Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur.
Ötən il 44 günlük İkinci Qarabağ müharibəsi zamanı istər hakimiyyət, istərsə də müxalif düşərgəsində tez-tez həmrəylikdən danışılırdı. Sonradan müharibədə Azərbaycanın qələbə qazanmasında əsas faktorlardan biri də məhz xalq birliyinin olması qeyd olundu. Bəs bu bir il ərzində Azərbaycanda daxili həmrəylik necə qorundu?
"Xalqımız cənab prezidentin yanında oldu"
Milli Məclisin Hüquqi siyasət və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, son bir ildə Azərbaycan xalqı bütövlükdə həmrəylik nümayiş etdirib: "Xalqımız cənab prezidentin yanında oldu, ordumuzla bərabər addımladı. Bu həmrəyliyimiz, 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də davam etdi. 2020-ci ildə döyüşlərin aktiv zamanı qaragüruhçu qüvvələr qınlarına çəkilmişdilər və xalqın qəzəbindən qorxaraq aparılmış əməliyyatlara sadəcə seyrçi mövqeyindən yanaşırdılar".
Buna da bax: İ.İbrahimli: 'Bu tayda mikrofonlar qurmuşduq, mitinqlər gedirdi, o taydakılar...'"2021-ci ildə donları yenidən açılıb"
Onun deməsinə görə, ancaq 2021-ci ildə onların donları yenidən açılıb: "Onlara pul verən qüvvələr tərəfindən hərəkətə gətirildilər. Həm sosial şəbəkələrdə, həm də Bakının ayrı-ayrı yerlərində aktivləşməyə çalışdılar. Lakin yetərincə qüvvəsi olmadığına görə onların addımları effekt yaratmadı".
Deputatın sözlərinə görə, Azərbaycanın dövlətinin əldə etdiyi diplomatik uğurlarına qısqanclıqla yanaşan və bəzi hallarda ona mane olmağa çalışan qüvvələr heç nəyə nail ola bilmədilər: "Kimsə həbsxanada olarkən aclıq elan etməklə, başqa birisi küçəyə çıxıb özünü döydürməklə diqqəti cəlb etməyə çalışırlar, prosesə mane olmağa cəhd göstərirlər. Amma alınmadı. Bütövlükdə xalqımız öz həmrəyliyini nümayiş etdirməkdədir. Mən tam əminəm ki, 2022-ci ildə dövlətimizlə xalqımızın vəhdəti, cəmiyyətimizin güclü olması yeni töhfələr verəcək".
"Birincisi, bu, seçkilərlə bağlı məsələdir"
Siyasi şərhçisi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda həmrəyliklə bağlı müəyyən fikirlər həmişə deyilir, amma, təəssüf, bu həmrəyliyə nail olmaq xeyli dərəcədə çətindir: "Çünki həmrəyliyi yaradan bir neçə amil var. Birincisi, bu, seçkilərlə bağlı məsələdir. Ölkədə mütləq mənada azad, demokratik seçki siyasi sistemi tənzimləyir. Ölkədə azad media və vətəndaş cəmiyyəti olarsa, bu, cəmiyyətdəki sosial münasibət sistemini tənzimləyər. Bir də, adət-ənənələrdən gələn əgər münasibətlər varsa, onlar da bir mədəniyyət münasibətlərini tənzimləyər".
Buna da bax: SSRİ ilə İran sərhədi belə pozulmuşdu..."Həmrəylik üçün mühit yoxdur"
Ekspertin fikrincə, Azərbaycanda demokratik seçki olmadığına görə siyasi münasibətlər sistemi pozulub: "Azad media, vətəndaş cəmiyyəti olmadığına görə sosial münasibətlər sistemi pozulub. Adət-ənənələrimizlə bağlı da çox ciddi problemlər var. Yəni hansısa törənlərə bağlı münasibətlər sisteminin qurulmasını təsəvvür etmək çətindir. Bu baxımından, həmrəylik üçün mühit yoxdur. Azərbaycanda biz bu barədə danışırıq, amma bunun legitim əsasları süni şəkildə dağıdılıb".
Xatırlatma
29 ildir ki, Azərbaycanda Həmrəylik Günü rəsmən qeyd edilir. Bu bayramın əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədinin dağılması zamanı qoyulub.
"Berlin divarı"nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında (SSR), həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərinin sökülməsi ilə bir-birlərinə sevgilərini bildiriblər. Elə həmin vaxt İstanbulda, Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verilib. 1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə bu qərar rəsmiləşdirilib.