ilə bağlı tələblər var, yəni nə, harada saxlanmalıdır və s. Hər bir restoranın öz siyasəti olmalıdır. Qida Təhlükəsizliyi Agentliyi yoxlama apardı-aparmadı, şadlıq sarayı, restoran öz imicinə görə təmiz, keyfiyyətli məhsuldan istifadə etməlidir».

Hərçənd, mütəxəssislər bu cür izahları qəbul etməyə tələsmirlər.

Zəhərlənmələrin səbəbi nədir

Kənd təsərrüfatı və ərzaq üzrə mütəxəssis Vahid Məhərrəmov qida zəhərlənməsinin səbəblərinin çox olduğunu söyləsə də, birinci növbədə bunu saxlama qaydalarının pozulması ilə bağlayır:

Buna da bax: 'Alıcılıq devalvasiyadan sonra kəskin aşağı düşüb'

«Toy şənlikləri üçün hazırlıq görülür. Böyük miqdarda ət, toyuq, balıq, tərəvəz alırlar. Məhsulun miqdarı çox olduğundan soyuducu kameralarda saxlamağa yer qalmır. Bundan başqa, meyvə-tərəvəz təmiz yuyulmur, bu da zəhərlənmələrə şərait yaradır».

REAL-ın icraçı katibi, iqtisadçı Natiq Cəfərli də toylarda qida zəhərlənməsini həm yay mövsümündə yeməklərin tez xarab olması, həm də saxlama qaydalarına əməl edilməməsi ilə izah edir: «Ciddi nəzarət olmayanda, saxlama qaydalarına riayət edilməyəndə də zəhərlənmələrə yol açır. Bir çox hallardasa restoranlar maya dəyəri ucuz olsun və daha çox gəlir götürsünlər deyə, daha keyfiyyətsiz və ucuz məhsullardan istifadə edirlər. Daha bir səbəbsə ictimai-iaşə obyektlərinə nəzarətin zəif olmasıdır».

İqtisadçı hesab edir ki, Qida Təhlükəsizliyi Agentliyi vaxtaşırı ictimai-iaşə obyektlərindən nümunələr götürərək yeməklərin tərkibini, keyfiyyətini yoxlamalıdır.

E.Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qabaqlar adətən bu cür kütləvi zəhərlənmələrin ictimailəşdirilməməsinə cəhd göstərildiyini söyləyir. Bunu da vaxtilə Səhiyyə Nazirliyinin məhsula sertifikat verməsi ilə izah edir: «Düşünürəm ki, bir-iki ilə yenə zəhərlənmələr gizlədiləcək. Qida zəncirində iştirak edənlər, yəni qidanın istehsalı, daşınması və s də iştirak edən qurumlar AQTA-da rüsum ödəməklə qeydiyyatdan keçməlidirlər. Sabah zəhərlənmə olanda restoran sahibi həmin sertifikatı Agentlik əməkdaşının qabağına qoyacaq ki, bunu sən vermisən. AQTA həm yoxlama aparır, həm də sertifikat verir, iki funksiyanın bir əldə cəmləşməsi ciddi problemdir, maraqlar toqquşmasına gətirib çıxarır».

Buna da bax: Kənd musiqiçisi: '35 yaşlı o qədər subay oğlanlar var ki...'

E.Hüseynov bunu da xatırladır ki, bir neçə il qabaq rəsmi qurumlar şadlıq evləri, restoranlarla bağlı standart hazırlasa da, buna əməl edən azdır. O, bunun səbəbini dövlətin istehlakçı siyasətinin yarıtmazlığı ilə əlaqələndirir. Üstəlik də, bazarın təhlükəli mallarla dolduğunu vurğulayır. Məsələn, AİB sədri bugünlərdə tərkibi, istehsalçısı məlum olmayan limonadlarla bağlı AQTA rəhbərliyinə müraciət etdiyini bildirir. Yeri gəlmişkən, E.Hüseynov bu içkilərin şadlıq saraylarında da süfrəyə verildiyini söyləyir.

V.Məhərrəmov da həm ölkəyə gətirilən, həm də ixrac olunan məhsulların keyfiyyətinə ciddi nəzarət olmamasından narazıdır: «Hətta ölkədən ixrac olunan kənd təsərrüfatı məhsullarının bir çox hallarda sərhəddən geri qaytarılması faktı ilə rastlaşırıq. Bu da onu göstərir ki, birincisi, məhsulun keyfiyyətinə nəzarət yoxdur, ikincisi də, saxlanmasına. Buna görə də zəhərlənmələr ola bilər».

E.Hüseynov bu duruma görə AQTA rəhbərliyini günahlandırır, işində şəffaflıq olmadığını iddia edir.

AQTA

AQTA-nın cavabı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) AzadlıqRadiosunun suallarına qısa yazılı cavab verməklə kifayətlənib. Cavabda deyilir ki, İsmayıllıda baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb, onun nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Agentlikdən bildirilir ki, qurum əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarətini həyata keçirir: «Əhalinin kütləvi qidalandığı məkanlar, ictimai-iaşə obyektləri, kafe və restoranlar da qida zəncirinin mühüm tərkib hissəsi olduğundan bu kimi yerlərdə də Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir».

AQTA bu sahədə fəaliyyət göstərən sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır. Vətəndaşlardansa ictimai-iaşə obyektlərində hər hansı nöqsana rastlanılsa, həmin müəssisələrdə qidaların tərkibi, keyfiyyəti ilə bağlı hər hansı şübhələri olsa, 1003 Çağrı Mərkəzinə zəng edib məlumat vermələrini xahiş edir.