Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:29

Ölüm işinə görə 4 il həbsdə qalan şəxsin bəraəti: prokuror ləğvini istədi, Ali Məhkəmə hökmü qüvvədə saxladı


Polad İsmayılov
Polad İsmayılov

Qəsdən adamöldürmə ittihamı ilə 4 ilə yaxın həbsdə saxlanılan Polad İsmayılov 10 ay öncə bəraət alıb azadlığa buraxılsa da, prokurorluq bu hökmdən protest vermişdi. Oktyabrın 23-də Ali Məhkəmədə həm prokurorun protestinə, həm də zərərçəkmiş tərəfin hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.

Prokuror iddia edir ki, 61 yaşlı Seyran Əyyubovanı elə P.İsmayılov öldürdüyündən onun haqqında Şəki Apellyasiya Məhkəməsinin çıxardığı bəraət hökmü əsassızdır. Bu üzdən, Ali Məhkəmə bəraət hökmünü ləğv etməli, işi yenidən araşdırılmasından ötrü geri qaytarmalıdır.

P.İsmayılovun vəkili Zabil Qəhrəmanovsa prokurorun protestini əsassız sayır. Vəkil müdafiə etdiyi şəxsin mötəbər sübutlar olmadan 4 ilə yaxın həbsdə saxlandığını vurğulayaraq cinayət işinin materiallarındakı ziddiyyətli məqamları Ali Məhkəmə hakimlərinin diqqətinə çatdırıb: "İttiham tərəfi Polad İsmayılovun ifadəsinə istinad edir. Adam özü bildirir ki, həmin ifadə ondan işgəncə altında alınıb. İfadəsində deyir ki, "öldürdüyüm bıçağı çaya atdım". Amma bıçaq evdə kranın altından tapılır. Evdən qatilin qanı tapılıb. Amma hadisədən sonra Polad İsmayılov ekspertizadan keçirilib, üstündə heç bir xəsarət olmayıb. Xəsarət olmayıbsa, deməli, oradakı qan da onun qanı ola bilməzdi".

Ali Məhkəmənin hakimləri də bəraət hökmünün əsaslı olduğu düşünərək onun qüvvədə saxlanmasına qərar veriblər.

Zabil Qəhrəmanov
Zabil Qəhrəmanov

"Ölüm kimi ağır cinayətdə ittiham olunmağın mənəvi tərəfi də var..."

Vəkil Z.Qəhrəmanov AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmə artıq yekun qərarını verib. Bundan sonra müvəkkili qanunsuz həbsdə saxlandığı dövrdə özünün və ailə üzvlərinin çəkdiyi maddi-mənəvi əziyyətlərə görə təzminat almaqdan ötrü məhkəmədə iddia qaldıracaq: "Bu, təqsiri olmadığı halda, cəzalandırılan hər bir şəxsin, o cümlədən Polad İsmayılovun da hüququdur. Yəqin ki, o bu hüququndan istifadə edəcək. Təqsirsiz adamı bir gün, bir saat da həbsdə saxlamaq olmaz. 4 il sözdə asan gəlir. Ölüm kimi ağır cinayətdə ittiham olunmağın mənəvi tərəfi də var...".

"Məni qurban seçmişdilər"

P.İsmayılovun 50 yaşı var. O, 2011-ci ilin fevralında Zaqatalada Seyran Əyyubovanı qətlə yetirməkdə suçlanıb. 61 yaşlı S.Əyyubova evində günlük kirayənişin saxlayırmış. Yük maşınının sürücüsü işləyən və Zaqataladakı daş bazarına gedib-gələn P.İsmayılov da onun evində dəfələrlə qalıb.

O, hadisədən 9 il sonra – 2020-ci ilin fevralında həbs edilib. Öncə ona polisə müqavimət ittihamı ilə – İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə 10 sutka həbs cəzası kəsilib. Sonradan S.Əyyubovanın qətlində suçlanıb və iddia edilib ki, P.İsmayılov inzibati həbsdə olduğu müddətdə məktub yazaraq 9 il öncə törətdiyi cinayətə görə vicdan əzabı çəkdiyini və indi etiraf etdiyini göstərib.

Bu ittihamla 2020-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 11 il həbs cəzası kəsilib. Şəki Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb, ancaq ötən ilin mayında Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edib. Bu işdə çoxsaylı ziddiyyətlər olduğu əsas gətirilərək yenidən araşdırılmaq üçün iş apellyasiya instansiyasına qaytarılıb.

P.İsmayılov Şəki Apellyasiya Məhkəməsindəki təkrar araşdırmalar zamanı bildirib ki, 9 il bağlı qalmış cinayətin üstünün açılması görüntüsünü yaratmaqdan ötrü onu qurban seçiblər. O, cinayətin işgəncə, təhdid yolu ilə boynuna qoyulduğunu vurğulayıb: "Əl-ayağımı skoçladılar, o qədər döydülər, deyiləsi deyil. Gördülər, alınmır. Eləmədiyim şeyi necə boynuma götürüm?! Məni övladlarımla hədələdilər, bir də dedilər ki, o murdar hərəkəti də boynuna qoyacağıq. Bildim ki, bunlardan nə desən, gözləmək olar. Övladlarım, ailəm var, mən o adla necə həyata davam eləyim, ona görə razılaşdım...".

XS
SM
MD
LG