Deputat: 'Az qala, ata Əliyevdən oğul Əliyevə qarşı yararlanmaq xətti seçilir'

Z.Oruc

"İlham Əliyevin məqsədi Sərsəng su anbarından Xudafərinə qədər təhlükəsizlik zolağını yaratmaq idi".

AzadlıqRadiosu deputat, Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucdan müsahibə alıb.

- Zahid bəy, 2016-cı ilin fevralında İranla Azərbaycanın Araz çayı üzərində hidroqovşaq və su elektrik stansiyalarının tikilməsi ilə bağlı sazişini parlament ratifikasiya edəndə onun lehinə səs vermisiz. Sizcə, bu layihə nə qədər əsaslandırılıb?

- Məsələ Milli Məclisdə müzakirə olunarkən bir neçə deputatın çıxışı olub. Bu sırada bizim İranın yürütdüyü dövlət siyasətini, xüsusən də Ermənistanla da məlum əlaqələrini qınayan mövqeyimiz olub. Amma son nəticədə sözügedən layihələrin nə üçün Azərbaycanın mənafeyinə uyğun olduğunu dəyərləndirmişik. Hesab edirəm ki, indiki şəraitdə məsələ ilə bağlı aparılan kampaniyada xeyli maraq daşıyıcıları var və bunu görməmək mümkün deyil.

- Sazişdə körpü tikilməsi məsələsi də vardımı?

- Sovetlər Birliyinin dağılmasından sonra hələ də onun mirası ətrafında müxtəlif xarakterli, regional, dövlətlərarası problemlər yaşanmaqdadır. Bu, yalnız bizim aid olduğumuz coğrafi areala xas deyil. Orta Asiyada Fərqanə vadisi ətrafında, Amudərya, Sırdərya üzərində Özbəkistan, Qırğızıstan, Qazaxıstan arasında yaşanan problemlər hamıya bəllidir. O biri yandan, 1954-cü ildə Krımın Ukraynaya verilməsi fonunda iki slavyan ölkəsi arasında yaşanan müharibə də sübut edir ki, Sovetlər Birliyinin dağılmasından sonra onun mənfi mirası ortaya çıxdı. Bizə gəldikdə, Azərbaycan insanı Xudafərin ətrafında gedən döyüşlərə daha ayıq nəzərlə baxmalıdır. Diplomatiyamızın "dişsiz" olması və ya "xalqdan gizlin təslimçilik aktına gedilməsi" haqda iddialar səslənir, hətta Milli Təhlükəsizlik Nazirliyinin ozamankı üzvü olan şəxslərindən xəyanət, satqınlıq axtaranlar var.

- Bu iddiaların heç bir əsası yoxdur?

- Cavab olaraq bir neçə faktı xatırlatmaq yerinə düşər. İlk növbədə, Xəzər ətrafında savaş Xudafərin savaşından daha böyük formada getməkdə idi. Azərbaycanın ilk cığır açan mövqeyi məlum beynəlxalq müqavilələr, "Əsrin neft sazişi" oldu, İran ötən əsrin 40-cı illərində sovetlərlə bağladığı razılaşmalardan vaz keçdi. Ən azı Xəzərin dibi və onun resurslarının bölgüsü ilə bağlı sənədə imza atdı. Halbuki onun səthinin bölgüsü ilə bağlı məsələ hələ də açıq qalır. O biri yandan, urapatriotik dairələr Azərbaycandakı Qəbələ RLS-i Rusiyanın hərbi bazası, nəzarət məntəqəsi, siyasi hakimiyyətlər üzərində nəzarət qurğusu sayırdılar. Amma onun fəaliyyətini dayandırması İlham Əliyev siyasətinin uğuru sayıla bilər. O biri yandan, Samur çayı, Xaçmazın iki kəndi ətrafında məsələlərin də həlli Azərbaycan prezidentinin aktivinə yazılmalıdır. Nəhayət, 2009-cu ildə Rusiya ilə sərhəd delimitasiya xətlərinin ümumən razılaşdırılması və baş nazir Dmitri Medvedevlə sənədlərin imzalanmasını qeyd etmək olar. Keşikçidağ məsələsində də Azərbaycan güzəştsiz bir mövqe göstərib.

Buna da bax: 'Niyə Bakı Heydər Əliyevin dönəmində İrana 'yox' deyə bilirdi, indi yox?'


