AstraZeneca farmaseptik şirkəti koronavirus vaksininin son mərhələ sınağını dayandırıb. Səbəb vaksin vurulmuş bir könüllünün izaholunmaz xəstəliyə tutulmasıdır.
Şirkətin Oksford Universiteti ilə birlikdə hazırladığı dərman COVID-19-a qarşı vaksin adına namizəddir.
AstraZeneca sentyabrın 8-də bildirib ki, könüllü xəstələnəndən sonra standart yoxlama prosesi başlanıb və şirkət “müstəqil komitənin təhlükəsizlik datasını yoxlamadan keçirməsi üçün vaksinasiyaya fasilə verib”.
Buna da bax: 139 yeni yoluxma aşkarlanıb, 1 ölüm
“Rutin addım”
Şirkət bunu “rutin addım” adlandırıb, sınaqlar zamanı izaholunmaz xəstələnmə baş verərsə, görülməli olduğunu bildirib.
Fasilə şirkətin Birləşmiş Ştatlarda, eləcə də Britaniya, Braziliya və Cənubi Afrikadakı sınaqlarına aiddir. ABŞ-da 30 min nəfər üzərində tədqiqat aparılır.
“Stat News” xəstələnən könüllünün tezliklə sağalacağının gözlənildiyini bildirib.
AstraZeneca Birləşmiş Ştatlarda 3-cü sınaq mərhələsi aparan üç şirkətdən biridir. Digər iki potensial vaksinləri Pfizer və Moderna həyata keçirir.
İlk dəfədir ki, təhlükəsizlik təhqiqatı məqsədilə sınaqlara fasilə verildiyi açıqlanır.
Elə bu açıqlama yayılan gün AstraZeneca səkkiz başqa dərman şirkətilə birlikdə vahid birgə bəyanatlarında elmlə məşğul olmağa, siyasətdən yayınmağa boyun olublar.
Şirkətlər bunu “tarixi vəd” adlandırıblar, çünki vaksinin əldə olunması üçün siyasi təzyiq səbəbindən təhlükəsizlik standartlarının gözardı oluna biləcəyi narahatlığı var.
Buna da bax: ABŞ-da seçki kampaniyasında vaksin söhbəti
Braziliyada vaksin məcburi olmayacaq, amma...
ABŞ Prezidenti Donald Trump vaksinin 3 noyabr prezident seçkisinə qədər hazır ola biləcəyinə eyham vurub.
Braziliyanın səhiyyə naziri vəzifəsini icra edən Eduardo Pazuello isə 2021-ci ilin yanvarında braziliyalıların hamısı üçün COVID-19 vaksininin əlçatan ola biləcəyini deyib. Pazuello hansı vaksindən söhbət getdiyini açıqlamayıb.
Prezident Jair Bolsonaro sentyabrın 8-də bildirib ki, vaksinasiya məcburi olmayacaq, ancaq hökumət vaksin kampaniyası aparacaq.
Braziliya 4,1 milyon yoluxma ilə dünyada üçüncü yerdədir. Bu həftə Hindistan onu geridə qoyub. Bu ölkədə sentyabrın 8-də 75 mindən çox yoluxma təsdiqlənib.
Braziliyada indiyədək COVID-19-dan 127 mindən çox ölən olub. Hindistanda isə 72 mindən çox ölü sayı açıqlanıb.
Dünya üzrə yeni növ koronavirusa 27 milyondan artıq yoluxma təsdiqlənib, 870 minə yaxın ölüm qeydə alınıb.