«Duzlu göl» ərazisində polislə qarşıdurma

Sizin brauzer HTML5-i dəstəkləmir

Duzlu Göl ərazisindəki obyektlərin söküntüsü zamanı qarşıdurma baş verib.

QARŞIDURMA

İyunun 6-da saat 12 radələrində Suraxanı rayon icra məmurları Hövsan- Zığ yolunun kənarında yerləşən «Duzlu göl»dəki obyektləri sökməyə gəlmişdilər. Ərazidə məskunlaşan 42 ailədən ibarət Zəngilan köçkünləri söküntüyə etiraz edirdilər. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin rəisi Fəqan Azadəliyev köçkünləri xəbərdarlıq etdi ki, icraya mane olmasınlar:

«Məhkəməyə qarşı nə iddianız, nə şikayətiniz var, apelyasiya şikayəti verirsiniz, qurtardı getdi. Hələ ki, bu qərar qüvvədədir, icra vərəqəsi də var, qanunla icra olunacaq. Xahiş edirəm heç kim müdaxilə etməsin».

Xəbərdarlıqdan 5 dəqiqə sonra ərazidəki ekskavator işə düşən kimi ara qarışdı. Köçkünlər söküntünün qarşısını özlərini ağır texnikanın üstünə atmaqla almaq istədilər. Köçkün Abbas Orucov isə qol damarlarını kəsdi.

«BALACA BİR ÇAYXANADA 18 NƏFƏR İŞLƏYİRDİK»

«Duzlu göl»ün ətrafında 1993-cü ildən Zəngilan köçkünləri məskunlaşıb. Köçkünlər deyirlər ki, iş yerləri olmadığından elə məskunlaşdıqları ərazidə mövsümi işlərlə məşğul olurlar. Məsələn, «Duzlu göl»ün ətrafında kafe, çayxana, duş qəbul etmək üçün yerlər tikərək ora gələnlərə pullu xidmət göstərirlər:

- Kasıb-kusub gəlir, kölgələnəcək yer düzəldirik, çay veririk, Duzlu sudan çıxan duş qəbul eləyir, iki ay yayı bax belə dolanırıq özümüz üçün. Qışda burda heç kim olmur.

- Novruz Məmmədovun (Prezident Administrasiyasında şöbə müdirini nəzərdə tutur - müəl.) qardaşı oğludur, əlində bir saxta məhkəmə qərarı ilə qoluzorba adamları yığıb gəlib bura.

- Sizin burda obyektiniz var?

- Çayxanam var. Bir dənə balaca obyektdə 18 nəfər işləyirik. Tutaq ki, lap mən çıxdım, bəs 17 nəfər? Öz gücümüzlə obyektlər tikib yaratmışdıq, hamısını darmadağın etdilər.

«BURDA MÜALİCƏ MƏRKƏZİ TİKDİRƏCƏM»

Məhkəmə icraçıları ilə birlikdə əraziyə gələn sahibkar Ənvər Məmmədov dedi ki, ərazi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında ona verilib. O da burada müalicə mərkəzi tikmək fikrindədir:

«Mübahisə 2002-ci ildən yaranıb. Bu yer alınandan sonra dedilər ki, köçkün olduğumuza görə bizə 2-3 il möhlət verin, işləyək, özümüzə şərait yaradaq, sonra heç bir insident törətmədən buranı tərk edərik. 2-3 il oldu 11 il. Biz də məcbur olub məhkəməyə verdik».

Bu məsələ məhkəmələrdə baxılıb. Bütün məhkəmə qərarları sahibkarın xeyrinə çıxarılıb. Köçkünlərsə məhkəmə qərarları ilə razılaşmırlar.

«NOVRUZ MƏMMƏDOVUN MƏSƏLƏYƏ DƏXLİ YOXDUR»

Ənvər Məmmədov dedi ki, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun əraziyə heç bir aidiyyatı yoxdur:

«Bu yerin nə Novruz Məmmədov, nə onun həyat yoldaşı (mətbuatda ərazinin Novruz Məmmədovun həyat yoldaşına məxsus olması barədə də məlumatlar gedib-müəl.) ilə əlaqəsi yoxdur. Bu yer şəxsən mənə məxsusdur, gələcəkdə də gəlib görə bilərsiz ki, burda tikinti işləri ilə kim məşğuldur».

2010-cu ilin iyun ayında Gülnarə Məmmədova adlı şəxs Suraxanı rayon Məhkəməsində iddia qaldırmışdı ki, «Duzlu göl»ün 14 hektardan artıq ərazisi 2002-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə sağlamlıq-istirahət mərkəzi yaratmaq üçün ona 49 illik icarəyə verilib. O, həmin ərazidə məskunlaşmış köçkünlərin obyektlərinin sökülməsini tələb edirdi.

Məhkəmələr Gülnarə Məmmədovanın tələbini təmin etmişdilər. İyunun 6-da icra məmurları ilə əraziyə gələn Ənvər Məmmədovsa həmin məhkəmələrdə Gülnarə Məmmədovanın rəsmi nümayəndəsi kimi çıxış edirdi.

Təqribən 30 dəqiqə ərzində köçkünlərin istifadə etdikləri obyektlər söküldü.

30 saylı polis bölməsindən AzadlıqRadiosuna bildirdilər ki, icraya mane olanlardan biri Abbas Orucovdan polis bölməsində izahat alındıqdan sonra sərbəst buraxılıb.