Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilib, yerində Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətlərinin yaradılmasından 2 il ötür.
Həmin nazirliyin yüksək vəzifəli şəxslərinə qarşı adam oğurluğu və başqa ağır cinayətlər ittihamı ilə məhkəmə proseslərinin bəziləri hələ də davam edir.
Bəs, ötən iki ildə ölkənin ən vacib təhlükəsizlik orqanlarından olan dövlət təhlükəsizlik xidmətində hansı islahatlar aparılıb? Bu qurum ləkələnmiş imicinin bərpası üçün hansı işlər görüb?
Bu sualları təhlükəsizlik xidmətinə adi vətəndaşlardan daha çox bələd olan onun keçmiş əməkdaşlarından soruşmuşuq.
Buna da bax: 'MTN işi'ndə nə baş verir? [video]
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, hazırda Təhlükəsizlik Araşdırmaları Mərkəzinə rəhbərlik edən İlham İsmayıl düşünür ki, bu qurumun yenidən cəmiyyətin etibar qazanmasına vaxt lazımdır:
“Məxfi əməkdaşları son 11 il ərzində yönləndirildikləri istiqamətə yox, təhlükəsizlik məsələlərinə istiqamətləndirmək lazımdır. Bunun üçünsə əməkdaşlar öyrədilməli, plan tərtib olunmalı, yeni tapşırıqlar verilməlidir. Bu sahəni öyrətməksə hədsiz vaxt aparan məsələdir. Bundan başqa həm də bəzilərini ümumiyyətlə sıradan çıxarıb, yeni əməkdaşlar cəlb etmək lazımdır. Çünki vurulan zərbələrdən biri də bəzi məxfi əməkdaşların kimlikləri tam olmasa da qismən açıqlandı. Bütün bu dəymiş ziyanın bərpasına isə vaxt lazımdır”.
Buna da bax: 'Osminoqun bir qolu'
İlham İsmayıl əlavə edir ki, son iki ildə cəmiyyətdə DTX-dan şikayət edənə rast gəlməyib.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, hazırda Amerikada yaşayan Ərəstun Oruclu da düşünür ki, DTX-nı ayağa qaldırmağa illər lazımdır:
Buna da bax: Vəkil: 'Hacı Məmmədov xeyli sirləri özüylə apardı'
“Belə bir orqanın ayağa qaldırılması ilk olaraq, kadr siyasətindən asılıdır. Mədət Quliyev bu sahədə peşəkar biri deyil. Hətta o özü istəsə belə peşəkar, öz missiyasını icra edən bir orqan qura bilməz. Dövlət Təhlükəsizlik Xidmətinin konkret bir vəzifəsi var: Antiterror və əks kəşfiyyat. Velosiped turnirləri və digər idman yarışları ilə şou düzəltmək biabırçılıqdır. Bu cür tədbirlər DTX-nın imicinə, adına zərbədir, cəmiyyətdə gözdən salır”.
Buna da bax: Gözəl Bayramlı: 'Milyonlar yeyən generallar azadlıqdadır, məni isə ev dustaqlığına...'
Son iki ilki fəaliyyəti haqda DTX öz saytında xəbərlər yerləşdirib. Həmin xəbərlərdə qeyd edilir ki, DTX bu müddətdə terrorizmə qarşı əməliyyat aparıb, sərhəddən qanunsuz qızıl və saxta aksiz markası keçirənləri, radikal dini qruplaşmaları zərərsizləşdirib. Bundan başqa, qurum həm də veloyürüşlər və digər idman yarışları təşkil edib.
Ərəstun Oruclu hesab edir ki, bu tədbirlərdən yalnız antiterror, dini radikal qruplaşmalara qarşı keçirilən əməliyyatlar DTX-nın missiyasına daxildir. O da keçirilən əməliyyatlar şəffaf deyil və xeyli qaranlıq məqamlar var.
Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənib]
Millət vəkili Zahid Orucsa deyir ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü kimi DTX-dan daim məlumat ala bilir. Bəzi məlumatlar məxfi hesab olunduğundan ictimaiyyətə açıqlanmaması normal haldır. Ümumilikdə, Zahid Oruc DTX-nın işini yüksək qiymətləndirir:
“Çox mühüm bir qurumun nüfuzuna dəymiş ziyanın aradan qaldırılması üçün kadr formalaşdırıldı, peşəkarlar iş başına qaytarıldı. İkincisi bu qurumun iqtisadi fəaliyyətlərə, xüsusilə, sahibkarlara qanunsuz müdaxiləsinin qarşısı alındı. Üçüncü terror və digər fəaliyyətlərlə mübarizə gücləndirildi”.
Buna da bax: 'Vüsal Ələkbərov işi': Zərərçəkənlər: 'Pulları MTN polkovnikinə vermişik'
Müxalifətdə olan Müsavat partiyasının fəalı, hüquqşünas Elman Fəttah isə düşünür ki, Azərbaycanda istər indiki DTX, istərsə də əvvəlki MTN-nin bir məqsədi var. Dövlət təhlükəsizliyindən daha çox, hakimiyyətinin təhlükəsizliyini təmin etmək:
“1993-cu ildən bu yana – hakimiyyətə Əliyevlər gələndən bəri dövlət qurumlarının idarəetməsi hökumət maraqlarının müdafiəsinə transfer olunub. Xüsusilə də Milli Təhlükəsizlik Nazirliyi və ya indiki Dövlət Təhlükəsizlik Xidməti daima daxili siyasi proseslərdə hökumətin iştirakçısı olub, müxalifətə qarşı əməliyyatlar qurublar. Yəni, Dövlət Təhlükəsizlik Xidməti özünün peşəkar sahəsindən daha çox daxili siyasi proseslərdə hakimiyyətin təzyiq vasitəsi kimi fəaliyyət göstərir”.
Buna da bax: Ekspert: 'Çovdarov 3 ildən sonra 'üçdə bir'lə azadlığa da çıxa bilər'
Bunları yeni yaradılan dövlət təhlükəsizlik xidmətinin fəaliyyətinə prosesləri yaxından izləyən ictimai fəalların fikirləridir. Biz Bakıda təsadüfi rastlaşdığımız başqa vətəndaşları da müzakirələrə qatmışıq, onlardan soruşmuşuq ki, sizcə, MTN qalmaqalından sonra təhlükəsizlik orqanlarında hansı islahatlar aparılmalıdır?:
MTN-də əməliyyat 2015-ci ilin oktyabrında aparılıb. Elə həmin vaxt da o zamankı nazir Eldar Mahmudov postundan uzaqlaşdırılıb. Qurumun yüksək vəzifəli şəxsləri adam oğurluğu, vəzifə səlahiyyətindən istifadə və digər ağır cinayətlərdə ittiham olunublar. Nazirlik özü isə ləğv edilərək yerində iki dövlət orqanı - Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.
Buna da bax: Ekspert: 'Eldar Mahmudovu həbs eləmək prokurorluğun marağındadır'
Amma hökumətin tənqidçiləri hesab edirlər ki, adının istər DTX, istər də MTN olmasından asılı olmayaraq, bu qurum Azərbaycanda daha çox müxalifətçilərin təqibinə, siyasi hakimiyyətin qorunmasına çalışır.