NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elmir Abbasov deyir ki, cibindən çıxdığı iddia olunan narkotiki ora polislərin özləri atmışdı. Gənc fəal bu barədə martın 3-də Sumqayıt Apellyasiya Məhkəməsində danışıb. Məhkəmədə onun İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması) maddəsi ilə 1 aylıq həbs olunması haqda qərardan verilmiş şikayətə baxılıb.
Hakim Elman Əhmədov məhkəmə iclasına jurnalistləri, ictimaiyyət nümayəndələrini, hətta Abbasovun anasını da buraxmayıb. Vəkil Elçin Sadıqov bunu məhkəmənin açıqlığı prinsipinin pozuntusu kimi qiymətləndirib.
Buna da bax: Niyaməddin Əhmədov: 'Əvvəl məni Xətai polisində döydülər'Narkotik bölmədə tapılıb
Vəkil məhkəmədə 13 vəsatət qaldırıb. Onların arasında NİDA-çı gəncin tutulduğu yerdə olan obyektlərdə, polis idarəsində olan videokamera görüntülərinin alınıb araşdırılması, Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Rauf Babaşovun dindirilməsi, Abbasovun bədənindəki xəsarət izləri ilə əlaqədar tibbi ekspertizadan keçirilməsi kimi məsələlər də vardı. Hakim bu vəsatətlərin heç birini təmin etməyib.
İş materiallarında gənc fəalın Sumqayıtda 14-cü məhəllədə baş vermiş oğurluq hadisələrinə görə şübhəli bilinib saxlandığı, bölmədə üstündən narkotik tapıldığı iddia olunur. Abbasov özü isə bunun yalan olduğunu, mağazadan çörək alıb qayıdarkən mülki geyimli şəxslər tərəfindən tutulduğunu deyir. Onun sözlərinə görə, polislər onu saxlayıb, bölməyə getməli olduğunu deyəndə etiraz edib, rəsmi qaydada çağırış göndərilməsini istəyib. Bu zaman onu zorla tutub avtomobilə mindirib, Sumqayıt şəhər Polis İdarəsinə gətiriblər. Orada əvvəlcə rəis müavini Rauf Babaşov onunla söhbətləşib. Daha sonra 5 saata qədər idarədə saxlanılıb. Axşam saat 21:00 radələrində idarədən 4-cü polis bölməsinə aparılıb.
Buna da bax: 'Cəriməni ödəyəndən sonra buraxıldım'"Saxlandıqdan 5-6 saat sonra baxış keçirilib"
"Yolda artıq polislərin danışıq tərzi dəyişmişdi. Təhqir edirdilər, hədə-qorxu ilə danışırdılar. Səhv eləmirəmsə, Bəhruz adlı polis yaxamdan tutub silkələyə-silkələyə nalayiq ifadələr işlədirdi. Həmin polis maşından düşəndə də gödəkcəmdən tutub sürüyürdü. Bölmənin qarşısında məni vurur, təhqir edirdi. O yerdə bir nəfər guya məni onun əlindən almağa çalışdı. Narkotiki də həmin vaxt cibimə atıblar", – NİDA-çı gənc belə deyir.
Onun sözlərinə görə, polis bölməsinə daxil olan kimi kamera çəkilişi ilə cibindəkiləri çıxaranda ona məxsus olmayan bir büküm çıxıb. Həmin vaxt kamera önündə də deyib ki, bu bükülü ona məxsus deyil: "Dedim ki, bu şərləmədir. Tənqidlərimlə, fəaliyyətimlə əlaqədar şərlənirəm. Ona görə protokola da imza atmadım".
Vəkil Avropa Məhkəməsinin narkotiklə bağlı işlər barədə Azərbaycana qarşı çıxarılmış qərarları xatırladıb. Həmin qərarlarda göstərilib ki, saxlanılan şəxsin üzərində hətta yarım saat sonra baxış keçirilməsi artıq şübhələrə əsas verir. Çünki o müddətdə şəxs polisin nəzarəti altında olub: "Elmir Abbasovun üzərində saxlandıqdan 5-6 saat sonra baxış keçirilib".
Buna da bax: 'Hökumət koronavirusdan repressiya məqsədilə istifadə edir'Üç gün əvvəl prezidenti tənqid edib
Müdafiəçi vurğulayıb ki, fevralın 19-da tutulan Abbasov bundan üç gün əvvəl Facebook hesabında ölkə rəhbərliyi haqqında tənqidi fikirlər paylaşmışdı: "Baş verənlər deməyə əsas verir ki, bu onun yazdıqlarına polisin cavabıdır".
Sadıqov müvəkkili haqqında inzibati işə xitam verilməsi, polislər haqqında isə xüsusi qərar çıxarılmasını istəyib. Amma məhkəmə apellyasiya şikayətini təmin etməyib, 1 aylıq inzibati həbs qərarı qüvvədə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna Abbasovun polislər tərəfindən işgəncəyə məruz qalması haqda iddiaların həqiqətə uyğun olmadığını söyləyib.
27-yaşlı Elmir Abbasov fevralın 16-da Facebook hesabındakı paylaşımında prezident İlham Əliyevi tənqid edib, onun ölkədəki korrupsiyanın səbəbkarı olduğunu vurğulayıb.
Hakimiyyət təmsilçiləri isə ölkədə heç kəsin fərqli fikrinə görə təqibə məruz qalmadığını deyirlər. Beynəlxalq qurumların Azərbaycanda demokratiya sahəsində geriləmə ilə bağlı tənqidləri isə, bir qayda olaraq, rədd olunur.