Bugünlərdə Bakıya yağan yağışdan sonra bəzi qəsəbələri, küçələri su basıb. Evlərə, ticarət mərkəzlərinə, məişət obyektlərinə, eləcə də avtomobillərə ziyan dəyib. Bəzi avtomobillər, az qala, bütünlüklə yağış sularının altında qalıb. Bəs bu halda onlara sığorta ödənə bilərmi?
Kasko sığortan yoxdursa, avtomobilin kimi özün də batdın
“Paşa sığorta”nın əməkdaşı Elvira Ağacanova AzadlıqRadiosu-na deyir ki, Azərbaycanda iki cür sığorta mövcuddur: icbari və kasko. Şirkət yalnız kasko sığortası olanlara dəyən ziyanı ödəyə bilər. Ancaq bundan ötrü də mütəxəssislər baş verənlərin təbii fəlakət olduğunu təsdiqləməlidirlər.
Buna da bax: 'Quşçuluq massivi'ndə evləri su basıb [Video]
“İcbari sığorta qarşı tərəfə vurulmuş ziyanın ödənilməsi üçündür. Yəni Allah etməmiş, bir hadisə baş verərsə, avtomobillə başqasının avtomobilinə, əmlakına və ya şəxsə ziyan vurularsa, icbari sığorta bunu ödəyir. Kasko sığorta isə birbaşa avtomobilin özünə aiddir. Sığorta bu hadisələrdə ödənilə bilər: avtonəqliyyat hadisəsi zamanı, üçüncü şəxsin qanunazidd hərəkəti nəticəsində, yanğın, partlayış və təbii fəlakət hadisəsi vaxtı. İndi sözügedən hadisə təbii fəlakətə aiddir, əslində, bu təbii fəlakət kimi qeydə alınmalıdır ki, biz o ödənişi edə bilək. Və dediyim kimi, avtomobil sahibinin kasko sığortası varsa və hadisə təbii fəlakət kimi qeydə alınarsa, vətəndaşa dəyən ziyan ödənir”, – “Paşa Sığorta”nın əməkdaşı izah edir.
Bəs baş verənlərin təbii fəlakət olduğu necə müəyyənləşdirilir?
Elvira Ağacanova deyir ki, bunu şirkətin əməkdaşları aydınlaşdırırlar: “Qəza komissarları hadisə yerində olur, yoxlama aparırlar. Onlar bu məqsədlə hidrometeoroloji stansiyalara gedirlər və ordan hadisənin fəlakət kimi qeydə alınması üçün sənəd təqdim olunmalıdır. Bu halda ziyan ödənir”.
Buna da bax: Azərbaycanda sığorta sistemi necə işləyir? [video]
Kasko sığortası olan 25-30 min nəfərmiş?
Siğorta eksperti Xəyal Məmmədxanlı təəssüflənir ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda kasko müqaviləsi bağlayanlar çox azdır: “Ölkədə təxminən 1 milyon 300 min avtomobil var, bəlkə bir az da artıq. Amma bunun cəmi 25-30 mininin kasko sığortası var. Təxminən 30 min manatlıq avtomobilin kasko sığortalanması üçün illik 700-800 manat tələb olunur”.
Ekspert deyir ki, o, hazırda hər kəsin cibinə uyğun kasko sığortası üzərində işləyir, şərtləri açıqlamasa da, bir ay sonra bu haqda açıqlama verəcəklərini bildirir.
“Məhz bu kimi hallardan qorunmaqdan ötrü bunun üzərində işləyirik. Hamı deyir ki, kasko sığorta bahalıdır, o qədər pul verməyə əlim gəlmir. Ona görə də yeni variant üzərində işləyirik ki, hər kəsə əlçatan olsun”, – Məmmədxanlı deyir.
Buna da bax: 'Nə qazanırsan ki, nə də sığorta olunasan?'
Sığorta eksperti: “Bu, təbii fəlakətdir... Bu, insanlara qəsddir”
Qaldı baş verənlərin təbii fəlakət olub-olmamasına, sığorta eksperti əminliklə bildirir ki, konkret bugünlərdə baş verən subasmadır və təbii fəlakət sayılır. O, ötən il bu cür hallarla bağlı bir neçə şəxsə kasko sığortanın ödəndiyini də əlavə edir.
Xəyal Məmmədxanlının sözlərinə görə, şirkət kasko sığortası olanlara dəyən ziyanı yalnız bir halda ödəməyə bilər – müqavilədə konkret olaraq sel, subasması və sair risklərdən imtina edilsin. “Ancaq bu hallar əksər hallarda müqavilələrə daxil edilir. Düzdür, bəzən sığorta şirkətləri təbii fəlakətlə bağlı dəyən ziyanı ödəməkdən imtina edirlər. Ancaq bu, təkcə təbii fəlakət deyil. Fəlakət bu yolları inşa edən insanların özləridir. Hər il ölkədə bu hadisə iki-üç dəfə təkrarlanırsa, bəzi yerlərdə kanalizasiya, suötürücülər yoxdursa, su yığılıb küçələrdə qalırsa, insanlara zərər dəyirsə, bu, artıq insanlara qəsddir”, – ekspert bildirir.
Buna da bax: Qarabaqqal kənd sakini: 'Yağıntı davam etsə, çörəksiz qalacağıq'
“Sığorta şirkəti aidiyyatı qurumları məhkəməyə verməlidirlər”
Xəyal Məmmədxanlı bunu da deyir ki, sığorta şirkətləri suyun içində qalan avtomobillərə dəyən zərəri ödəməklə yanaşı həmin yolu, körpünü çəkən qurumdan ödədiyi pulu məhkəmə yolu ilə geri tələb etməlidirlər: “Buna qanunvericilikdə reqres deyilir. Yəni sığorta şirkəti zərəri ödəyir, ancaq zərərin vurulmasında təqsiri olandan pulunu geri tələb edir”.
Bəs vətəndaş özü necə, dəyən ziyanı ödətmək üçün məhkəməyə üz tuta bilərmi? Ona dəyən ziyanı hökumət ödəməlidirmi?
Buna da bax: Avtomobil sığortası bazarı kiçilib
İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda belə məhkəmə işlərinin perspektivi yoxdur:
“Azərbaycanda məhkəmədə dövlət orqanlarını udmaq mümkünsüzdür. Hökumət qurumlarının normadan artıq yağış yağması ilə bağlı arayış təqdim etməklə məhkəmədən özlərinin xeyrinə qərar çıxarılmasına nail olmaq ehtimalı böyükdür. Amma məhkəməyə müraciət edilməsi çox yaxşı olardı, ən azından dövlət qurumlarında məsuliyyət yaranardı”.
Ekspert onu da qeyd edir ki, başqa ölkələrdə bu cür təbii fəlakət zamanı vətəndaşa dəstək olurlar: “Məsələn, Floridada bir neçə il qabaq böyük qasırğa baş vermişdi. O zaman çox sayda avtomobillərə ziyan dəymişdi, ABŞ hökumət tərəfindən sürücülərə bir sıra güzəştlər edildi. Amma Azərbaycanda belə bir presedent olmayıb. Və kasko sığortası olmayanlar, çox güman, bütün xərcləri özləri ödəməli olacaqlar”.