Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Duzlugöl qovğası məhkəməyə çıxarıldı


«Novruz Məmmədovun həyat yoldaşı Gülnarə Məmmədova bizi məhkəməyə verib...»
Xətai rayonundakı «Ümid» sağlamlıq mərkəzində məskunlaşmış məcburi köçkünlər məhkəməyə verilib. İddiaçı Bakı şəhər sakini Gülnarə Məmmədovadır. Bu ilin iyununda Gülnarə Məmmədova Suraxanı rayon Məhkəməsində iddia qaldırıb ki, Duzlugölün 14 hektardan artıq ərazisi 2002-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə sağlamlıq-istirahət mərkəzi yaratmaq üçün ona 49 illik icarəyə verilib, odur ki, həmin ərazidə məskunlaşmış köçkünlər oradan çıxarılmalıdır.

Gülnarə Məmmədova köçkünlərdən həm də 105 min manat təzminat tələb edir. Məmmədova tələbini onunla əsaslandırır ki, 2009-cu ildə köçkünlər Duzlugöl ətrafındakı ona məxsus obyektləri dağıtmaqla maddi zərər vurublar. G.Məmmədova həmçinin ərazidə köçkünlərə məxsus obyektlərin sökülməsini də tələb edir.

Köçkünlər isə deyirlər ki, onları məhkəməyə çəkən Gülnarə Məmmədova Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun həyat yoldaşıdır:

«Novruz Məmmədovun həyat yoldaşı Gülnarə Məmmədova bizi məhkəməyə verib ki, guya onun Duzlugöldə obyektlərini dağıtmışıq, ona 105 min manat dəyərində ziyan vurmuşuq, onun 20 min manatlıq hasarını dağıtmışıq...».

Köçkünlər deyirlər ki, bir neçə dəfə əraziyə ağır texnika gətirərək köçkünlərin işlətdikləri obyektləri uçurublar. Obyektləri uçuranlara bu işdə polis dəstək verir. Belə ki, cınqırını çıxaran köçkünü ərazi polisinə apararaq onlara cinayət işi açacaqları ilə hədələyirlər.

DUZLUGÖLLƏ HEÇ BİR BAĞLILIĞIM YOXDUR

Novruz Məmmədov
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə köçkünlərin iddialarını qəbul etmir. O, mətbuata açıqlamasında deyib ki, sözügedən mübahisəli ərazi ilə heç bir bağlılığı yoxdur: «Suraxanı rayonunun Duzlugöl adlanan ərazisindəki torpaq sahəsinin mənə və ailəmə heç bir aidiyyəti yoxdur».

Duzlugöl qovğası indi Suraxanı Rayon Məhkəməsində hakim Natəvan Tağıyevanın sədrliyi ilə araşdırılır. Gülnarə Məmmədova iddianı Duzlugöldə sahibi olduğu torpaqlarda xırda ticarətlə məşğul olan məcburi köçkün ailələrinə qarşı qaldırıb.

İyulun 20-də keçirilən məhkəmə iclasında tərəflər dindirilib. İddiaçı tərəf iddiasını əsaslandırmağa çalışıb ki, mübahisəli sahə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə tam qanuni şəkildə icarəyə verilib. Məhkəmədə cavabdeh qismində çıxış edən köçkünlərsə iddianın əsassız olduğunu bildiriblər. Məhkəmənin nəzərinə çatdırıblar ki, 1993-cü ildən məskunlaşdığı ərazidə kiçik iaşə obyektləri onlarla ailənin çörəkpulu yeridir və zorla ərazidən çıxarılmaları həmin ailələrin çörəksiz qalmasına səbəb ola bilər.

Hakim tərəfləri dinləyəndən sonra növbəti məhkəmə iclasını avqustun 5-nə təyin edib.

Bir sözlə, Gülnarə Məmmədova iddiasından əl çəkmək, köçkünlərsə Duzlugölü əldən vermək fikrində deyillər. Köçkünlər məsələ ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər.
XS
SM
MD
LG