37-yaşlı Rasim Ramazanov iki aydır ki, həbsdədir. O iddia edir ki, haqqında həbs qərarı çıxarılıb Bakı İstintaq Təcridxanasına köçürülən gündən orada işgəncə altındadır. Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınları bildirib ki, R.Ramazanov təcridxanada həyatının təhlükə altında olduğunu qeyd edərək, ailəsinə vəsiyyətnamə də yazıb.
O, baş verənlərə görə təcridxana rəhbərliyini, xüsusən Rəşad adlı rəis müavinini ittiham edir.
"Rəşad əllərimi qandalla çarpayıya, ağzımı da yapışqanla bağladı. Tabeliyindəki işçilərlə birlikdə məni təhqir edir, təpik və yumruqla döyürdülər. Bununla kifayətlənmədilər, rəis müavini əynimdəki paltarlarımı da cırdı. Məni üzərimə nəcis tökməklə, daim əllərim qandallı vəziyyətdə saxlamaqla hədələyir", – R.Ramazanov hüquq-mühafizə orqanlarına şikayət ərizəsinə belə yazıb.
Onun sözlərinə görə, iki aya yaxındır davam edən işgəncələrdən təcridxananın rəisi Elnur İsmayılov da xəbərdardır. Hələ oktyabrın 21-də ona müavini və işçilərinin hərəkətləri haqda ərizə yazıb, tədbir görülməsini istəyib: "Lakin tədbir görməkdənsə, mənim özümü cərimə kamerasına (kars) saldılar. Orada da əllərimi qandallayıb, işgəncə və təhqirləri davam etdirdilər".
"İnsana yaraşmayan hərəkətdir"
Ailə üzvlərinin sözlərinə görə, ikinci qrup əlil olan R.Ramazanov deyib ki, işgəncələrə son qoyulmasa, günahkarlar cəzalandırılmasa, intihara əl atacaq.
"Birincisi, adamın haqqında hələ hökm çıxarılmayıb, təqsirsizdir. İkincisi, hansısa əməli törədibsə belə, qanunda nəzərdə tutulmuş qaydada cəzasını çəkəcək. Kimin nə ixtiyarı var ki, adamlara işgəncə versin? Kimisə nəcislə hədələmək nəinki məmura, insana yaraşmayan hərəkətdir", - R.Ramazanovun ailə üzvləri belə deyir.
R.Ramazanovun yaxınları həm Penitensiar Xidmətin rəhbərliyinə, həm də prokurorluğa ərizə göndərildiyini, amma cavab ala bilmədiklərini vurğulayıblar.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, bu qurumun tabeliyindəki müəssisələrdə saxlanılan istənilən şəxsin şikayət və ərizəsinə həssas yanaşılır: "Penitensiar Xidmət saxlanılan şəxslərin şikayətləri ilə bağlı məsələyə ciddi yanaşır. Əgər müraciət edibsə, mütləq ona baxılacaq".
R.Ramazanov sentyabrın 17-dən həbsdədir. O, CM-in 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 182 (hədə-qorxu ilə tələbetmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.