Üç generala 44 il həbs cəzası istənildi

Natəvan Mürvətova

MTN işi üzrə 10 nəfərdən ibarət daha bir qrupun məhkəməsi yekunlaşmaq üzrədir. Aralarında üç nəfər generalın da olduğu bu qrupa fevralın 22-də prokuror cəza istəyib.

Keçmiş MTN-çilərin mühakiməsi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilsə də, onların işinə Bakı Hərbi Məhkəməsinin sədri və iki hakimi baxır.

Prokuror çıxışında deyib ki, keçmiş MTN-çilərə irəli sürülmüş ittihamlar – onların rüşvət alması, adamları hədələyib pullarını, əmlaklarını ələ keçirməsi və s. məhkəmədə zərərçəkmiş və şahid ifadələri ilə, başqa sübutlarla təsdiqini tapıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən generallar – Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov və nazirliyin Monitorinq Mərkəzinin rəhbəri olmuş Teymur Quliyevin hər birinə 16 il, Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovaya isə 12 il həbs cəzası istəyib. N.Mürvətova həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Prokuror bu qətimkan tədbirinin ləğvini və onun məhkəmə zalından həbs olunmasını təklif edib.

Digər təqsirləndirilən şəxslərdən S.Qurbanovun müavini olmuş Füzuli Əliyevə 15, Zaur MəmmədovNatiq Alıyevin hər birinə 14, Elşad Əzizova 8, Fərhad Atayev, Anar ŞirəliyevEşqin Əliyevin hərəsinə isə 7 il həbs istənilib.

***Buna da bax-'MTN-çilər başqalarına neyləmişdilərsə, onlarla da elə davrandılar'

Prokuror hesab edir ki, təqsirləndirilən şəxslər həm də onlara verilmiş rütbələrdən məhrum edilməlidir. Ona görə də üç nəfərin general rütbələrinin alınması üçün Prezident Administrasiyasına, digərləri ilə bağlı isə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) məhkəmənin təqdimat göndərməsini təklif edib.

İttihamlar arasında büdcədən agentura və əməliyyatlar üçün ayrılan vəsaitlərin mənimsənilməsi məsələsi də var. DTX bu mənimsəmə ilə əlaqədar təqsirləndirilən şəxslərə qarşı 1 milyon manatlıq mülki iddia qaldırıb. Prokuror onun da təmin edilməsini, təqsirləndirilən şəxslərin üzərində həbs olan əmlaklarının müsadirə olunmasını xahiş edib.

***Buna da bax-DTX-nın yaradılmasından 2 il ötdü - o zamandan nə dəyişib? [video]

Keçmiş MTN-çilərin məhkəməsi martın 1-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. MTN generalı Akif Çovdarov isə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilə qədər iş kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum edilib.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov isə 2017-ci ilin oktyabrında həbs edilib. Onunla bağlı istintaq davam edir. V.Mahmudov keçmiş nazirin köməkçisi olmaqla yanaşı, həm də əmisi oğludur.

Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə suçlanırlar.