Gənc vokalçı Emin Eminzadə daha bir uğura imza atıb

Emin Eminzadə

-
O, iyunun 14-21-də İspaniyanın Kataloniya vilayətində, Lloret de Mar şəhərində keçirilən «Opus-2013» IX Beynəlxalq Mahnı Müsabiqəsinə aparıcılıq edib.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, dünyanın 20 ölkəsinin 14-21 yaşlı yeniyetmə və gəncləri arasında keçirilmiş müsabiqədə Emin «Opus-2012» VIII Beynəlxalq Mahnı Müsabiqəsinin laureatı kimi həm Azərbaycanı təmsil edib, həm də tədbirin Təşkilat Komitəsi tərəfindən builki müsabiqəyə fəxri qonaq kimi dəvət edilib.

Müsabiqədə 4 konsert proqramı olub. Emin Eminzadə şəhər meriyasının qarşısında, «Plaza Torent» meydanında, dənizkənarı parkda və qala konsertdə minlərlə tamaşaçının qarşısında çıxış edib.

Tədbiri ingilis dilində aparan gənc vokalçı müsabiqə ərzində «Be my Guest», «Cry me a River» və Müslüm Maqomayevin «Azərbaycan» mahnısını ifa edib.

Müsabiqədə kiçik bir insident də yaşanıb. Gənc vokalçı Ermənistan təmsilçisini səhnədə təqdim etməkdən və Ermənistan haqqında (müsabiqənin qaydalarına uyğun olaraq) xoş, tərifli sözlər deməkdən imtina edib.

YEREVANA DƏVƏTİ RƏDD ETDİ

Təşkilat Komitəsinin müdaxiləsi də Emini fikrindən döndərməyib. O, tədbiri aparmaqdan imtina edəcəyini, ya da Ermənistan təmsilçisini müsabiqənin qaydalarına uyğun olaraq təqdim etməyəcəyini bildirib.

Sonda Ermənistan təmsilçisini Litvadan gələn qız aparıcı Ruta Lukoşevuçute təqdim edib.

Ermənistan nümayəndə heyəti Emin Eminzadəni bu ilin oktyabrında Yerevanda keçiriləcək müsabiqəyə dəvət etsə də, gənc vokalçı bunu rədd edib.

Emin Eminzadə tədbirin təşkilatçıları - Lloret De Mar şəhər meriyası və Mədəniyyət və Turizm İdarəsi tərəfindən kubokla mükafatlandırılıb. Təşkilat Komitəsi gənc vokalçıya görə Azərbaycanın İspaniyadakı səfirliyinə təşəkkürnamə də göndərib.

Emin daha bir tədbirə çağırılıb. Astananın Qazaxıstanın paytaxtı olması və Nursultan Nazarbayevin prezident seçilməsi münasibətilə iyulun 4-də keçiriləcək yubiley mərasiminə dəvət edilib.

Xatırladaq ki, Emin Eminzadə 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb.