Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:17

İ.İbrahimli: 'Bu tayda mikrofonlar qurmuşduq, mitinqlər gedirdi, o taydakılar...'


İ.İbrahimli
İ.İbrahimli

Dekabrın 31-də Azərbaycanda ikiqat bayramdır. Təqvim yenilənməklə yanaşı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir.

29 il öncə baş verənləri həmin günlərin şahidi, milli azadlıq hərəkatının üzvlərindən biri, keçmiş deputat İbrahim İbrahimli AzadlıqRadiosuna danışır:

- 1989-cu ilin noyabrında «Berlin divarı» söküldü. Bu divarların götürülməsi bütünlükdə dünyada yeni bir dəyişikliyə, tendensiyaya səbəb oldu, parçalanmış xalqların birləşməsi gündəmə gəldi. 1989-cu ildə Azərbaycanda həm də Meydan hərəkatının bir ili tamam olurdu. O zaman Naxçıvanda uzun müzakirələrdən sonra qərara alındı ki, həmin ildönümünü sərhəddə qeyd edək. Bu ideyanın müəllifi Əbülfəz Elçibəy idi. Həmin vaxt Baltikyanı ölkələrdə insanlar sərhədboyu əl-ələ tutaraq dayanmışdılar, «Berlin divarı»nın sökülməsini belə bayram etmişdilər. Əbülfəz Elçibəy də sərhədlərin götürülməsi, o tay-bu taylı Azərbaycanın bütövləşməsi ideyasını ortaya qoydu. Məqsəd sərhədə yürüş etmək, Araz çayı boyu qardaş-bacılarımızla danışmaq idi. Dekabrda sərhədlərə yürüşlər başladı. Orda çox qəribə mənzərə vardı. O taydan da, bu taydan da hamı qohum-əqrəbasını soruşurdu. Biri deyirdi ki, mənim bir xalaoğlum var, müharibə dövrü onu itirmişdik, filankəsdir, harada yaşayır, tanıyan varmı? Bir başqası deyirdi ki, qardaşım quzeydədir, adı budur, filan kənddə yaşayır, onu tanıyan varmı? Bu cür sifarişlər göndərilirdi, adamlar görüşürdülər.

- İbrahim bəy, sərhədə yürüş nə vaxtdan başladı?

- Dekabrın 4-dən. Bir il öncə Meydan hərəkatı dekabrın 4-də dağıdılmışdı. Onun dağıdılmasına etiraz olaraq bu proses başladı. Dekabrın 21-dək həftəboyu yürüşlər olurdu. Adamlar tapışırdı, danışırdı. Biz bu tayda mikrofonlar qurmuşduq, mitinqlər gedirdi, o taydakılar çıxışlara, çağırışlara qulaq asırdılar. Biz dekabrın 12-də «21 Azər» hərəkatını qeyd etmək üçün sərhədboyu əl-ələ tutub dayandıq. Bu, bir aksiya idi.

Azərbaycanlılar sovet sərhədini sökür (1-ci hissə)
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

- Sərhədçilər mane olmurdular?

- Sərhədçilərlə diskussiyalar, söhbətlər olurdu. Gəlib gedirdilər. Çox həyəcanlı, çox qorxulu anlar da yaşanırdı. Ancaq ümumən sərhədçilər müdaxilə etmirdilər, müşahidə edirdilər. Qərara gəlindi ki, dekabrın 31-də sərhəd simləri sökülsün. Belə də oldu. «21 Azər» hərəkatının qeyd olunmasından sonra sərhədlərdə çadırlar qurulmuşdu. Adamlar artıq sərhəddə gecələməyə başlamışdılar. Bu, sərhədlərin sökülməsinə hazırlıq idi. Nəhayət, dekabrın 31-də simlər söküldü. O taydan bu taya, bu taydan o taya keçənlər oldu. Sonradan bu hərəkatla bağlı müxtəlif fikrilər səsləndirildi, ona kölgə salmaq istəyənlər oldu. Amma bu, sadəcə, Meydan hərəkatının davamı idi. Bu, bütövləşmək uğrunda, həmrəylik uğrunda ilk cəhd idi.

- İbrahim bəy, bu gündən baxanda danışdıqlarınız inanılmaz, bəlkə də nağıl kimi səslənir. Necə oldu sovet və İran sərhədçiləri prosesə müdaxilə etmədilər, əlisilahlı olduqları halda qıraqda dayandılar?

- Burda ciddi müdaxilələr olurdu. Amma onlarla uzun müddət danışıqlar aparılırdı. Xatırlayırsınızsa, həmin vaxt Naxçıvanın özünə qoşun yeridildi. Bütün bunlar sovet imperiyasının çöküşü zamanı baş verirdi. O dövr haqda müxtəlif fikirlər söyləyə bilərlər. Amma mənə belə gəlir ki, sərhədin sökülməsi kütləvi olsa da, böyük bir ərazini əhatə etsə də, hər şey sistemli şəkildə getdi, ölüm-itim olmadı. İndiki gənclərə bütün bunlar xəyal kimi görünə bilər. Amma o günləri yaşayan biri kimi hər şeyi gözümlə görmüşəm. O prosesdə aparıcı şəxslərdən biri idim. Son 10 gündə çox az yatmaq imkanım olurdu. Sərhədboyu kəndlərə gedirdim, təbliğat aparırdım, necə davranmaq lazım olduğunu deyirdim. Proses mütəşəkkil, bir mərkəzdən idarə olunurdu. Bu da fəsadların qarşısını aldı.

