Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:34

Jurnalistin əlində həkim rəyi var, prokurorluq isə 'xəsarət almayıb' deyir


Jurnalistlər etiraz edir. Media haqda yeni qanuna dəyişiklik ediləcək
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Jurnalistlər etiraz edir. Media haqda yeni qanuna dəyişiklik ediləcək (28.12.2021)

Jurnalist Nərgiz Absalamovanın əlində büzdüm sümüyünün sındığı yazılan tibbi sənəd olmasına baxmayaraq, prokurorluq belə nəticəyə gəlib ki, onun xəsarət alması təsdiqini tapmayıb. Səbail Rayon Prokurorluğu polis zorakılığı nəticəsində xəsarət aldığını deyən jurnalistin şikayəti əsasında cinayət işi başlamaqdan imtina edib. "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərarda iddia olunur ki, nə polisin jurnalistə qarşı zorakılıq göstərməsi, nə də onun xəsarət alması təsdiqini tapıb.

Absalamova 2021-ci il dekabrın 28-də bir qrup jurnalistin "Media haqqında" Qanunun qəbuluna etiraz olaraq, Milli Məclisin qarşısında keçirdiyi etiraz aksiyası zamanı xəsarət aldığını deyir. O bildirib ki, aksiya zamanı qadın polislərdən biri boğazından tutub, şapalaq vuraraq itələyib. Həmin vaxt arxası üstə səkidən yıxılıb: "Tədricən ağrılar hiss etməyə başladım. Travmatologiya İnstitutuna apardılar, müayinə zamanı məlum oldu ki, büzdüm sümüyü sınıb".

Polis əməkdaşı da təkzib edir

Jurnalist prokurorluqda ifadəsində əlavə edib ki, bir aya yaxın evdə müalicə alıb.

Absalamovanın vəkili həm Daxili İşlər Nazirliyinə, həm də prokurorluğa şikayət edib. Səbail Rayon Polis İdarəsindən jurnalistə göndərilən cavabda yazılıb ki, onlar araşdırma aparıblar, şikayətində göstərdiyi hallar təsdiqini tapmayıb. Ona qarşı qanunazidd hərəkətlərə yol verilməyib. Ona görə də araşdırma dayandırılıb.

Absalamovanın necə yıxıldığı əks olunan videogörüntülər də var. Prokurorluq müəyyənləşdirib ki, jurnalistin şikayətləndiyi polis əməkdaşı Ceyla Nağızadədir. Onu da prokurorluqda dindiriblər. Nağızadə deyib ki, rəhbərliyin göstərişi ilə dekabrın 28-də Milli Məclisin qarşısında qanunsuz yürüşdə xidmətdə olublar. Ancaq o, jurnalistə qarşı zorakılıq göstərməsi haqda iddiaları təkzib edib.

Prokurorluq sənədi nəzərə almayıb

Səbail Rayon Prokurorluğunda araşdırma dövründə ekspertiza təyin olunub. Məhkəmə-tibbi ekspertizasının rəyində yazılıb ki, "müayinə zamanı Absalamovanın bədəni üzərində hər hansı xəsarət aşkarlanmadı".

Amma jurnalistin əlində Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilmiş tibbi sənəd var. Orada büzdüm sümüyünün sındığı göstərilib. Lakin prokurorluq bu sənədi nəzərə almayıb. Qərarda da bunu belə əsaslandırıb: "Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilmiş tibbi sənəddə göstərilən diaqnoz obyektiv klinik-rentgeneloji, MRT (Maqnit Rezonans Tomoqrafiya) və məhkəmə tibbi əlamətlərlə öz təsdiqini tapmadığından sağlamlığa zərər vurmanın təyinində bu diaqnoz nəzərə alınmadı".

"Konkret faktlar, sübutlar, şahidlər var"

Jurnalistin vəkili Zibeydə Sadıqova prokurorluğun qərarını qanunsuz və əsassız hesab edir. Vəkil AzadlıqRadiosuna bildirib ki, qərarın ləğvi üçün məhkəməyə müraciət olunacaq: "Əlimizdə konkret faktlar, sübutlar, şahidlər var. Rentgen müayinəsinin nəticəsi var. Bunu necə inkar etmək olar?! Nərgiz Absalamovanın necə zorakılığa məruz qaldığını, yıxıldığını sübut edən görüntülər də var".

Bu il fevralın 8-də imzalanmış "Media haqqında" Qanunda Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya qaydaları, jurnalistin fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Bir neçə dəfə bir qrup jurnalist Bakıda Milli Məclisin önünə toplaşaraq layihəyə etirazlarını bildirmişdilər.

XS
SM
MD
LG