Avqustun 3-də Özbəkistanın yaradıcı ziyalıları ilə görüşən prezident Shavkat Mirziyaev ölkədə dəbdəbəli toyları tənqid edib və əhalini sadə toylar keçirməyə çağırıb. Dövlət başçısının bu bəyanatından sonra qazancı toylardan çıxan onlarla adam işsiz qalıb. Restoranlar toy «repertuar»larında dəyişiklik etməli, bəzi avropasayağı xidmətlərdən imtina etməli olublar.
ÖZBƏK TOYLARINDA AVROPA RƏQSLƏRİ
36 yaşlı xoreoqraf Timur son günlərədək bəy və gəlinlər üçün toy rəqslərinə quruluş verməklə pul qazanırdı. Ancaq bu gün o, özünə başqa iş axtarmağa məcburdur.
Timur-un sözlərinə görə, prezident Mirziyaev-in əhalini toylarını israfsız keçirməyə çağırmasından sonra toy sahibləri onun xidmətlərindən imtina ediblər. O deyir ki, artıq bir neçə müştəri toy valsı dərslərini ləğv edib.
Timur bəy və gəlin üçün toy valsı və ya başqa bir xarici rəqs dərsinin bir saatına 50 min sum (12 dollar) alırmış. Bundan başqa, onun rəhbərlik etdiyi şou-balet də özbək toylarında çıxış edirmiş.
«Restoranlar ilk olaraq bizim rəqqasların ifasında Avropa nömrələrindən imtina etdilər. Bu rəqqaslar dövlət ansambllarında çalışırlar. Artıq iki aydır ki, maaş almırlar. Toylar onların birtəhər dolanmasına kömək edirdi. Ancaq indi rəqqaslarımızı bundan məhrum ediblər», – Timur deyir.
«Hələlik mən və qrupum Çimkentdə (Qazaxıstan) toylarda çıxış edirik. Özbəkistanda bu kampaniyanın bitməsini gözləyirik», – xoreoqraf söyləyir.
Avqustun 11-də Daşkənd vilayətinin Almalık şəhərinə gələn Ş.Mirziyaev burada da toylardan söz açıb və Almalıkda keçirilən toyları örnək göstərib.
«Bu toylarda şeir oxuyurlar, diskoteka musiqilərinə oynamırlar. Adamların başa düşdüyü mahnılar oxuyurlar. Qonaqlar bir lirik musiqi sədaları altında bir az oynayırlar, vəssalam. Daha Avropa rəqsləri, diskotekalar olmayacaq. Qoy heç olmasa bir az da bizim ənənələrimizlə rəqs etsinlər, daha yarıçılpaq vəziyyətdə yox», – prezident deyib.
60 MİLYONLUQ «LOVE STORY»
Prezidentin bu bəyanatından sonra əziyyət çəkən təkcə yerli rəqs qrupları deyil. «Love story» kimi tanınan minifilmlər çəkən bir yerli qrupun üzvü deyir ki, Mirziyaev-in bəyanatından sonra onlarla müştəri sifarişlərdən imtina edib.
Son illərdə özbək toylarında qonaqlara yeni evlənənlərin «sevgi hekayəsi» haqda minifilm göstərmək dəbə minmişdi.
Toyu keçən il olmuş Nigora öz toyu üçün «Love story»ni 60 milyon suma (14 min 440 dollar) sifariş etdiyini deyir. Onun sözlərinə görə, ailəsi bu toya ümumilikdə 40 min dollar pul xərcləyib.
«...Dekoratorlar, zalı canlı güllərlə bəzəyən adamlar, işıqlandırma mütəxəssisləri, karvinq ustaları (meyvə-tərəvəzi bədii şəkildə kəsib ona forma verən adamlar), buzdan fiqurlar kəsən ustalar var idi. Mənim toyumda təcrübəli saç ustaları, dərzilər və şirniyyatçılar işləyirdi. Onlar prezidentin qarşı çıxdığı dəbdəbəli toyların ayrılmaz hissəsidir. Onlarsız toy mərasimini təsəvvür etmək sadəcə qeyri-mümkündür», - Nigora deyir.
Tanınmış rəssam və geyim dizayneri Lola Saifi də eyni fikirdədir.
«Mən mütərəqqi prezidentin dünənki göstərişini anlamadım. Toy sahəsini məhv etmək nəyə lazımdır?», – deyə o Facebook-da yazıb.
O hesab edir ki, bu gün toylar bir çox özbəkistanlının yeganə gəlir mənbəyidir. O həmçinin deyib ki, zəngin adamların toylarından pul qazanan çox sayda insan həmin pula özləri və yaxınlarına yemək, geyim və dərman alır.
«MIRZİYAEV-DƏN İNCİMİŞƏM»
Bəzi ölkə sakinləri prezidentin bu bəyanatına qarşıdırlar. Anasının Daşkəndin «Urikzor» topdansatış bazarında mal satmaqla qazandığı pula toy etmək istəyən 25 yaşlı gənc deyir ki, prezidentin bəyanatından sonra ailəsi ziyana düşüb.
«Mən gəlinlə birlikdə düz bir ay toy rəqsi kursuna getmişəm. ... Ailəmiz şou-baletin və «Love story»nin pulunu əvvəldən verib. Biz gəlinin rəfiqələri üçün paltarlar və dekorasiyalar sifariş etmişik. Ancaq indi hamısı ləğv olunub. Mən Mirziyaev-dən incimişəm. O mənim dəbdəbəli toyuma mane olub», – həmin gənc deyir.
Ötən həftə prezidentin bəyanatından sonra internetdə toy və başqa mərasimlərin tövsiyə olunan keçirilmə qaydası yerləşdirilib.
Artıq özbək toylarında bəylə gəlinin valsı, birlikdə tort kəsmə, buket atma, «Love story» göstərmə kimi yeni adətlər tövsiyə olunmur. Qonaqların sayı da 200-300 nəfəri aşmamalıdır. «Yoy oşi» mərasiminə də 200-dən artıq adam çağırmamaq tövsiyə edilir. Minik maşınları yalnız bəylə gəlin üçün olmalıdır. Toylarda musiqi səs-küylü çalınmamalıdır.
Özbəkistan hökuməti bundan öncə də toyları öz nəzarətinə götürmək cəhdləri etsə də, ölkə sakinləri dəbdəbəli toylar keçirməyə davam edib.