Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 14:26

Keçmiş nazir korrupsiya və peyin suçlamalarını cavabladı


Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov
Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov

Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov rəhbərlik etdiyi qurumda korrupsiya zənciri haqda iddialara reaksiya verib.

Hüquqi təmsilçisi cavabladı

Sabiq nazir keçmiş işçisinin - nazirliyin Hidrometeorologiya Departamentinin baş mühasibi olmuş İlqar Hacıyevin onun barəsində məhkəmədə səsləndirdiyi suçlamaları cavablayıb. Amma hüquqi təmsilçisi Anar Rzayev vasitəsilə.

451 min manatlıq yeyintidə - adı olub, özü olmayan işçilərin adlarına maaş yazıb mənimsəməkdə suçlanan İ.Hacıyev məhkəmə önündə tək deyil. O, Hidrometeorologiya Departamentinin keçmiş rəhbəri Əkbər Həsənov və bu qurumun daha üç işçisi ilə birlikdə mühakimə olunur.

Üzüm bağları üçün peyin axtarışı…

İ.Hacıyev iddia edir ki, mövcud olmayan işçilərin adlarına maaş yazılmasından sabiq nazirin də xəbəri vardı; təkcə onların departamenti hər ay H.Bağırova 10 min manat pul verirdi; rayonları gəzib, onun üzüm bağlarından ötrü peyin axtarıblar; 2018-ci ilin prezident seçkisi ərəfəsində nazir Hidrometeorologiya Departamentindən 265 min pul alıb və s.

«Məsuliyyətdən yayınmaq cəhdidir»

Sabiq nazirin hüquqi təmsilçisi A.Rzayev isə bütün bunları «iftira», «cəfəngiyat» adlandırır. Deyir ki, görünür, İ.Hacıyev məsuliyyətdən yayınmaqdan ötrü bu cür yalanlar səsləndirir: «Baş mühasibin keçmiş ekologiya naziri Hüseynqulu Bağırov barəsində verdiyi bəyanatlar həqiqəti əks etdirmir. İttiham aktında təqdim olunan faktlar ətrafında spekulyasiyalar etməklə, məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil».

«Məhkəmədə səsləndirilənlər həqiqəti əks etdirmir»

A.Rzayevin sözlərinə görə, ortada açıq-aşkar ziddiyyətlər var: «2018-ci ilin oktyabr-noyabr aylarında həyata keçirdikləri «əməliyyatları» Hüseynqulu Bağırovun adı ilə əlaqələndirmək ən sadə məntiqlə də gülünc görünür. Onlar Hüseynqulu Bağırov vəzifədən ayrıldıqdan sonrakı dövrdə - 2018-ci ilin may ayından həmin ilin dekabrına qədər törətdikləri cinayətlərə görə təqsirləndirilir. Birmənalı şəkildə bildiririk ki, məhkəmədə səsləndirilənlər həqiqəti əks etdirmir və deyilənləri qətiyyətlə rədd edirik. Görünür, təqsirləndirilənlər və onları təmsil edən şəxslər inanırlar ki, ağlasığmaz iftiralardan, cəfəngiyatlardan ibarət bəyanatlar məsuliyyətdən yayınmaqda onlara kömək edəcək».

«50 min prezident seçkilərinə, 215 min zavod tikintisinə»

İ.Hacıyev də məhkəmədə bildirib ki, onlar H.Bağırov vəzifədən gedəndən sonra da sözügedən kartlardan pul çıxarmağa davam ediblər. Onun sözlərinə görə, H.Bağırov 265 minin 50-sini prezident seçkilərinə hazırlıq, 215 minini isə Salyanda iki zavodun tikintisindən ötrü alıb. Deyib ki, bunun aylıq 10 min manata aidiyyəti yoxdur, prezident seçkisindən sonra yenidən nazir postuna təsdiqlənib, qaytaracaq. Amma elə olub ki, təsdiqlənməyib və faizlə götürdükləri pulu qaytarmaqdan ötrü həmin maaş kartlarından yararlanıblar.

Təqsirləndirilən şəxslərə CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Ə.Həsənov 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor müavini və direktor işləyib. O, Muxtar Babayev nazir təyin ediləndən sonra vəzifəsindən çıxarılıb.

XS
SM
MD
LG