Güzəştli şərtlərlə sosial evlər almaq istəyən bir qrup adam indi məhkəmə qapılarında qalıb. Əllərində olan pulu veriblər, amma nə ev sahibi ola biliblər, nə də pullarını geri alıblar. Bu məsələyə görə cinayət məsuliyyətinə cəlb olunan isə polis olub. Nərimanov Rayon Polis İdarəsinin keçmiş əməkdaşı Tural Həsənov adamları aldadıb pullarını ələ keçirməkdə suçlanır. İddia olunur ki, keçmiş polis təkcə sosial evlər yox, əcnəbiləri Bakıda qeydiyyata saldırmaq, işə düzəltmək adıyla da xeyli adamı aldadıb.
İndi T.Həsənov CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə məhkəmə önünə çıxarılıb. 15 nəfər zərərçəkmiş var. Onların bir qismi verdiklərindən əlavə, mənəvi ziyana görə də pul tələb edirlər. İttihama görə, T.Həsənov zərərçəkmişlərin hər birindən 15 min manatdan 45 manata qədər pul alıb.
Sabiq polis özünü qismən təqsirli bilir. Deyir ki, aldığı pulu özü mənimsəməyib, işi düzəldəcək adamlara verib – istər Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA), istərsə də Dövlət Miqrasiya Xidmətində. Etiraf edir ki, özü də vasitəçiliyə görə qazanc güdüb. Məsələn, sosial evlərdən ötrü hər adamdan aldığı puldan 1000 manat ona çatıb:
«Pulları Mənzil İnşaatı Dövlət Agentliyinin işçisi Asif Nəzərova vermişəm. Bu adamların pulundan 1000 manat qazanmışam. Marağım da bu olub. Amma Asif məni aldadıb. Mən ondan şikayətçiyəm. Bu adam tapılmır, axtarışa verilib. Onu tapıb, camaatın pulunu almaq lazımdır».
Əlavə edib ki, sosial ev almaq istərkən ziyana düşən adamlardan bir neçəsinin pulunun bir hissəsini öz hesabına qaytarıb.
İran vətəndaşı qeydiyyatdan keçmək istəyib
Zərərçəkənlər arasında İran vətəndaşı da var, Forouzandeh Nikrouz Rashid oğlu. O, məhkəmədə danışıb ki, Azərbaycanda yaşamaq və işləmək üçün qeydiyyatdan keçməliydi. T.Həsənov bu məsələdə ona kömək edəcəkdi: «Dövlət Miqrasiya Xidmətindən lazım olan rəsmi sənədləri Tural Həsənov həll edəcəkdi. Nərimanov Rayon Polis İdarəsində işləyirdi. Bir neçə dəfə onunla Nərimanovdakı parkda görüşmüşəm. Pulu hissə-hissə ödəmişəm. Bir neçə dəfə də Miqrasiya Xidmətinə birlikdə getmişik. Mən orada gözlədim. Özü binaya gedib qayıtdı...».
Əcnəbi zərərçəkmiş bildirir ki, aldadıldığını başa düşəndə Turalın iş yerinə gedib, polis rəisiylə görüşüb. Eşidib ki, Tural işdən çıxıb. Ondan alınmış 27 min manatın 13 mini qaytarılıb. Deyir ki, qalan pulunu da tələb edir: «Rəis dedi ki, sən ona niyə pul vermisən? Cavab verdim ki, mən nə bilərdim ki, belə olacaq? Mənə polkovnik-leytenant olduğunu demişdi. İnanmışdım ona...».
Keçmiş polis onun söylədiklərinə cavab verib. Bildirib ki, İran vətəndaşından aldığı pulu Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Mikayıl Fərəcova verib. İndi o da həbsdədir: «Mən pulu Mikayıla vermişdim. İşi o həll edəcəkdi. Amma məni aldatdı. Mən də ondan şikayət elədim. Mikayıl da tutulub».
Güzəştli şərtlərlə ev almaq istəyənlər də danışıb. Onların ifadələri bir-birinə bənzəyib. Deyiblər ki, Tural onlara MİDA-da tanışı olduğunu deyib, işin müsbət həllinə söz vermişdi. Amma heç biri ev ala bilməyib.
Zərərçəkmişlərdən Qabil İsmayılovdan pul torpaq sənədləşdirilməsi, Anar Aslanovdan polisə işə düzəlmək, İlham Babayevdən isə haqqındakı məhkəmə işini həll etmək adıyla alınıb.
Məhkəmə araşdırmaları davam edir.
Keçmiş polisin ittiham olunduğu CM-in 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.