Aqil Hümbətova 10 il həbs istənildi

Aqil Hümbətov

Sosial şəbəkələrdə uşaqpulu tələbi ilə çıxış edən AXCP üzvü Aqil Hümbətova 10 il həbs cəzası istənilib.

Noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib. Prokuror deyib ki, Hümbətovun yaşadığı Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməsi məhkəmədə sübuta yetirilib.

Buna da bax: 'İlham Əliyevdən soruşan lazımdır, nə vaxt o uşaqların problemləri ilə maraqlandın?!'

Təqsirləndirilən cəbhəçi isə prokurorun çıxışına etiraz edərək heç kimi bıçaqlamadığını, Məmmədovun onu həbs etmək məqsədilə hazırlanan planı icra etdiyini - özünə xəsarət yetirdiyini deyib.

Prosessual qaydalara görə, prokurordan sonra müdafiə tərəfi çıxış etməlidir. Hakim Samir Əliyev vəkil Nemət Kərimlidən təcili çıxış etməyini istəsə də, müdafiəçi çıxışa hazır olmadığını deyib. Vəkil çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona noyabrın 15-nə qədər vaxt verilib. Həmin gün vəkilin çıxışı və Hümbətovun özünün son sözündən sonra hökm oxunacağı gözlənilir.

Xatırlatma

Aqil Hümbətov 2021-ci ilin avqustunda həbs olunub. Ona qarşı CM-in 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Buna da bax: Həbsdəki cəbhəçi: 'Təqsirləndirilən yox, şərlənən şəxsəm…'

Həyat yoldaşı Aygün Hümbətova AzadlıqRadiosuna bildirib ki, Aqili zərərçəkmiş tərəf hadisə günü zibil atmağa çağırıb: "Aqil də gedib ki, onların zibillərini atsın. Birdən kişi onun üstünə cumub ki, "həyat yoldaşıma söz atırsan". Özünü yerə yıxıb, özündə olan bıçağı da çıxarıb qışqırıb ki, "məni vurdu". Hər şey əvvəldən planlaşdırılıb deyə, hazır vəziyyətdə olan polislər dərhal gəlib Aqili aparıblar".

Hümbətov bundan öncə də bir neçə dəfə inzibati qaydada həbs edilib, məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib. O zaman da Hümbətov özünü təqsirli bilmir, hökumətin ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyirdi.