Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:47

‘Türkmənçay müqaviləsi imzalanmasaydı…’


“Xalqımızın bəxti gətirən günlərdən biri: Türkmənçay müqaviləsi bağlanan gün”

Fevralın 10-da XIX əsrdə Rusiya ilə İran arasında “Türkmənçay” müqaviləsinin imzalanmasından 191 il ötdü. Bu müqavilə Azərbaycanda “iki xalqın parçalanması, ona məxsus torpaqların işğalı” kimi dəyərləndirilir.

Amma bu müqavilə haqqında fərqli düşünənlər də az deyil. Məsələn, sosial şəbəkələrdə “xalqın bəxti gətirən gün” deyənlər də tapılır. Onların bununla bağlı öz arqumentləri var. Bəstəkar Firudin Allahverdi “Facebook”da yazır:

“Xalqımızın bəxti gətirən günlərdən biri: Türkmənçay müqaviləsi bağlanan gün. Əgər o müqavilə olmasaydı, biz hələ də İranda yaşayar, son iki əsrdə Ərdəbilin, Məşhədin, Şirazın keçdiyi yolda onlara yoldaş olardıq. Bu gün biz də fars dilində və ərəb əlifbasında yazmaq məcburiyyətində idik”.

Firidun Allahverdi
Firidun Allahverdi

“Hamı da bir ağızdan Türkmənçay müqaviləsi nəticəsində o zaman dövlət kimi mövcud olmayan Azərbaycanın ikiyə bölünməsindən yazır”, – sosial şəbəkədə bu haqda fikrini bölüşən musiqiçi, publisist Elmir Mirzoyevsə sual edir: “Əzizlərim, İranın tərkibində qalmaq istəyirdiniz, yoxsa necə anlayaq bunu?”

“Yalnız savadsız, ağlını itirmiş adam deyə bilər ki...”

Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov isə bu cür yanaşmanı qəti rədd edir və AzadlıqRadiosuna deyir:

“Türkmənçay” müqaviləsinin Azərbaycan xalqına xoşbəxtlik gətirdiyini yazanlar bu xalqın düşmənidir. Bir xalqın torpaqlarını iki yerə bölüb, ona 200 illik faciə yaşadıblar. Mənim Azərbaycanım bütöv ölkədir, 200 ildir parçalanıb. Bu işə imza atanları da, bunun təşəbbüskarı olan çar Rusiyasını da, sonradan Azərbaycan xalqına qarşı ən ağır cinayətlər törətmiş sovet hökumətini də, indiki Rusiyanın bizə qarşı cinayətkar əməllərinə görə onun hərbi-siyasi dairələrini lənətləyirəm”.

Cəbi Bəhrəmov
Cəbi Bəhrəmov

Azərbaycan xalqı qədər heç bir xalqın təcavüzə, işğala, parçalanmaya məruz qalmadığını söyləyən tarixçi əmindir:

“İndiki güclü və müstəqil Azərbaycan dövlətinin sayəsində xalqın yaraları sağalacaq və bütöv Azərbaycanda yaşayacağıq. O torpaqlar Allahın bizə ayırdığı torpaqlardır və bütöv bədən olmalıdır”.

Cəbi Bəhramov qarşı tərəfin “Türkmənçay müqaviləsi olmasaydı 1918-ci ildə müstəqil dövlət qurulmazdı, əlifba islahatı getməzdi” kimi arqumentlərini də qəbul etmir: “Yanlış yanaşmadır. Bölünmüş Azərbaycanın övladları onun şimalında bir dövlət qurublarsa, cənubunda da qurmaq iqtidarındadır. Əslində, cənubda da dövlət qurmuşdular. Amma Azərbaycan məsələsində bütün düşmənlər birləşir, farslarla ingilislər, ruslar, ermənilər birləşir. Yalnız savadsız, ağlını itirmiş adam deyə bilər ki, parçalanma xalqa xoşbəxtlik gətirdi”.

Cavid İsmayıl: “Oturublar taksiyə deyiblər ki, sür, Xudafərin körpüsünün yanına”

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl da o fikrə qatılır ki, “Türkmənçay” müqaviləsi imzalanmasaydı? “Araz çayından şimalda yerləşən Azərbaycan bugünkü səviyyəsinə çatmazdı”:

“İstəsək də, istəməsək də Rusiyanın Azərbaycanı işğal etməsi bu bölgədə dünyəvi təhsilin əsasını qoydu, dini təhsili minimuma endirdi, demokratik fikirlərin, demokratik ideya və ənənələrin formalaşmasına bəhrəsini verdi. Digər tərəfdən nəzərə almalıyıq ki, şimali Azərbaycan Rusiya – nə dini, nə dili, nə də qanı bizdən olan imperiya tərəfindən işğal edilmişdi. Ona görə də Azərbaycanın şimal hissəsində özünüqoruma instinkti işə düşdü. Bu da “Əkinçi” qəzetinin nəşri ilə başlayıb, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuryyətinin elan olunması ilə yekunlaşdı. Sonradan 70 illik sovet işğalı belə bu milli oyanışın qarşısını ala bilmədi. Amma mən Azərbaycanın güneyi ilə bağlı pessimist düşünmürəm. Təsəvvür edin ki, Azərbaycanın şimalı bir əsrdə iki dəfə, cənubu isə bir əsrdə üç dəfə azadlıq şüarı ilə ayağa qalxdı. Söhbət 1908-1909-cu illərdəki Səttarxan, 1920-ci ildə Xiyabani, nəhayət 1945-46-cı illərdə Pişəvəri hərəkatından gedir. Bu, onu göstərir ki, millətlərin azadlıq duyğusunu heç bir halda repressiya, qan-qada ilə qandallamaq mümkün deyil. Mən güneylə bağlı pessimist düşünmürəm. Ancaq təəssüf ki, güneydən Axundov çıxmadı”.

Yəni siz də Firudin Allahverdi kimi həmin müqaviləni “xalqın bəxtinin gətirməsi” kimi dəyərləndirirsiniz?

Ədəbi-bədii epitetlərdən istifadə etməklə bu hadisəni müxtəlif cür qiymətləndirmək mümkündür. Amma bir tarixi gerçəklik var, heç kimin bir xalqı parçalamağa ixtiyarı yoxdur. “Türkmənçay” müqaviləsinin nəticəsi olaraq müsbət məqamlar; görmək olar. İrandakı şiəlik onun dünyəvi dövlət olmasına imkan vermədi. Təsəvvür edin, İran da dünyəvi dövlət olsaydı, ordakı Firudin Allahverdilər də bunu xoşbəxtlik kimi qiymətləndirməli idi, şimali Azərbaycanda yaşamağı yox? Bu, yanlış qiymətləndirmədir. Heç bir xalqın parçalanması ona ağ gün gətirmir. İşğal işğaldı. İran qədər Rusiya da işğala görə qınanmalıdır. Mən özüm Arazboyu bölgədənəm, Ordubaddanam. 1991-ci ilə qədər Naxçıvana dəmiryolu işləyirdi. Biz qatarla gedəndə Arazın o tayına həsrətlə baxırdıq. Sonra elə bizim Dağlıq Qarabağ və ətraf rayonlar da işğal edildi və o qatarın getdiyi bölgə bu gün işğal altındadır. Biz artıq Ordubada İran ərazisindən keçərək avtomobillə gedirik, indi Arazın bu tayından o tayına həsrətlə baxırıq. Nə dünənimizdən zövq ala bilirik, nə də bu günümüzdən. Adamı ağrıdan da budur. İranlı taksiçilər danışırlar. Dəfələrlə Azərbaycanın işğal edilmiş rayonlarından olan şəxslər Biləsuvar keçid məntəqəsindən İrana keçiblər və oturublar taksiyə deyiblər ki, sür, məsələn, Xudafərin körpüsünün yanına. Orda dayanıb əlləri ilə taksi sürücüsünə göstəriblər ki, bax, görünən filan ev mənim idi. İndisə baxıb ağlayırlar.

XS
SM
MD
LG