Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:38

Əli Kərimlinin həbsdə olan sürücüsü haqda qərar ləğv olundu


Paşa Umudov
Paşa Umudov

AXCP sədri Əli Kərimlinin həbsdə olan sürücüsü Paşa Umudovun 4 il 6 aylıq cəzasıyla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Dekabrın 16-da Ali Məhkəmədə İlkin Rəcəbovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

Ali Məhkəmə Umudovun işini təkrar araşdırma aparılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Nərimanov Rayon Məhkəməsi Umudovu CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsi ilə təqsirli bilib, onun 4 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökm çıxarmışdı. Apellyasiya instansiyası da bu hökmü qüvvədə saxlayıb.

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmə apellyasiya instansiyasında bu işin düzgün araşdırılmadığı nəticəsinə gəlib. Ona görə də qərarı ləğv edib: "Hakim qərarı ətraflı elan etmədi, ona görə hələlik bilmirik ki, ləğv üçün əsaslar nədən ibarətdir. Amma yenə də ümid yaranır ki, bəlkə bu dəfə Paşa Umudovun işinə obyektiv baxılar. Çünki biz ona qarşı ittihamın əsassız olduğunu həm Nərimanov Rayon Məhkəməsində, həm də Bakı Apellyasiya Məhkəməsində öz dəlillərimizlə ortaya qoymuşduq".

Xatırlatma

Paşa Umudov 2019-cu il oktyabrın 15-dən həbsdədir. O, özünü təqsirli bilmir.

"Oktyabrın 19-na Milli Şuranın mitinqi təyin olunmuşdu. Hər dəfə mitinqöncəsi nə qədər cəbhəçini tuturlar. Bu dəfə də tuturdular. Belə bir vəziyyətdə mən cibimdə narkotik gəzdirərdimmi? Məntiq olmalıdır. Narkotik ittihamı saxtadır, səbəb Əli Kərimlinin sürücüsü olmağımdır", – o, məhkəmədə deyirdi.

Milli Şuranın 19 oktyabr 2019-cu ildə Bakının mərkəzində keçirdiyi mitinqdən öncə AXCP-nin 10-dan çox fəalı həbs olunmuşdu. Onların əksəriyyəti polisə müqavimətdə, bəziləri də narkotik saxlamaqda ittiham olunurdu. AXCP isə üzvlərinin mitinqin qarşısını almaq məqsədilə həbs olunduğunu, ittihamların saxta olduğunu bəyan edirdi. Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə cəzalandırılmadığını deyir.

XS
SM
MD
LG