Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:38

'Əsas səbəb Azərbaycanda kreditin bahalı olmasıdır'


Hökumət kredit borcu olanlara nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Hökumət kredit borcu olanlara nə vəd edir?

Son aylar ölkədə 4 bank bağlanıb. Həmin banklarda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil edib. Həmin vəsait Əmanətlərin Sığortalanması Fondu vasitəsilə qaytarılmalıdır. Hər halda, Mərkəzi Bankdan belə bildirilib. Amma bağlanan bankların yükü tək bununla bitirmi?

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli AzadlıqRadiosuna deyib ki, hər hansı kommersiya bankının bağlanması çox ağrılı bir prosesdir. Onun fikrincə, bu proses həm biznesə, həm bank əməkdaşlarına, həm də müştərilərə mənfi təsir göstərir. N.Bəydəmirlinin sözlərinə görə, ölkə banklarında belə vəziyyətin yaranmasına təsir edən bir neçə amil var:

N.Bəydəmirli
N.Bəydəmirli

"... Domino effekti yaranır, hansısa banklar çökməyə başlayır"

"Əsas səbəb Azərbaycanda kreditin bahalı olmasıdır. Depozit 10-12 faizlə qəbul edilir, Mərkəzi Bank bunun üzərinə öz faizini gəlir, kommersiya bankları iş adamlarına, əhaliyə bundan da yüksək faizlə verir. Biznes də bunu qarşılaya bilmir və iqtisadi böhranlar zamanı zəncirvarı domino effekti yaranır, hansısa banklar çökməyə başlayır. Nə zamana qədər ki, bizdə kredit baha olacaq, azad məhkəmə, hüquq və vəzifə bərabərliyi hamı üçün eyni olmayacaq, belə hallar baş verəcək".

N.Bəydəmirli hesab edir ki, daha bir səbəb banklarla bağlı real statistikanın gizlədilməsidir. Onun fikrincə, bəzi banklar statistikanı gizlətməklə problemin olmadığı görüntüsü yaratmaqla müştərilərdə etibar qazanmaq istəyirlər.

"Əmanətlərin sığortalanması ilə bağlı rəqəmlərin şişirdilməsi..."

İşadamı deyib ki, daha bir səbəb isə əmanətlərin sığortalanması faizi ilə bağlı rəqəmlərin şişirdilməsidir: "Tutaq, elan edirlər ki, sığortalanma 90 faizdir. Amma banklar bağlandıqdan sonra, əmanətlər qaytarılanda məlum olur ki, ən yaxşı halda 60 faiz sığortalanmayıb. Vaxtilə bağlanmış banklar olub ki, əmanətlərin heç 40 faizini belə müştərilərə qaytara bilməyib".

İşadamı iddia edib ki, belə proseslər olduqda əhali hətta sağlam banklardan da pullarını geri çəkirlər: "Odur ki, banklara inam, etibar azalıb və ya çox aşağı səviyyədədir. Bu itmiş inam və etibarın hansısa bir tez zamanda bərpasını mümkün saymıram".

R.Nurullayev
R.Nurullayev

"Əgər xarici bank olsa ..."

Deputat Razi Nurullayev da hesab edir ki, Azərbaycanda vətəndaşların banklara etibarı kifayət qədər deyil: "Əgər Azərbaycanda xarici bir bank fəaliyyət göstərsə idi, ölkə vətəndaşları pullarını o bankda saxlar, o bankla iş görər, onun kartını alardı...".

R.Nurullayev deyib ki, hazırda əmanətlər, əsasən, sığortalanıb. Onun fikrincə, bankların bağlanması əmanətlərin sığortalanmış hissəsi ilə bağlı əhalinin cibinə təsir göstərməyəcək, amma sığortalanmamış vəsaitlər varsa, burada problem yaşanacaq.

O, lisenziyası ləğv olunan bu dörd bankın bağlanmasının iqtisadiyyatın inkişafına bu və ya digər şəkildə təsir göstərməyəcəyini iddia edir: "Çünki bunlar, onsuz da, elə zərərlə işləyirdilər. Belə bir zərərlə işlədikləri vaxtda real iqtisadiyyata heç bir vəsait qoymurdular. Onlar daha çox əhalidən və ya sahibkarlardan pul vəsaiti qəbul edərək özlərinin disbalansını, kəm-kəsirlərini ört-basdır edirdilər".

Bu fikirlərə, hələlik, lisenziyası ləğv edilən banklardan münasibət almaq mümkün olmayıb.

Ekspert bankların ləgvini şübhəli addım adlandırır
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Mərkəzi Bank sədri nə deyirdi?

Amma mayın 13-də Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında lisenziyaları ləğv edilmiş "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC ilə bağlı yeni açıqlamalar verib.

E.Rüstəmov qeyd edib ki, sözügedən bankların sektorda payı yüksək deyildi. Onun sözlərinə görə, bu dörd bankda problemli kreditlərinin payı 73 faizdən çox olub.

Mərkəzi Bankdan bildirildiyinə görə, lisenziyası ləğv edilən banklarda ümumi əmanət portfelinin 99 faizdən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya olunur.

Xatırlatma

2020-ci il aprelin 26-da Mərkəzi Bank "AtaBank" ASC, "AmrahBank", ASC, "AGBank" ASC və "NBCBank" ASC-yə inzibatçı təyin edib. Mayın 1-də "Atabank" və "AmrahBank"ın lisenziyası ləğv edilib.

Bu həftə, mayın 12-də də "AGbank " və "NBCBank"ın lisenziyaları ləğv olunub.

Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilərkən Mərkəzi Bank belə açıqlama vermişdi: "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi"

Qalan iki bankın da lisenziyasının ləğvi, əsasən, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Amma həmin qurumlardan bu dəyərləndirməyə də hər hansı bir münasibət bildirilməmişdi.

2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda daha ciddi təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.

Bu ilin əvvəlindən də dünyada neft təxminən iki dəfədən çox ucuzlaşıb. Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür.

Hazırda Azərbaycanda 26 bank mövcuddur.

XS
SM
MD
LG