Bunlar sübut edir ki, Azərbaycan heç bir məsələdə öz mövqeyini kənara qoymur. "Xudafərin" və "Qız qalası" hidroqovşaqları, su stansiyaları və onların bir hissəsi olan körpülər məsələsinə gəlincə, 1957-ci ildən başlayan bu proses müxtəlif mərhələlərlə, demək olar, Qarabağ münaqişəsinədək davam edib. 1988-ci ildə bu proseslərin dayanması, SSRİ-nin dağılması fonunda işin düyünə düşməsi ona səbəb oldu ki, Azərbaycanın Dövlət Layihə İnstitutu – bizim institutumuz həmin layihələndirmə işlərini özü həyata keçirdi və bu geniş ictimaiyyətə bəlli deyil. Bunun təbliğatı aparılmayıb. Amma həmin illərdə hidroqovşağın yaradılacağı halda Xudafərin körpüsünün su şəlalələrinin təsiri altında darmadağın ediləcəyi ilə bağlı mövqelər nəzərə alınıb və yeni layihə hazırlanıb. 1994-cü ildə İran 30-40 ildir masada olan məsələni irəlilədib və (İran prezidenti) Haşimi Rəfsəncani ilə Heydər Əliyev arasında memorandum imzalanıb.

- O illərdə xarici işlər naziri olmuş Tofiq Zülfüqarov deyir ki, Heydər Əliyev bu layihəyə müsbət baxmırdı və bir sıra şərtləri vardı, bu səbəbdən də o alınmadı.

- Çox doğru. Burda bir haşiyəyə çıxım. Adətən, İlham Əliyevə savaş açanlar özlərini süni şəkildə Heydər Əliyevin mövqeyini müdafiə edirmiş kimi göstərirlər. Az qala, ata Əliyevdən oğul Əliyevə qarşı yararlanmaq xətti seçilir. Ancaq bu alınmır. Heydər Əliyev 2001-ci ildə İranın energetika nazirinə qarşı çox kəskin davranır, qapı çırpma əməliyyatını edir, üzünə sərt şillə kimi dəyən sözləri söyləyir. İranın hökumət təmsilçisi söyləyəndə ki, onlar Ermənistanla Araz çayı üzərində stansiyasının tikilməsini razılaşdırıblar, Heydər Əliyev də deyir ki, "qətiyyən yol verə bilmərik, o ərazilər işğal altındadır, siz ünvanı səhv salmısız, Azərbaycan buna qol qoymaz" və s. Söhbət ondan gedir ki, İran faktiki gerçəkliklə barışaraq sanki bu addımı atırdı. Sonrakı dövrdə hadisələr fərqli istiqamətdə getdi.

- Hansı istiqamətdə gedib?

- Azərbaycan prezidenti 2016-cı ildə reallıqları nəzərə alaraq yeni strategiya həyata keçirdi. İlham Əliyev fərqli hesablamalar apardı. İlk növbədə elə bir sənəd hazırlandı ki, İran orda BMT qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyünü bəlkə 50-ci, 100-cü dəfə təsdiqləyərək qısavədəli dövrdə bizim hərbi əməliyyatlarımız üçün imkan tanıyan, ona hüquqi, siyasi zəmin yaradan taktikaya əl atdı. 2016-cı ilin yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasında Sərsəng su anbarının ermənilər tərəfindən Azərbaycana qarşı silah kimi istifadə etdiyinə dair ifşaedici sənəd qəbul edildi, ardınca fevralın 23-də İranla məlum razılaşma imzalandı. İlham Əliyevin məqsədi bununla da Ermənistan təxribat törədəcəyi halda onlara böyük zərbə endirmək idi, Sərsəng su anbarından Xudafərinə qədər təhlükəsizlik zolağını yaratmaq idi. Bu şərait apreldə yarandı. Aprelin 1-2-də Azərbaycan hava qüvvələri Ağdərə istiqamətindən həm Sərsəng, həm də Lələtəpə istiqamətində hərəkətə keçdilər. Mən hesab edirəm ki, Əliyevin başlıca niyyəti, bir tərəfdən, hidroqovşaqlar və stansiyalar qurulacağı təqdirdə İranın çətiri altında Azərbaycanın məhdud sayda da olan qüvvələrinin, bayrağının həmin məkanda olacağını göstərmək idi. O biri yandan da, məqsəd hərbi əməliyyat vasitəsilə bütün o məkanı açmaq idi. Hesab edirəm ki, bu müqavilə diplomatlarımızın əldə etdiyi mühüm nəticələri ordumuzun da qazanması üçün imzalanıb. Adətən, bizim baxışlar sistemimizdə emosional, hissi, Xudafərinə vahid Azərbaycanın simvolu kimi yanaşma, onun ətrafında hazırda gedən virtual döyüşlər məsələni tam qiymətləndirməyə imkan vermir. Lələtəpə indi də həmin əraziyə nəzarət imkanı yaradır. Ordunun məqsədi yolu açmaq, ermənilərin özünə təhlükəsizlik qurşağı seçdiyi nəfəsliyi bağlamaq idi.

