Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:10

'Nə qazanırsan ki, nə də sığorta olunasan?'


Fəhlələr
Fəhlələr

Regionların inkişafı ilə bağlı dövlət proqramları, «İşsizlikdən sığorta haqqında» qanun layihəsi və Azərbaycanda məhkəmə sistemi bu gün (05 iyun, 2017-ci il) medianın aparıcı mövzularındandır...

«BOZ MAAŞLARA SON QOYULMALIDIR»

«Novoye Vremya» qəzetində «Bizim maaşlarımız məcburi sığortaya davam gətirə bilərmi?» sərlövhəli məqalədə parlamentin müzakirəsinə çıxarılan «İşsizlikdən sığorta haqqında» qanun layihəsi dəyərləndirilir.

Müəllif yazır ki, parlament «İşsizlikdən sığorta haqqında» qanun layihəsini qəbul etdikdən sonra icbari sığorta ödənişlərini həm işçilər, həm də işəgötürənlər ödəyəcəklər. Həmin ödənişlər Əhalinin Məşğulluğu üzrə Dövlət Xidməti Fonduna daxil olacaq.

Yazıda bildirilir ki, əgər qanun layihəsi qəbul edilərsə, artıq 2018-ci ilin yanvarından dövlət işsizliyə görə müavinətin yeni şərtlərlə ödənilməsinə başlayacaq.

Qanun layihəsinə görə, dövlət 9 ay işsizliyə görə müavinət ödəyəcək. 9 ay ərzində verilən müavinət tədricən azalacaq:

«İşsizlikdən sığortalanma bütün dünya ölkələrində adi təcrübədir. Bizdə icbari sığortanın bəzi növləri gecikmələrlə qəbul edilir. Yalnız mürəkkəb iqtisadi durum, dövlət büdcəsinə daxilolmaların azalması, neftin qiymətinin aydın olmayan gələcəyi hökuməti bu sahədə aktiv fəaliyyətə vadar etdi».

Yazıda bildirilir ki, ölkədə sığorta sisteminin inkişaf edə bilməsindən ötrü boz (qeyri-rəsmi) maaşların verilməsinə son qoyulmalıdır. Bu sahədə şəffaflıq təmin edilməlidir.

Müəllif hesab edir ki, Azərbaycan təkcə icbari sığortalanmanın tətbiqi üzrə bəzi məsələlərdə geri qalmır, həm də əhalinin gəlirləri də aşağıdır. Mövcud gəlirlərlə təminatlı şəkildə sığortalanmaq mümkün deyil.

Eldar Zeynalov
Eldar Zeynalov

TOXUNULMAZLIQ CƏZASIZLIĞA DÖNƏNDƏ

«Exo» qəzetində «Azərbaycanda hakimləri məsuliyyətə necə cəlb etmək olar?» sualına hüquq müdafiəçisi Eldar Zeynalovla cavab axtarılır.

«Azərbaycanda hakimlər bütün münasibət sistemində toxunulmazdır. Hətta hakimlərin ədalətsiz qərar qəbul etməsi aşkar edildikdə belə, məsuliyyətə cəlb olunmurlar. İnsan taleyini məhv eləsə belə, hakim üçün ciddi bir risk yoxdur», - deyə qəzetə E.Zeynalov bildirib.

Hüquq müdafiəçisi vurğulayır ki, Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən bir çox şikayətlərdə Azərbaycan məhkəmələrinin dorumu aydın şəkildə ortaya qoyulub:

«Amma indiyə kimi qeyri-obyektiv qərara görə Azərbaycan hakimlərindən heç kimi cəzalandırmayıblar. Azərbaycanda ictimaiyyətin yaxından izlədiyi məhkəmə prosesləri keçirilib, orada ədalətsiz qərarlar verilib, cəmiyyətdə hay-küy yaradıb. Bununla belə bu hakimlər cəzasız qalıblar».

E.Zeynalov düşünür ki, cərimələri artırmaqla bəzi hakimləri ədalətsiz qərarlardan çəkindirmək mümkün deyil:

«Əgər qərarın qanunsuzluğu müəyyən edilibsə, hakim azadlıqdan məhrum edilərək cəzalandırılmalıdır».

E.Zeynalov deyib ki, toxunulmazlıq hakimlərə vicdanını və qanunları qoruyub ədalətli qərarlar çıxarmalarından ötrü verilib. Amma bəzi hallarda hakimlər bu toxunulmazlıqlarından qanunu pozmaq məqsədilə istifadə edirlər.

Yol tikintisi
Yol tikintisi

REGİONAL İNKİŞAF

«Azərbaycan» qəzetində «Regional inkişafda mühüm mərhələ» sərlövhəli məqalə dərc edilib.

Yazıda müəllif regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsinin əhəmiyyətini dəyərləndirir.

Yazıda vurğulanır ki, bu proqramların həyata keçirilməsi qeyri-neft sektorunun tərəqqisinə və ixrac imkanlarının genişlənməsinə gətirib çıxarıb. Bölgələrin inkişafı iqtisadiyyatın sabit tempini qorumaq baxımından vacib şərtlərdəndir:

«Dövlət başçısı İlham Əliyevin son 14 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır».

Müəllifə görə, «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının üçüncü ilinin nəticələri təsdiq etdi ki, qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlər uğurla davam etdirilib. Dövlət proqramı çərçivəsində görülən işlər regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni müəssisə və iş yerlərinin açılmasına, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına gətirib çıxarıb.

Müəllif bildirir ki, iqtisadiyyatın şaxələndirilməsi tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektoru davamlı inkişaf edib:

«Mürəkkəb xarici iqtisadi mühit, o cümlədən dünya enerji bazarında qeyri-sabitlik yaranmasına, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyasına baxmayaraq, Azərbaycanda qeyri-neft sektorunda artımın əldə olunması təqdirəlayiq haldır».

XS
SM
MD
LG