Bu gün – sentyabrın 8-də Çin liderləri koronavirus üzərində qələbəni təntənəli şəkildə qeyd ediblər. Dünyada isə milyardlarla insan virusun təsirindən əziyyət çəkir, qlobal yoluxma sayı 27 milyonu, ölü sayı isə 890 mini keçib. Pandemiyanın zəifləməsinin əlaməti də görünmür.
Ötən ilin sonunda virusun ilk dəfə peyda olduğu Çin isə artıq uğur hekayətindən danışır. Ölkə yoluxmaları bir sıra sərt karantin tədbirləri və səyahət qadağaları ilə önləyə bilmişdi.
Prezident Si Cinpin (Xi Jinping) tibb işçilərini mükafatlandırma mərasimində deyib ki, Çin “qeyri adi və tarixi sınaq”dan keçib.
“Biz koronavirusa qarşı xalq müharibəsində ilkin uğuru tez əldə etdik. İqtisadi dirçəliş və Covid-19-a qarşı mübarizədə dünyada öndə gedirik ”, – Si vurğulayıb.
Bu arada Pekin vaksinlərlə bağlı da uğur qazandığını iddia edir. Bu həftə ilk dəfə olaraq Çində hazırlanan Covid-19 vaksinləri Pekində ticarət yarmarkasına çıxarılıb və hakimiyyət peyvəndlərin ilin sonunadək təsdiqlənəcəyinə ümid edir.
Buna da bax: Rusiya Belarusu ‘almaq istəyir’ – Qərb mediası
Yarım milyarddan çox insan...
COVID-19 pandemiyası dövründə dünyada ən həssas qruplardan yarım milyarddan çox insan internetsiz qalıb. Bunu isə ABŞ-ın “Gallup” sorğu mərkəzi üzə çıxarıb. Bu qruplar əsas yemək və sığınacaq ehtiyaclarını ödəmək üçün çarpışan insanları əhatələyir.
Tədqiqat dünyada ən həssas qruplarla ən az həssas qruplar arasındakı rəqəmsal uçurumu üzə çıxarıb. Dünya əhalisinin yüksək həssas qrupunda hər dörd nəfərdən birindən də azı (24%) kompyuter, mobil telefon, yaxud başqa bir cihaz vasitəsilə internetə çıxış əldə etdiyini söyləyib. Ən az həssas qrupda isə 74%-in internetə çıxışı olub.
Yüksək həssas qrupda olanlar deyirlər ki, ötən il yemək, yatacaq tapmadıqları vaxtlar olub, üstəlik, çətin anlarda onlara kömək edəcək ailə və dostları da yoxdur.
Az həssas qrupa aid insanlar isə ötən il ərzində yemək, sığınacaq üçün mübarizə apardıqları anların olmadığını, üstəlik, çətin məqamlarda onlara köməyə gələcək ailə və dostlarının da olduğunu bildirirlər.
Buna da bax: ABŞ-da seçki kampaniyasında vaksin söhbəti
15,3 trilyon dollarlıq ziyan
COVID-19 epidemiyası nəticəsində tədrisin pozulması bacarıq itkisinə, bu isə qlobal iqtisadi hasilatda əsrin sonunadək 1,5 faiz azalmaya səbəb olar. Bu hesablamanı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) aparıb.
Məsələn, Birləşmiş Ştatlar üçün bu, 15,3 trilyon dollarlıq itki deməkdir. Təhsil gələn tədris ilində də pozulsa məbləğ böyüyə bilər.
“Öyrənmə prosesində itki bacarıq itkisinə aparacaq, insanların bacarıqları isə onların produktivliyinə bağlıdır”, – sentyabrın 7-də açıqlanmış hesabatda deyilir.
COVID-19 pandemiyası dünyada bir çox ölkələrin məktəbləri 10 həftəyədək, yaxud dərs ilinin üçdə birinə bərabər müddətdə bağlaması ilə sonuclanıb.