Gəncədə 13 ildir 26 saylı orta məktəb-lisey kompleksinə rəhbərlik edən Valeh Rüstəmov nənə və nəvəsini məhkəməyə verib. Səbəb isə onların direktordan Gəncə şəhər İcra Hakimiyyətinə, şəhərin Baş Polis İdarəsinə, Baş Prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etməsidir. Direktor bu şikayətlərlə şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurulduğunu iddia edir. Buna görə onlardan üzr, təkzib, 30 min manat da kompensasiya tələb edir.
V.Rüstəmov iddia edir ki, işinin öhdəsindən layiqincə gəlib, amma ondan əsassız şikayət ediblər: «Mənə böhtan atılıb. İztirab keçirmişəm, xəstəliyə tutulmuşam, hələ də özümə gələ bilməmişəm...».
Mirvari Şabanova müxtəlif dövlət orqanlarına şikayətlərində yazıb ki, direktor nəvəsi Sevinc Behbudovanı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini təyin etdirəcəyinə söz verib. Bundan ötrü onlardan 11 min manat pul alıb. Lakin vəzifə vədinə əməl etməyib, pulu da qaytarmır.
Məhkəmə şikayəti rədd edib
V.Rüstəmov bu məsələnin yalan olduğunu bildirir. Direktor üzr, təkzib və kompensasiya tələbiylə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində iddia qaldırıb. Amma onun iddiası təmin edilməyib. Narazı qalan direktor öncə Gəncə Apellyasiya Məhkəməsinə üz tutub. Bu qərar da onu qane etmədiyindən Ali Məhkəməyə kassasiya şikayəti verib.
Nənə və nəvənin cəzalandırılmasında israrlı olan direktor fevralın 2-də Ali Məhkəmədə bu işə baxılanda gəlməyib.
Cavabdehlər M.Şabanova və S.Behbudova isə gəlib, dövlət orqanlarına yazdıqlarının doğru olduğunu iddia ediblər.
Ali Məhkəmə də məktəb direktorunun şikayətini rədd edib. Əsas kimi isə onu göstərib ki, Konstitusiya da, qanunlar da vətəndaşa dövlət orqanlarına şikayət etmək hüququ verir. Buna görə vətəndaşı cəzalandırmaq olmaz.
Üstəlik, V.Rüstəmovun özünə müavin təyin etdirmək adıyla pul alması məsələsi prokurorluqda araşdırılıb. Direktorun barəsində cinayət işi başlanması rədd edilib.
«Prokurorluğun qərarından görünür ki, Valeh Rüstəmov Mirvari Şabanovadan pul (5 min manat) aldığını qismən təsdiq edib», – Ali Məhkəmənin qərarında yazılıb.
Direktor pulu kimisə vəzifəyə təyin etdirmək adıyla almadığını bildirib. Dediyinə görə, ona pul lazım olduğundan borc alıb, sonra da qaytarıb.