Birləşmiş Ştatlarda koronavirusa qarşı vaksin yarışı seçki kampaniyasında əsas məsələyə çevrilməkdədir. Ölkədə yoluxmalar bir günə 25 mindən çox artıb, ölüm halları isə 190 minə yaxınlaşır.
“Ehtiyatsız antivaksin ritorikası”
Prezident Donald Tramp demokratları vaksini “yetərincə dəyərləndirməmək”də ittiham edib. Tramp 3 noyabr prezident seçkisinə qədər vaksinin əldə olunacağını deyib. O, demokratların vitse-prezidentliyə namizədi Kamala Harrisin siyasi məqsədlərlə “ehtiyatsız antivaksin ritorikası” apardığını deyib.
“Onların dediyi ölkəmiz üçün çox təhlükəlidir, amma vaksin təhlükəsiz və çox effektivdir”, – prezident Ağ evdə mətbuat konfransında vurğulayıb.
Tramp oktyabradək vaksinin hazır olacağını desə də, alimlərin o vaxtadək peyvəndin effekti və təhlükəsizliyindən əmin olub-olmayacağı bəlli deyil.
Respublikaçı prezident iqtisadiyyatı tam bərpa etməyə çalışır və iddia edir ki, demokratlar ona siyasi zərbə vurmaq istəyirlər.
Demokratların prezidentliyə namizədi Co Bayden isə Harrisin sözlərinə qüvvət verərək deyib ki, adamların könülsüz şəkildə peyvənd olunacağından narahatdır, çünki Tramp “ictimai inamı zərbə altında qoyur”.
77 yaşlı keçmiş vitse-prezident deyib: “Əgər mən sabah peyvənd əldə edə bilsəydim, buna gedərdim, hətta mənə seçkiyə başa gəlsəydi belə. Bizə vaksin lazımdır və bizə indi lazımdır”.
Üç vaksin sınaq mərhələsində
ABŞ-ın aparıcı infeksionisti Antoni Fauçi (Dr. Anthony Fauci) isə ötən həftə deyirdi ki, vaksin tapmaqdan ötrü siyasi təzyiq hiss eləmir. O, vaksinlə bağlı elmi tədqiqatın normal axında getdiyini, vaksinin gələn ilin əvvəlinə hazır olacağını söyləyib.
Hazırda Birləşmiş Ştatlarda üç vaksin üçüncü sınaq mərhələsindədir. Tədqiqatın hər birinə 30 minədək insan cəlb olunub. Onlara üç həftəlik fasiləylə iki dəfə peyvənd vurulur və bir həftədən iki ilədək müddət ərzində hər hansı yan təsirlər öyrənilir.
Dünya üzrə də saysız vaksin layihələri həyata keçirilir, çoxları uğur qazandıqlarını bildirirlər.
Sentyabrın 8-də Yaponiya hökuməti koronavirus vaksinlərinin əldə olunmasına fövqəladə büdcə ehtiyatlarından 671,4 milyard yen (6,32 milyard dollar) ayırmağı təsdiqləyib. Hökumət gələn ilin sonunadək hər bir vətəndaş üçün pulsuz vaksin təmin etməyə ümid bəsləyir.
ABŞ-da yoluxmalar 6,3 milyonu keçib, 189 min 208 nəfər vəfat edib.
Braziliyada pandemiyadan başlanandan koronavirusa 4,15 milyon nəfər yoluxub, 126 min 960 nəfər vəfat edib.
Hindistanda 4,2 milyon yoluxma təsdiqlənib və dünyada bu göstərici üzrə Braziliyanı keçərək ABŞ-dan sonra ikinci yerə çıxıb.