Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 08:22

Qonşuya ümid olan qazsız qalar


Rusiya -- «Qazprom»un qaz anbarı
Rusiya -- «Qazprom»un qaz anbarı
"Azəriqaz" qaz pulu yığa bilmək üçün konkret pulu ödəməyənlərin deyil, qəsəbələrin, ərazilərin qazını kəsir. Pulu verməyənlərlə bərabər verənlər də qazsız qalır

Bəziləri mənzilində cəmi 3 nəfər qeydiyyatda ola-ola "Azəriqaz"ın 4 nəfər üçün qaz pulu istəməsindən, digərləri isə borcu olmadığı halda borclu qonşularının üzündən onların da qazının kəsilməsindən şikayət edir.


İstehlakçıların Hüquqlarını Müdafiə Təşkilatından Eyyub Hüseynov onlara olan şikayətlərin də artdığını və son iki ildə istehlakçı hüquqlarını ən çox "Azəriqaz"ın pozduğunu deyir. O bildirir ki, beynəlxalq konvensiyalar və qanunlara görə, hər hansı xidmət təklif edən şirkət bazarda inhisarçıdırsa [həmin xidməti göstərən başqa bir şirkət yoxdursa], o, xidmətini standartlara uyğun təşkil etməlidir. Yəni bu halda inhisarçı olan "Azəriqaz" abonentlərini fasiləsiz olaraq standartlara uyğun təzyiqlə qazla təmin etməyə borcludur.

"Hamı vermirsə, bir nəfər verən ya hərifdir, ya da qanunu bu qədər çox sevir..."
Amma Bakı və ətrafının qazla təchizatına cavabdeh olan "Azəriqaz"ın tabeliyindəki "Bakqaz"ın rəis müavini Nüsrət Qasımov bildirir ki, onlar hər şeyi qanunla edirlər. Üstəlik, qaz pulu ödəməyən abonentlərin qazının növbəti aydan kəsilməsi üçün Nazirlər Kabinetinin qərarı da var. 2006-cı ilin ilk iki ayı ərzində paytaxtda ödənişlər heç 20 faizə çatmadığından, onlar belə tədbirlərə əl atırlar. O ki qaldı nümunəvi abonentlərin qaz pulu ödəməyənlərin güdazına getməsinə, "Bakqaz"ın rəis müavini deyir ki, bina evlərində ayrı-ayrı abonentlərin qazını kəsə bilmədiklərindən, bütün blokun qazını kəsirlər.


Nüsrət Qasımovun sözlərinə görə, onlar nümunəvi abonentlərin özlərinin qaz pulu verməyənlərə təsir etməsinə ümid edirlər. Nüsrət Qasımov hətta yarızarafat-yarıgerçək məsləhət görür ki, əgər kimsə qazpulunu verirsə, amma qonşuları onun məsləhətinə qulaq asıb borcunu ödəmirsə, o, da verməsin: "Hamı vermirsə, bir nəfər verən ya hərifdir, ya da qanunu bu qədər çox sevir..."


"Bakqaz"ın rəhbərliyi onu da əlavə edir ki, qazpulunu həmişə verən, amma borclu qonşuların üzündən qazsız qalan abonentlər onlara şikayət etsinlər. İdarədə şikayətləri araşdırıb, müştərinin hüquqlarını pozanlara qarşı tədbir görə bilərlər. Amma yalnız intizam tədbiri, yəni töhmət-filan.


İstehlakçıların Hüquqlarını Müdafiə Komitəsindən Eyyub Hüseynov isə haqqı tapdanan abonentlərin məhkəmələrə müraciət etmək hüququnun da olduğunu xatırladır. Amma bildirir ki, heç özləri də onlara üz tutan vətəndaşları məhkəmələrə göndərmir: "Biz "Azəriqaz"la problemi danışıqlar yoluyla həll edirik. Məhkəməyə göndərmənin mənası yoxdur. Normal məhkəmə olsaydı, milyonlarla dollarlıq iddialar qaldırıb udmaq olardı".


Sonda onu deyim ki, "Azəriqaz" az qala hər il qazın satış qiymətlərinin artırılması istəyiylə hökumətə müraciət edirdi. Sonuncu dəfə ötən ilin martında qiymətlərin 3 dəfə qaldırılmasına nail olmuşdu. Bu gün texniki problemlər üzündən abonentlərin qazını bir-bir kəsə bilmədiyini deyən "Azəriqaz" dövlətdən hər kubmetrini 120 manata aldığı qazı əhaliyə 236 manata satır.


XS
SM
MD
LG