'Bahalaşma iqtisadi artım tempini üstələyib'

Supermarket

Dövlət Statistika Komitəsinin (DSK) bu günlərdəki açıqlamasına görə, 2020-ci ilin yanvar-aprel aylarında istehlak məhsulları 3, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları ötən ilin eyni dövrü ilə müqayisədə 5.4 faiz bahalaşıb.

İqtisadçı Nemət Əliyev Azadlıq Radiosuna deyib ki, əvvəlki təcrübəyə görə, DSK-nın hətta reallığa uyğun açıqlamasına da şübhələnməmək olmur. Onun sözlərinə görə, xüsusi karantin rejimi dövründə (koronavirus pandemiyasına görə martın 24-dən Azərbaycanda karantin rejimidir) qeyri-ərzaq mallarına tələbat azalıb.

Buna da bax: 'Əsas səbəb Azərbaycanda kreditin bahalı olmasıdır'

Ekspertə görə, manat reallıqda öz alıcılıq qabiliyyətini itirir, bu da özünü əhalinin gəlirlərindəki nisbi artımların bahalaşma səviyyəsindən geri qalmasında göstərir. N.Əliyev vurğulayıb ki, bu dövrdə ÜDM 0.2 faiz artıb:

"Ümumi bahalaşma səviyyəsi..."

"Bu müqayisə özü hər şeyi ortaya qoyur. Bu isə o deməkdir ki, iqtisadi inkişaf əhəmiyyətli dərəcədə tənəzzül mərhələsi yaşayır. Bunu karantin rejimi ilə əsaslandırmağa cəhd etməsinlər. Ümumi bahalaşma səviyyəsi iqtisadi artım tempini üstələyib".

N.Əliyev

N.Əliyevin fikrincə, iqtisadi vəziyyət ağırdır. O hesab edir ki, bu vəziyyətdən çıxa bilmək üçün iqtisadi inkişaf yolunda olan maneələr aradan götürülməlidir.

"Əgər gəlirlər artıbsa..."

Ekspert vurğulayıb ki, DSK əhalinin gəlirlərinin artdığını bildirib. O xatırladıb ki, hökumət pandemiya ilə bağlı 3.5 milyard manatlıq paket həyata keçirdiyini açıqlayıb (Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı): "Əgər belədirsə, bu, özünü əhalinin gəlirlərində göstərməli idi...".

Buna da bax: AYİB: Azərbaycan iqtisadiyyatında 3 faiz azalma gözlənir

İqtisadçının açıqlamasına görə, aprel ayında əhalinin gəlirləri mart ayındakı gəlirlərindən az olub.

İqtisadçının fikrincə, hökumət əhalinin gəlirlərinin bahalaşma tempini üstələməsi siyasəti yürütməlidir. Onun sözlərinə görə, nə qədər ki hökumət bu prosesə nail ola bilməyib, o zaman əhalinin gəlirlərinə edilən artım həmişə bahalaşmanın yemi olacaq və əhalinin həyat şəraitini yaxşılaşdırmaq mümkün olmayacaq.

"Bahalaşma sürətlənəcək"

N.Əliyev qarşıdakı aylarla bağlı proqnoz verərək bahalaşmanın daha da sürətlənəcəyini söyləyib.

S.Rüstəmxanlı

Deputat Sabir Rüstəmxanlı da düşünür ki, DSK-nın açıqladığı rəqəmlər reallıqdakı bahalaşmadan aşağıdır: "Fikrimcə, bahalaşma göstərilən rəqəmlərin üstündədir və göstərilən rəqəmlərlə gerçəkdəki bahalaşma üst-üstə düşmür, bahalaşma daha çoxdur".

Onun sözlərinə görə, mövcud sıxıntılar, əlaqələrin kəsilməsi, alış-veriş məsələsində problemin yaranması da qiymətə təsir göstərir.

Buna da bax: 'Neft 80 dollar olmalıdır ki, ölkə rahat nəfəs alsın'

"...Bahalaşmalar nisbətən səngiyə bilər"

Deputata görə, daha bir məsələ ölkəyə idxal edilən malların əksəriyyətinin dollar və avro ilə alınmasıdır. S.Rüstəmxanlı hesab edir ki, bahalaşma qarşıdakı aylarda da davam edə bilər. Onun fikrincə, həm koronavirus pandemiyasının nə zaman bitəcəyinin məlum olmaması, həm də dövlətlərarası ticarət əlaqələrinin indiki durumu da belə düşünməyə əsas yaradır: "Fikrimcə, dünya iqtisadi əlaqələri pandemiyadan əvvəlki vəziyyətinə qayıtdıqda bahalaşmalar nisbətən səngiyə bilər...".

Bu fikirlərə, hələlik, DSK və hökumət rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 212 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 334 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə bu virusa yoluxanlardan (3749) 44 nəfərin öldüyü bildirilir.