Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:17

'Əliyev elə bir məhkəmə sistemi yaradıb ki, hüququn şansı yoxdur'


Tofiq Yaqublu
Tofiq Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu polislər tərəfindən döyüldüyünü iddia etdiyi günə aid kamera görüntülərinin niyə verilməməsi ilə bağlı izahat tələb edir. Siyasi fəalın vəkili fevralın 22-də Səbail Rayon Məhkəməsində vəsatət qaldırıb ki, Daxili İşlər Nazirliyindən nümayəndə gəlsin, bu məsələyə aydınlıq gətirsin.

Məhkəmədə Yaqublunun Səbail Rayon Prokurorluğunun qərarının ləğvi üçün verdiyi şikayətə baxılır. Prokurorluq siyasi fəalın özünün özünə xəsarət yetirdiyini istisna etməyərək onun polislərə qarşı şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib.

Prokurorluqda bu məsələ ilə bağlı araşdırmalar gedən dövrdə vəkil Nemət Kərimli vəsatət təqdim etmişdi ki, Yaqublunun dekabrın 1-də Fəvvarələr meydanında tutulub 39-cu bölməyə necə aparıldığını və oradan nə vaxt, necə çıxdığını sübut etmək üçün kamera görüntüləri alınsın.

"Niyə məhz həmin kameralar?"

Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən isə prokurorluğa cavab verilmişdi ki, paytaxtın həmin ərazisində olan "Təhlükəsiz şəhər" və 39-cu bölmənin giriş-çıxışındakı kameraların görüntülərinin təqdim edilməsi texniki imkanlar xaricindədir.

Tofiq Yaqublunu özü-özünü döyməkdə ittiham edirlər...
Gözlə

No media source currently available

0:00 0:04:38 0:00

"Xahiş edirik, gəlib cavab versinlər, görək ki, niyə imkan xaricindədir? Pozublarmı, yoxsa ümumiyyətlə işləməyib? Niyə məhz həmin kameralar?", – vəkil məhkəmədə vəsatətini əsaslandırarkən deyib.

Müdafiəçi Yaqublunun özünün özünə xəsarət yetirməsini istisna etməyən ekspertin də dindirilməsini vacib sayır. Deyir ki, ekspert gəlib izah etsin ki, nəyə əsaslanaraq bu nəticəyə gəlib: "Desin görək Tofiq Yaqublu polis maşınında olanda başını hara vura bilərdi ki, gözləri o vəziyyətə düşərdi?".

""Məhkəmə gedir" görüntüsü yaratmaq üçündür"

Yaqublu özü isə prokurorluğun araşdırmaları birtərəfli apardığını bildirib. Onun sözlərinə görə, prokurorluq araşdırmalar zamanı polislərlə yanaşı, dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq" tələbiylə keçirilən aksiyada saxlanıb 39-cu bölməyə aparılan şəxsləri də dindirə bilərdi.

Məhkəmə kamera görüntüləriylə bağlı məsələyə müsbət cavab verməsə də, ekspertin dindirilməsi haqda vəsatəti təmin edib. Buna baxmayaraq, Yaqublu məhkəmədən müsbət nəticə gözləmir: "Sadəcə, "məhkəmə gedir" görüntüsü yaratmaq üçündür. Prokurorluq necə qərar veribsə, eyni üsulla – sifarişlə məhkəmə də qərar çıxaracaq. Biz də bu işi Avropa Məhkəməsinə göndərəcəyik. İlham Əliyev ölkədə elə bir məhkəmə-hüquq sistemi yaradıb ki, bu sistemdə hüququn şansı yoxdur".

Hüquq müdafiəçiləri ilə daxili işlər naziri T. Yaqublunu müzakirə edib
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Xatırlatma

Tofiq Yaqublu dekabrın 1-də günorta saat 15:00 radələrində Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən siyasi fəal Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Siyasi fəal bildirib ki, öncə 39-cu polis bölməsində döyülüb, daha sonra gözləri bağlı vəziyyətdə harasa aparılarkən işgəncələr davam edib.

Səbail Rayon Prokurorluğu Yaqublunun şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib. Prokurorluq belə nəticəyə gəlib ki, onun döyülməsində cinayət tərkibi yoxdur.

"Tofiq Yaqublunun bədəni üzərində aşkar edilmiş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsini nəzərə alaraq, şəxsin özü tərəfindən özünə xəsarət yetirməsi nəticəsində və yaxud da sifət nahiyəsini avtomaşının müxtəlif hissələrinə vurması nəticəsində əmələ gəlməsi inkar edilmir", - prokurorluğun qərarında belə yazılıb.

XS
SM
MD
LG