Buna da bax: Bakı İran məsələsində 'odla su arasında'

- Zahid bəy, dəqiqləşdirək. Yəni, Siz demək istəyirsiniz ki, Lələtəpə yüksəkliyinin alınmasında məqsəd həm də həmin layihələrin gerçəkləşdirilməsi, hidroqovşaqlara, su stansiyalarına nəzarəti təmin etmək üçün idi?

- Bir az da irəli gedərək Cəbrayılın azad ediləcəyi təqdirdə həmin yollara çıxışın əldə edilməsi üçün idi. Prezident Əliyev düzgün hərəkət edib. Azərbaycan insanına da bunu təqdim etmək lazım idi. Yoxsa "təslimçilik aktı", "torpağın satılması", yaxud başqa özəl maraqlarla izah etmək, pandemiyadan minimum itkilərlə çıxan Azərbaycanı, onun hakimiyyətini suçlamaq, informasiya məkanında növbəti cəbhə açmaq üçün istifadə etmək olmaz. Məqsəd yalnız Xudafərin məsələsi də deyildi, daha çox Naxçıvanın İran tərəfindən mavi yanacaqla təminatı idi. Buna da nail oldu. Mən iddia etmirəm ki, sabah Kəlbəcər qızıl yataqlarına görə başqa dövlətlərlə də razılaşmalara getməliyik. Şuşa ətrafında nəzarət eldə etməmiş hansısa mülki, ya hərbi obyektlərin birgə istifadəsindən bəhs edək. Bir qədər beyinləri tərpətmək lazımdır, ənənəvi baxışla məsələni dərk etmək olmur. Bir neçə kəndin su altında qalması, körpülərlə Qarabağa yardım daşınması haqda deyilənlər yanlışdır. İlham Əliyev o təhlükəsizlik zolağı qurandan sonra daha böyük stratejinin reallaşdırılmasına, müharibəni Ermənistanın, Qarabağdakı ermənilərin əleyhinə çevirmək üçün Şimal-Cənub layihəsini gündəmə gətirdi. Bu da artıq reallaşmaqdadır. Uğurumuz odur ki, bölgədə söz sahibi olan İran və Rusiya arasında dəmiryolu çəkilir və Ermənistana dəmiryolu çəkilməsi arxa plana atıldı.

- Siz planlardan danışdınız. Gerçəklik budur ki, bugün işğalçıların nəzarətində olan ərazilərə körpü tikilməsi haqda danışılır. Hətta YAP-çı deputat Aydın Mirzəzadə yerli mətbuata deyib ki, "biz körpülərin tikilib-tikilməməsini araşdırırıq, təsdiqlənərsə, İrana nota veriləcək. Belə çıxır ki, körpülərin salınıb-salınmaması haqda hökumətdə dəqiq məlumat yoxdur? Sizin həmkarınız Fazil Mustafa isə xarici işlər nazirinin müavini Xələf Xələfovu düzgün məlumat verməməkdə qınayıb. Nazir müavini deyib ki, körpü tikilməsinə sözügedən layihələr çərçivəsində baxılmalıdır, bunlar araşdırılsın. Amma bayaq dediyimiz kimi, reallıqlar fərqlidir. O körpülər çəkilibsə və ya çəkilməkdədirsə, ondan Azərbaycan yox, işğalçılar istifadə edəcək, elə deyilmi? Bu baxımdan, tənqidçilərin dediyi kimi, Azərbaycan tələsmirmi?

- Xeyr! Əsla.

- İndiki halda o körpülərdən kim istifadə edəcək?

- Müqaviləni diqqətli oxuduqda orda böyük texniki işçi heyətinin formalaşdığını görəcəksiniz. Azərbaycanı Energetika Nazirliyi, Dövlət Layihə İnstitutu, mühəndis-konstruktorlar və digərləri təmsil edirlər. Mən iddia etmirəm ki, onlara hərbi mundir geyindirilməlidir. İndiki halda həmin şəxslərin ora getməsi yalnız İran tərəfdən mümkündür. Olsun. Zatən bu müqavilədə elə bir problem də yoxdur... Müqavilədə açıq yazılıb ki, o ərazidən, o qovşaqdan, o stansiyadan üçüncü tərəfə nəsə verilməyəcək. Orda körpü olduğu üçün müqavilənin Azərbaycan maraqlarına uyğun olmadığını düşünürlərsə narahat olmasınlar. İstənilən beynəlxalq müqavilədən kənara çıxanda o ləğv edilir. Eyni zamanda, hakim partiya təmsilçilərindən kimsə ayrı mövqedədirsə, bu, çox təbiidir. Mənsə hesab edirəm ki, Azərbaycan diplomatları həmin məsələdə düzgün davranıblar.

Buna da bax: ‘Türkmənçay müqaviləsi imzalanmasaydı…’

- Yəni, Siz deyirsiniz ki, o körpüdən işğalçı tərəf istifadə etməyəcək? İstifadə edilərsə, nə baş verəcək?

- Bu, İranın Azərbaycan mənafelərinin üstündən xətt çəkməsi olardı. O cümlədən, bu daxildə də böyük etirazlar yaradardı. Unutmayaq ki, 25 milyondan çox etnik azərbaycanlı o ölkənin ayrılmaz hissəsidir. Bugün belə faktlar təsdiqlənərsə, bu, dövlətlərarası razılaşmanın üstündən xətt çəkməkdir, layihənin sovet dövründəki kimi nakam baxışların simvoluna çevrilməsidir. Onun ətrafında bəndlər, kollektorlar üçün yer əvəzinə səngər qazılmış olar. Bu yaxşı hadisə sayıla bilməz. Heç şübhəsiz, nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan parlamentinin üzvü bu halda İranın fəaliyyətini təqdir etməz. İranla münasibətimiz son onilliklərdə güzəştsiz addımlarla müşayiət olunub. Mənim aləmimdə patriotluq o deyil ki, İranla münasibətlər, AXC hakimiyyəti dövründə olduğu kimi, savaş həddində çatsın. 1992-ci ildə İranın Azərbaycandakı səfiri "525-ci qəzet"ə müsahibə vermişdi, onun sərlövhəsi beləydi: "Biz boynuyoğun dövlətik və sizdən qorxmuruq". Hesab edirəm ki, bu özü münasibətlərin ağır durumunu şərh edirdi. Əlbəttə, ondan sonrakı zamanlarda da istər Heydər Əliyev, istərsə də İlham Əliyev dövründə də İranla münasibət müxtəlif fazalardan keçib. Amma biz hər zaman dövlətlərarası münasibətləri qoruyub saxlamaq, bir-birinin ərazisinə iddia etməmək, suveren hüquqları anlayışla qarşılamaq mövqeyi tutmuşuq. O üzdən Xudafərini İranla Azərbaycan arasında deyil, İranla Ermənistan arasında körpü kimi nəzərdən keçirmək körpüləri yandırmaq olar.

- Siz qeyd etdiniz ki, Heydər Əliyev dövründə də İran hava, su sərhədini mütəmadi pozurdu. İranın dost dövlət olmaması haqda rəsmi səviyyədə üstüörtülü mesajlar verilməkdədir, xüsusən də İranın Ermənistana yardım göstərməsi müzakirə mövzusudur. İndiki müzakirələr də oradan qaynaqlanır ki, sənəd belə bir qonşu dövlətlə imzalanıb.

- İran Azərbaycanın kiçik ərazisini özünə qatacağı halda o elə bir əks-effekt verəcək hadisəyə çevrilər ki, onun sonunu təsəvvürə gətirmək çətin olar. İranın siyasi, dini elitası yaxşı bilir ki, Azərbaycanın milli təhlükəsizlik maraqları qarşısında Ermənistandan qüvvə kimi bəhrələnmək, on illərdir Ermənistan dövlətinin qorunub saxlanılmasında iştirak etmək bizim tərəfdən aydın görünür. Lakin bəlli bir nöqtəyə qədər. Heç bir hakimiyyət də xalqı sakitləşdirməkdən ötrü balans mövqeyinə keçə bilməz. Bunu aydın demək lazımdır. İran bir qarış ərazini özünə qatarsa, avtomatik olaraq öz ərazisində yaşayan azərbaycanlıları milli azadlıq hərəkatına vadar etmiş olar. Bunun tarixi nümunələri də var. Yekun olaraq demək istəyirəm, Xudafərin ətrafında siyasi-milli cəbhə açmaq istərkən niyyət çox önəmlidir. Söhbət hakimiyyəti, nəyin bahasına olursa olsun, ittiham etməkdən gedirsə, alınmayacaq. Sazişdə ən ciddi tələblər qoyulub.