Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanaraq həbs olunan və noyabrın 30-da təcridxanada vəfat edən Müşfiq Qurbanovun ailəsi onun ölümü ilə əlaqədar məhkəmədə iddia qaldırmaq niyyətindədir. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib: "Təqsirsiz bir adamı göz görə-görə öldürüblər, necə sakit oturaq? Özləri də bilirdilər ki, Müşfiq xəstədir, səhhətində çox ciddi problemlər var. Adamı heç bir sübut-dəlil olmadan iki ildən çox həbsdə saxladılar, müalicədən məhrum elədilər. Bilirdilər ki, ürəyində problem var, epilepsiya xəstəsidir, psixi durumu qaydasında deyil. Sənədlər də var. Əhəmiyyət vermədilər, axırı da belə oldu. Sübut çatışmazlığına görə Moskva məhkəməsi onu uzun müddət Azərbaycana vermirdi".
Vəsatət qaldırılıb, amma...
Ailəsi hesab edir ki, 43-yaşlı M.Qurbanova münasibətdə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsi pozulub: "Yerli məhkəmələr şikayətimizi təmin etməsə, Avropa Məhkəməsinə müraciət edəcəyik".
M.Qurbanovun vəkili Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin sağlıq durumunun yaxşı olmadığından istintaq orqanı da, məhkəmə də məlumatlı idi. Çünki cinayət işinin materiallarında da bu barədə sənədlər var. Məhz səhhətindəki problemləri əsas gətirərək həm istintaq dövründə, həm də məhkəmədə onun ev dustaqlığına buraxılması üçün bir neçə dəfə vəsatət qaldırmışdı. Bu vəsatətlərin heç biri təmin olunmamışdı:
"Onun ev dustaqlığına buraxılması haqda vəsatətlərimi əsaslandıranda da deyirdim ki, özü xəstədir, həbsindən əvvəl ona ailə üzvləri qulluq edirdi. İki azyaşlı uşağı var. Nə ölkədən getmək imkanı var, nə də sübutlara təsir göstərmək. Yəni, istintaq və ya məhkəmə dövründə onun ev dustaqlığında olması prosesə heç bir mənfi təsir göstərməyəcək. Təəssüf ki, vəsatətlərimiz təmin olunmadı. Müşfiq də vəfat etdi...".
Bu işlə bağlı təcridxanada vəfat edən üçüncü şəxsdir
M.Qurbanov Gəncə hadisələrinə görə həbs olunanlar arasında üçüncü adamdır ki, təcridxanada vəfat edir. Ondan öncə 2019-cu ilin iyulunda Aydın Qurbanov, sentyabrında isə 28-yaşlı Eşqin Quliyev eyni aqibətlə üzləşmişdi. Penitensiar Xidmətin rəsmi açıqlamasına görə, E.Quliyev infeksion, A.Qurbanov isə onkoloji xəstəlikdən vəfat edib.
Adları çəkilən üç nəfərdən yalnız E.Quliyevin ölümündən az əvvəl haqqında məhkəmə hökmü çıxarılmışdı. A.Qurbanov öləndə istintaq altında idi. M.Qurbanovun isə məhkəməsi təxminən bir ay öncə başlamışdı, hələ heç özü məhkəmədə ifadə verməmişdi. Qısaca olaraq, təqsirsiz olduğunu, icra başçısına qarşı sui-qəsdin təşkilində suçlanan Yunis Səfərovu, ümumiyyətlə, tanımadığını bildirmişdi.
E.Quliyev də məhkəməsində təqsirsiz olduğunu, Gəncə hadisələri zamanı polis zabitlərini öldürməkdə suçlanan Rəşad Böyükkişiyevi, sadəcə, tanıdığına görə həbs edildiyini deyirdi.
"Pasportu yoxdursa, ölkədən necə qaça bilər?"
Hüquq müdafiəçisi Samirə Ağayeva deyir ki, məhkəmələr həbs-qətimkan tədbiri qərarı çıxararkən həssas yanaşmalı, hər bir şəxsin sağlıq durumundan tutmuş, onun şəxsiyyətini səciyyələndirən halları mütləq nəzərə almalıdır: "Təəssüf ki, bizdə məhkəmələr fərdi yanaşmır, prokurorluq həbs-qətimkan tədbiri üçün təqdimat veribsə, onu təmin edir. Qərarda da ümumi şəkildə yazılır ki, "istintaqdan qaçıb gizlənə bilər, şahidlərə təsir göstərə bilər" və s. Qərarlara baxanda görürsən ki, eyni cümlələrdir. Bunu yazmaq kifayət deyil, həm də əsaslandırmaq lazımdır. Pasportu yoxdursa, ölkədən necə qaça bilər?".
