Cəlilabadda polis iki nəfəri – Rüfət Zaitov və İsmayıl İsmayılovu güllələyib. Güllə Zaitovun ayağından, İsmayılovun isə sinəsindən dəyib. Onlara qarşı külli miqdarda narkotik ittihamı irəli sürülüb. Amma özləri bu ittihamı rədd edir. Deyirlər ki, polisin onları güllələməsinin gerçək səbəbini ört-basdır etmək üçün bu ittiham uydurulub.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə prosesi Bakıda – Sabunçu rayon Məhkəməsinin binasında keçirilir.
"Guya havaya xəbərdarlıq atəşi açıb"
Cinayət işinin materiallarında iddia olunur ki, adları çəkilən təqsirləndirilən şəxslər Cəlilabad rayonunun Qarazəncir kəndi yaxınlığında yol kənarında gizlədilmiş narkotiki götürmək istəyəndə əvvəlcədən əməliyyat məlumatı olan polis onları yaxalayıb. Onlar qaçmaq istəyəndə Post Patrul Xidmətinin serjantı İlkin Həsənov "Makarov" tipli tapançadan atəş açıb. Güllələrin biri Zaitovun ayağına, biri maşının ön şüşəsindən İsmayılovun sinəsinə, daha üçü isə avtomobilə dəyib. Buna baxmayaraq, oradan uzaqlaşa biliblər.
Buna da bax: 70-yaşlı vətəndaş prezidenti məhkəməyə verir: 'Oğlumu döyüb öldürüblər...'Bakıya çatmağa az qalmış – Ələt postunda saxlanılıblar. Orada avtomobildən 3 kiloqramdan artıq narkotik tapılıb. Onları Cəlilabada qaytarıb, yenidən Qarazəncir kəndi yaxınlığındakı hadisə yerinə aparıblar. Oradan da əlavə iki bükümdə narkotik tapılıb.
Təqsirləndirilən şəxslər isə ittihamda yazılanların yalan olduğunu deyir. Onlar bildirirlər ki, onlar həbs olunan gün – 2020-ci il martın 21-də Cəlilabad polisi narkotiklərlə mübarizə görüntüsü yaratmaq üçün rayonda bir-birinə oxşar 7 əməliyyat keçirib.
Saxlandıqları vaxt nə üstlərində, nə də avtomobildə narkotik olmadığını vurğulayan Zaitovun sözlərinə görə, polis əməkdaşıyla aralarında mübahisə yaranıb. Bu zaman polis silahı çıxararaq onlara atəş açıb: "Yalan yazıblar ki, guya havaya xəbərdarlıq atəşi açıb. Yalandır. Yaxud da yazırlar ki, biz qaçanda maşına arxadan atəş açılıb. Bəs niyə maşının ön şüşəsində güllə yeri var, İsmayıl İsmayılov sinəsindən güllə yarası alıb? Gördük ki, özlərini belə aparırlarsa, heç bir günahımız olmadan bizi şərləyib həbs edəcəklər. Ona görə həmin anda maşına minib uzaqlaşmaq qərarı verdik".
Buna da bax: 'Rəis müavini döyməklə kifayətlənmədi, əynimdəki paltarları da cırdı'"Bir torba narkotiki özümüzlə Ələtə gətirdik?"
Zaitov deyir ki, Ələt postunda saxlayanda polislər görüb ki, onlar qan içindədir. Maşının açarını alıb, özlərini də xəstəxanaya aparıblar. Xəstəxanada ilkin tibbi yardımdan sonra Cəlilabad rayon Polis Şöbəsinə qaytarıblar. Bu müddətdə maşının açarı polislərdə olub: "Biz bilirik ki, arxamızca polislər gəlir, maşının şüşəsində güllə yeri var, bundan şübhələnib postda bizi saxlaya bilərlər. Bunları bilə-bilə biz bir torba narkotiki yolda atmadıq, özümüzlə Ələtə gətirdik? Tamamilə yalandır...".
Təqsirləndirilən şəxslərin hər ikisi işgəncəyə məruz qaldıqlarını, ilkin ifadəyə təzyiq altında imza atdıqlarını bildiriblər: "Yaramızı sıxırdılar, canımız çıxırdı. Məcbur olub, onların dediyi ifadəni imzaladıq. Bizi apardılar, guya narkotik tapıldığı yerdə də onların dediklərini təkrarlamağı tələb etdilər. Yaramızı sıxmaqla bizə işgəncə verildiyini həbs qərarı veriləndə məhkəmədə də dedik, fikir vermədilər".
Təqsirləndirilən şəxslərə qarşı əvvəl narkotiklə yanaşı, CM-in 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsi ilə də ittiham irəli sürülüb. Sonradan bu ittihama xitam verilib.
Məhkəmə prosesi davam edir.