Azərbaycanlılar sovet sərhədini sökür (2-ci hissə)
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

- Bu hərəkata kölgə salmaq istəyənlər oldu deyirsiniz. Sonradan bunu kiminsə sifarişi adlandıranlar da oldu. Kimlər idi kölgə salmaq istəyənlər?

- Sonradan sovet qoşunlarının Azərbaycana yeridilməsində həm Meydan, həm də bu hərəkatın təsiri olduğunu deyirdilər. Bu yanlışdır. Rus qoşunları bir Azərbaycana girmədi ki, Tbilisiyə də girdi, Vilnüsə də girdi. Sovet qoşunlarının mahiyyəti, xarakteri budur. Milli azadlıq hərəkatlarının qarşısını almağa çalışırdı. Ona görə sərhədlərin sökülməsi ilə sonradan qoşunun Azərbaycana yeridilməsi və ya fövqəladə vəziyyətin elan edilməsi arasında əlaqə tapanların yanaşması yanlışdır.

Mən ali təhsil alarkən Naxçıvandan Bakıya gəlib-gedəndə qatarda sərhədin o tayındakıları görərdim, çöldə-bayırda işləyənlər qatardakılara əl yelləyərdilər, biz onlara əl yelləyərdik. Sərhəddə yaşayanlar üçün dekabrda yaşananlar həyəcanverici idi. Bizim kənddə nə qədər insanın qohum-əqrəbası o tayda qalmışdı. Bir-biriylə əlaqə saxlaya bilmirdilər. Yalnız son illərdə məktublaşa bilirdilər. Məsələn, neçə-neçə adam mənə o taydakı ailələrinə məktub yazdırırdı. Biri vardı, qardaşı o tayda yaşayırdı, deyirdi ki, sən yaxşı obrazlı ifadələr işlədirsən, danışırdı mən də yazırdım. Pəri xala vardı, bacısına məktub yazdırardı... 1980-ci illərdə yaradılan dərnəklərdə bizim əsas müzakirə mövzumuz güneyli-quzeyli Azərbaycan idi.

- Sərhəd neçə gün açıq qaldı?

- Uzun müddət sərhəd açıq qaldı. Əslində, sərhədçilər yenə ordaydılar, məftilsiz sərhədə nəzarət edirdilər. Sərhəd simlərini götürmək bir simvol idi, bütövləşməyin, həmrəyləşməyin simvolu. Uzun müddət sökülmüş dirəklər, sökülmüş simlər ortalıqda qaldı. Xeyli adam o simdən xatirə olaraq götürdü. Mən də evdə saxlayıram. Necə ki almanlar «Berlin divarı»nın daşlarını xatirə olaraq götürüb saxlamışdılar. Həyəcanlı günlər idi. İnsanlar qucaqlaşırdılar, göz yaşlarına qərq olurdular. Qardaşını, bacısını, əmisi oğlunu, dayısı oğlunu tapanlar vardı. Bunu sözlə ifadə etmək çox çətindir. O zaman bunu lentə almaq çətin idi, dövlət qeydə almadı, deyəsən. Yalnız həvəskar operatorlar çəkdi. Bəzi kadrlarda mən də varam. Biz o tarixin yaradıcıları idik. Biz tarixi günü yaşayırdıq. O günün həyəcanı böyük idi. İndi də həyəcansız danışa bilmirəm.

- Nəhayət, 1992-ci ildə bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olundu və rəsmi bayram kimi qeyd edilməyə başladı. Sizcə, dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar həmrəydirmi?

- Türkiyədə Dünya Azəri Türk Dərnəyinin birinci qurultayı keçirilirdi və orda Azərbaycan Xalq Cəbhəsinin müraciəti oxundu. Qurultay Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qərar qəbul etdi, bəyanat verdi. Həmrəylik günü kimi məhz o zaman elan edildi. Sonradan dövlət səviyyəsində rəsmiləşdirildi. Mən bilən, biz hədəfimizə çatdıq, bu gün hakimiyyətdə kimin olub-olmamasına baxmayaraq. Bu gün Azərbaycanda iki cəbhə var: monarxiya tərəfdarları və cümhuriyyətçilər. Sülalə rejimi ciddi cəhdlə hakimiyyəti qorumağa çalışır, xalqın mənafeyinə zidd addımlar atmaqdan çəkinmir. Bu gün ölkədə dəyərlər və haqlar uğrunda mübarizə gedir. Siyasi və sosial baxımdan qütbləşmiş cəmiyyətdə həmrəylik yoxdur. Bu həmrəyliyin yaranmasına şərait də yoxdur. Çoxluq əzilməkdədir. Əzilənlərlə əzənlər arasında dərin uçurum var. Belə məmləkətdə həmrəylikdən söhbət gedə bilməz. Ölkədən qıraqda yaşayan, təhsil alan, işləyən azərbaycanlılar var, nə qədər güneyli, quzeyli Avropaya sığınıb. Onları bir araya gətirmək üçün bu ideya çox əvəzsizdir. Sərhəd hərəkatının məqsədi bütövləşmək, həmrəylik uğrunda ilk addım idi. Bu gün xalqın tarixi yaddaşına oturdu və bu gün bütövləşmək, həmrəylik ideyasının yaddan çıxmasına imkan verməyəcək.

XS
SM
MD
LG