Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, sosial şəbəkələrdə uşaqpulu tələbi ilə mütəmadi hökuməti tənqid edən Aqil Hümmətov 10 il azadlıqdan məhrum edildi. Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Hümmətov yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə suçlu sayılıb.
Ancaq Hümmətov özünü təqsirli bilmir. Hökmdən öncə son sözündə də deyib ki, o, prezident İlham Əliyevin sifarişiylə, sosial şəbəkələrdəki tənqidlərinə görə həbs olunub. Onun sözlərinə görə, sifarişin icrası məqsədilə də təxribat hazırlanıb, o, zibil atmaq adıyla Məmmədovun yaşadığı evə çağırılıb. Hümmətov deyir ki, zərərçəkmiş Məmmədov özü özünə xəsarət yetirib, əvvəldən hazır vəziyyətdə olan polislər də dərhal o həyətə gəlib.
Buna da bax: 'İlham Əliyevdən soruşan lazımdır, nə vaxt o uşaqların problemləri ilə maraqlandın?!'Təcili yardıma kim zəng edib?
"İşdə yazılıb ki, guya təcili yardımı Yamən Məmmədovun anası çağırıb. Amma bizim araşdırmalarımız göstərdi ki, yalandır. Təcili yardıma zəng Xəzər Rayon Polis İdarəsindən İlhamın nömrəsindən gedib. Səhv eləmirəmsə, idarənin rəis müavinidir", – Hümmətov belə deyib.
AXCP üzvü tutulandan sonra işgəncələrə məruz qaldığını və ilkin etiraf ifadəsinə də bu təzyiqlər altında imza atdığını bildirib.
Hümmətovun vəkili Nemət Kərimli də müvəkkilinin təqsirsiz olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu işin ədalətli araşdırılması üçün zəruri ekspertizalar keçirilməliydi, amma məhkəmə müdafiə tərəfinin bu barədə vəsatətlərinin heç birini təmin etməyib.
Buna da bax: Həbsdəki cəbhəçinin xanımı: 'Üç körpə uşaq acdır'Məhkəmənin hökmü elan olunduqdan sonra Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti veriləcək: "Obyektiv araşdırma aparılmadı. Əgər normal araşdırma aparılsaydı, məlum olardı ki, Aqil Hümmətov ittiham olunduğu cinayəti törətməyib".
Xatırlatma
2021-ci ilin avqustundan həbsdə olan Aqil Hümmətov məişət tullantılarını çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı. O, bundan öncə də bir neçə dəfə inzibati qaydada həbs edilib, məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib. O zaman da Hümmətov özünü təqsirli bilmir, hökumətin ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyirdi.