Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:17

Əli Kərimlinin sürücüsü: 'Narkotiki cibimə bu polis atdı...'


Paşa Umudov
Paşa Umudov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan sürücüsü Paşa Umudov deyir ki, onun cibinə narkotik maddəni Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Rəşad Verdiyev atıb. 2019-cu ilin oktyabrında – bu hadisə baş verəndə o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyirdi.

“Cibimə onu atan da bu idi”

Umudov bunu fevralın 17-də Bakı Apellyasiya Məhkəməsində Verdiyevin özünün yanında deyib:

“Milli Şuranın təyin etdiyi 19 oktyabr mitinqi ərəfəsi idi. Nə qədər cəbhədaşımızı tutmuşdular, mənə də xəbardarlıq eləmişdilər. Ayın 15-də axşam çayxanaya gedəndə qara “Toyota” dayandı. Cibimə onu atan da bu idi. Sonradan bildim ki, adı Rəşad Verdiyevdi. Cibimdən tulladım, yerdən götürüb yenidən qoydu...”

Məhkəmədə şahid qismində dindirilən Verdiyev ünvanına səslənən ittihamı qəbul etməyib. O, iddia edib ki, narkotik elə Umudovun üzərində olub. Özü də bunu etiraf edib.

O isə bildirib ki, etiraf ifadəsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəki psixoloji təzyiqin nəticəsi idi:

“Alçaldıcı hərəkətlər olmasın deyə, razılaşdım. Fikirləşdim ki, məhkəmədə həqiqəti danışaram”.

Vəsatət yazılı təqdim olunacaq

Vəkilin bir çox suallarına polis əməkdaşı “xatırlamıram”, “yadımda deyil” kimi cavablar verib. Ona görə də müdafiəçi şifahi şəkildə vəsatət qaldırıb ki, ekspertiza keçirilsin, Verdiyevin psixoloji durumu, hərəkətlərini dərk edib-etmədiyi yoxlansın.

Hakim bildirib ki, bu qəbildən olan vəsatətlər yazılı verilməlidir. Qərara alınıb ki, martın 3-də keçiriləcək növbəti məhkəmə iclasında yazılı şəkildə məhkəməyə bu vəsatət təqdim olunsun.

Umudov CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham olunur. Nərimanov rayon Məhkəməsi onun 4 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi bir dəfə bu hökmü qüvvədə saxlayıb. Amma Ali Məhkəmə prosessual pozuntuları əsas gətirərək, həmin qərarı ləğv edərək, təkrar araşdırma üçün işi apellyasiya instansiyasına qaytarıb. İndi apellyasiya məhkəməsi ikinci dəfə bu işə baxır.

Umudov özünü təqsirli bilmir, Əli Kərimlinin sürücüsü olduğuna görə şərləndiyini bildirir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına və ya mənsubiyyətinə görə təqib və ya təzyiqlərə məruz qalmadığını, siyasilərin konkret cinayət əməllərinə görə cəzalandırıldığını deyir.

XS
SM
MD
LG