Hüquq müdafiəçisinin sözlərinə görə, hakimlərin hər bir işi dərindən araşdırmadan həbs qərarı verməsi sonda M.Qurbanov kimi, hələ təqsiri sübuta yetirilməmiş, haqqında ittiham hökmü çıxarılmamış şəxslərin həbsxanada ölməsi ilə nəticələnir.
S.Ağayeva xatırladıb ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalar, Avropa Məhkəməsinin qərarları da yerli məhkəmələrə həbs-qətimkan tədbirini mümkün qədər az tətbiq etməyi tövsiyə edir. Çünki həbs-qətimkan tədbirlərin arasında ən ağırıdır və çox zəruri olduqda tətbiq edilməlidir: "Avropa Məhkəməsi hətta ağır və xüsusilə ağır cinayətlərdə belə, heç də həmişə həbs-qətimkan tədbiri seçməyi tövsiyə etmir. Çünki bu şəxsin gələcəkdə bəraət almaq ehtimalı da var. Onu əvvəldən həbsdə saxlamaq üçün çox ciddi sübutlar olmalıdır".
35-40 faiz azalma var
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev AzadlıqRadiosuna bildirib ki, prezidentin 2017-ci ilin fevralında cəza siyasətinin humanistləşdirilməsi və 2019-cu ilin aprelində məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqda fərmanlarından sonra bu istiqamətdə irəliləyiş var. Onun sözlərinə görə, son üç ildə həbs-qətimkan tədbirlərinin seçilməsi halları əvvəlki dövrlə müqayisədə 35-40 faizə qədər azalıb: "Əvvəl böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərdə ittiham olunan şəxslər haqqında da tez-tez həbs-qətimkan tədbiri seçilirdi. İndi isə böyük ictimai təhlükə törətməyən cinayətlərlə bağlı 99 faiz hallarda alternativ qətimkan tədbiri seçilir. Az ağır cinayətlərdə də bu göstərici 70-75 faizdir. Bəzən ağır və xüsusilə ağır cinayətlərdə də həbs yox, başqa qətimkan tədbiri seçilir. Bu kateqoriyadan cinayətlərdə faiz yüksək olmasa da, var".
Ə.Nuriyev də o fikirdədir ki, istənilən halda, hakim həbs-qətimkan tədbiri ilə bağlı qərar verərkən məsələyə fərdi yanaşmalıdır: "İstintaqdan yayınma ola bilərmi, onun azadlıqda qalması sübutların toplanmasına nə dərəcədə təsir göstərər - bunlar mütləq nəzərə alınmalıdır. Ümumiyyətlə, hər bir istintaq işinə və hər bir şəxsə münasibətdə fərdi yanaşma vacibdir. Ali Məhkəmənin Plenumumun həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı qərarı var, orada da bu vurğulanır".
"Gəncə işi" ilə bağlı digər yazılar
- Y.Səfərov: 'Məni döyənlər arasında həm polis, həm də mülkigeyimlilər vardı'
- Gəncənin deputatına qarşı sui-qəsd iddiası...
- Yunis Səfərov: 'Düz Elmarın yanına gəldim... Silahı çəkdim, açılmadı'
- Yunis Səfərov icra başçısını niyə güllələdiyini açıqladı
- Gəncə işi: '3-yaşlı oğlumun paltar şkafına qumbara qoydular'
- Gəncə işi: 'Qardaşımın meyitinə görə bizdən 500 manat pul istədilər'
- 'Yunisin qayınatasına dedik ki, Elmar Vəliyevi öldürmək istəyir'
- Güllələnmiş icra başçısının nümayəndəsi: 'Elmar Vəliyev heç özünü tanımır...'
- Yunis Səfərov ifadə verməkdən imtina etdi: 'Jurnalistlər buraxılmalıdır...'
- 'O hadisə terror yox, gəncəlilərə edilənlərin qisası idi...'