Son vaxtlar karantin cərimələrinin dərhal ödənilməsi tələbi ilə bağlı şikayətlər artıb. İddia olunur ki, polislər karantin rejimi qaydalarının pozuntusu ilə bağlı protokol tərtib etdikdən sonra cəriməni yerində ödəməyi tələb edirlər. Buna etiraz edənləri isə polis bölmələrinə aparıb, özü və ya qohumu ödəyənə qədər saxlayırlar.
"Maska ala biləcəyim yer yox idi"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarından Orxan Səlimzadə deyir ki, fevralın 10-da Qaradağ rayonu, Qobustan qəsəbəsində tibbi maskadan düzgün istifadə etməməyə görə saxlanılıb. Haqqında İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə - karantin rejimi qaydalarının pozulmasıyla bağlı protokol tərtib olunub, 200 manat cərimələnib. Ardınca Qaradağ rayonu, 11-ci polis bölməsinə aparılıb: "Bölmədə kameraya saldılar, cəriməni ödəyəndən sonra buraxılacağımı dedilər. Onlara bildirdim ki, bu qanunsuzdur. Əhəmiyyət vermədilər. Cəriməni ödəyəndən sonra buraxıldım".
Səlimzadənin sözlərinə görə, həmin vaxt bölmədə eyni tələblə saxlanılan altı-yeddi nəfər başqa adamlar da vardı. Onlar, əsasən, inşaatda çalışan fəhlələr olub.
Səlimzadə cərimənin yerində ödənilməsi tələbini polis özbaşınalığı hesab edir. Deyir ki, fevralın 10-da polis bölməsindən buraxılandan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə də şikayət edib. Gələcəkdə məhkəməyə də müraciət etmək fikrindədir.
"2020-ci ilin sentyabrında mən inzibati həbsdən çıxanda təcridxanada mənə maska verməmişdilər. Oradan buraxılanda mindiyim avtobus düz 4-cü bölmənin qarşısında saxladı. İki nəfər polis məni bölməyə apardı. Orada nə qədər izah etdim ki, inzibati həbsdən çıxmışam, maska ala biləcəyim yer yox idi, xeyri olmadı. Karantin rejimi qaydalarını pozmağa görə protokol yazıb, cərimələdilər", – Səlimzadə belə deyir.
"Qanunvericiliklə ziddiyyət təşkil etmir"
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə cərimənin dərhal ödənilməsi tələbi ilə insanların polis bölmələrində saxlanması haqda deyilənləri təkzib edib.
"İnzibati xəta törətmiş şəxslərdən polis orqanında məcburi ödəniş tələb edilməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir. Hansısa şəxsin tərtib olunan protokolla bağlı narazılığı varsa, şikayət etmək hüququ var. Həmin şəxs barəsində müvafiq araşdırma aparıldıqdan sonra protokol tərtib olunaraq sərbəst buraxılır. Cərimə protokolu üzrə ödənişlə bağlı polis vətəndaşdan yerində ödəmək imkanının olub-olmamasını soruşa bilər. Bu, qanunvericiliklə ziddiyyət təşkil etmir", - nazirlikdən bildirilib.
İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində yazılıb ki, şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Qanuna əsasən, şikayət vermək üçün 10 günlük müddət müəyyənləşdirilib.
"Cəriməni ödəməyə məcbur etmək qanunsuzdur"
Vəkil Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, qanun şəxsə şikayət etmək hüququ verdiyinə görə cərimənin dərhal ödənilməsini tələb etmək olmaz. Mümkündür ki, şəxs məhkəməyə şikayət etsin və həmin qərar ləğv olunsun: "İnzibati xətaya dair protokolu tərtib edən polis əməkdaşı şəxsə cəriməni yerində ödəməyi təklif edə bilər, tələb edə bilməz. Şəxs istəsə, yerində ödəyə bilər, istəməsə yox. Cəriməni ödəməyə məcbur eləmək, bu məqsədlə polis bölməsinə aparmaq, orada saxlamaq qanunsuzdur. Bu cür rəftara görə şəxs qanunsuz saxlanmadan şikayət verə bilər".
Vəkilin sözlərinə görə, haqqında inzibati xəta protokolu tərtib olunanın şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadıqda polis bölməsinə aparıla bilər. Mustafayev vurğulayıb ki, hazırda polislərdə insanların şəxsiyyətini vəsiqə olmadan belə, yerində müəyyənləşdirməyə imkan verən vasitələr var. Ona görə bu məsələni aydınlaşdırmaq üçün polis bölməsinə aparmağa ehtiyac qalmır.