Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində etiraz olaraq ülgüclə özlərinə xəsarət yetirən təqsirləndirilən şəxslərin təcridxanaya qaytarılandan sonra orada təzyiqlərə məruz qaldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna onların ailə üzvləri məlumat verərək bildirib ki, təqsirləndirilənlər Bakı İstintaq Təcridxanasında döyülüblər, cərimə kamerasına (kars) salınıblar: "Ötən məhkəmə iclasında onlar qanunsuz həbslərinə, məhkəmənin də normal araşdırma aparmamasına etiraz olaraq aclığa başladıqlarını elan eləmişdilər. Onlar məhkəmədən təcridxanaya qaytarılanda qışın günündə soyundurub karsa salmışdılar, hədələmişdilər. Ona görə ehtimal elədik ki, budəfəki hadisədən sonra da onları təcridxanada rahat qoymayacaqlar".
Fevralın 24-də təqsirləndirilən şəxslərin yaxınları Bakı İstintaq Təcridxanasına gedib. Onları təcridxananın rəisi Elnur İsmayılov qəbul edib, təqsirləndirilən şəxsləri də onun otağına gətiriblər: "Elə vəziyyətdə idilər ki, adamın ürəyi parçalanır. Nə qədər döyülüblər...".
Buna da bax: 'Həbsdə oğluma göndərdiyimiz pulun üstündən götürürlər'Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə AzadlıqRadiosuna Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərin döyülməsi haqda deyilənləri təkzib edib: "Onlara qarşı heç bir qanunazidd addım atılmayıb".
"Başqa çarə görmədilər"
Bu cinayət işində təqsirləndirilən şəxslərin sayı 11 nəfərdir. Onlar İŞİD-ə maliyyə yardımı, dini zəmində ekstremist hərəkətlər kimi əməllərdə suçlanır. Amma özləri də, ailə üzvləri də bu ittihamların əsassız olduğunu, ortaya heç bir mötəbər sübut qoyulmadığını bildirirlər.
Özünə xəsarət yetirənlərdən Samir Qurbanovun həyat yoldaşı Kəmalə İbadova deyir ki, o, qanunsuz həbsinə və məhkəmənin ədalətsizliyinə etiraz olaraq bu addımı atıb: "Həm yoldaşım, həm də digərləri görürlər ki, məhkəmə araşdırma aparıb ədalətli hökm çıxarmaq yox, başqa yol tutub. Ona görə də başqa çarə görmədilər. Görün onları hansı həddə çatdırıblar ki, özlərinə qəsd elədilər. Deyirlər ki, onsuz da hər gün özümüz həbsdə, yaxınlarımız da çöldə zülm çəkə-çəkə ölürük...".
Buna da bax: Gəncə işi: 'Təqsirsiz bir adamı göz görə-görə öldürüblər'İbadova vurğulayıb ki, öz ailələrini dolandıra bilməyən adamları İŞİD-ə pul göndərməkdə ittiham etmək absurddur: "Adam var, uşağı serebral iflicdir, heç müalicə elətdirə bilmir. Adam var, kənddə evi o qədər şəraitsizdir, ilan gəzir...".
"Hanı o sübutlar, qoysunlar ortaya"
Təqsirləndirilən 11 nəfərdən 8-i Tovuz rayonundandır. Onlardan biri Babək Məmmədlinin anası Esmira Məmmədova bildirib ki, oğlu da daxil olmaqla, 11 nəfərin həbsinin gerçək səbəbini öyrənmək üçün bir ilə yaxındır hər dəfə Tovuzdan Bakıya – məhkəməyə gəlib-gedir: "Məhkəmə deyil, şoudur. 11 nəfərin taleyi həll olunur, hakimlər, prokuror zarafatlaşır, deyib-gülüb yola verirlər. Adama "terrorçu", "İŞİD-çi" damğası vurmaq üçün çox ciddi əsaslar, sübutlar olmalıdır. Hanı o sübutlar, qoysunlar ortaya, mən də ana kimi, oğlumun cinayət törətdiyinə əmin olum, ondan sonra sakitləşim. Dözə bilmirəm axı, mənim ali təhsilli, rəssam balama heç nədən zülm eləyirlər. Nə var ki, "terrora qarşı mübarizə aparırıq" görüntüsü yaratsınlar...".
Buna da bax: Məhkumun müəmmalı ölümü1980-ci il təvəllüdlü Babək Məmmədli rəssamdır, uzun illər Ankarada bu istiqamət üzrə fəaliyyət göstərib. Anası vurğulayıb ki, oğlu Xocalı faciəsinin ildönümü ilə əlaqədar Ankarada öz rəsm əsərlərindən ibarət sərgi keçirib. Rəsm əsərlərindən əldə olunan vəsaiti isə oradakı ehtiyacı olan azərbaycanlılara paylayıb: "Mənim oğlum Dövlət Baxçalının, Atatürkün, Heydər Əliyevin, prezidentin ailəsinin, Elçibəyin, daha kimlərin portretlərini çəkməyib. Möhsün Yazıçıoğluna rəsmi verdiyi yerdə çəkilmiş fotosu da var. Babək millətçidir, türkçüdür, həm də müsəlmandır, namaz qılır, oruc tutur".
Bu cinayət işi üzrə təqsirləndirilən şəxslər 2019-cu ilin may-iyun aylarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunub. Onların işini 2020-ci ilin yayından Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdırır.