Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb.
43 bənddən ibarət olan bu Bəyannamədə hərbi, siyasi, iqtisadi aspektlərdə əməkdaşlıq və onun gücləndirilməsindən bəhs edilir. Sənədin giriş hissəsində bildirilir ki, Rusiya ilə Azərbaycan öz münasibətlərini müttəfiqlik, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və mübahisələrin dinc yolla həlli prinsiplərinə sadiqlik əsasında qurur.
Rus icması: "Azərbaycan və Rusiya müttəfiqdirlər"
Azərbaycanın rus icmasından "Turan"a bildirilib ki, bəyannamə imzalayandan sonra Azərbaycan və Rusiya sadəcə tərəfdaş deyil, həm də mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər üzrə müttəfiqdirlər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da agentliyə deyib ki, bəyannamə bərabərhüquqlu bir sənəddir. O qeyd edib ki, bu, iki ölkə arasında ilkin belə sənəd deyil: "Müttəfiqlik haqqında imzalanan bəyannamə də özündən əvvəlkilərini təsdiq edir və daha irəli gedib artıq müttəfiqliyini təsdiqləyir. Burada hər iki dövlətin və xalqların bütün mənafeləri, maraqları, müstəqillikləri, təhlükəsizliyi nəzərə alınır".
"Bu müqavilədən qabaq artıq söz-söhbət başlamışdı ki…"
Onun fikrincə, burada nədənsə şübhələnməyə dəyməz: "Mən də oxuyuram ki, bu müqavilədən qabaq artıq söz-söhbət başlamışdı ki, Rusiya yenidən Sovet İttifaqını bərpa etmək istəyir. Belə söhbətlər var. Bu istiqamətdə heç kimin fikirlərinə qarşı çıxmaq düzgün deyil, hər kəs öz fikrində müstəqildir. Amma mənə elə gəlir ki, bu imzalanan müqavilə dövlətlərimiz arasında olan əlaqələrin daha da genişlənməsi, bütün istiqamətlərdə münasibətlərin, əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək".
Siyasi şərhçi Ərəstun Oruclu isə "Moskva deklarasiyası" deyilən sənədi Rusiyanın Azərbaycanı öz nəzarətinə keçirmək cəhdi kimi qiymətləndirib.
"…Azərbaycan Rusiya ilə razılaşdırılmış siyasət həyata keçirsin"
Onun AzadlıqRadiosuna bildirməsinə görə, həmin sənəddəki bütün bəndlər məhz buna yönəlib və həsr olunub ki, Azərbaycan Rusiya ilə razılaşdırılmış siyasət həyata keçirsin. Onun fikrincə, bu sənədin məhz indi meydana çıxması və imzalanması heç də təsadüfi deyil: "Bu, daha çox Şuşa bəyannaməsinin ratifikasiyasına olan cavabdır. Rusiya anlayır ki, həmin o Şuşa bəyannaməsi ratifikasiya olunduqdan sonra Azərbaycan Türkiyə ilə tərəfdaşlığa üstünlük verir, Azərbaycanın xarici siyasət vektoru Türkiyə tərəfə yönəlir və bunun qarşısını almaq üçün belə bir sənəd ortaya atıb". (Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi 2021-ci ilin iyununda imzalanıb)
Ekspertin qənaətincə, Azərbaycana bu cür anlaşma lazım deyil: "Elə bir anlaşma heç bir halda Azərbaycanın müstəqilliyinə və suverenliyinə xidmət edə bilməz və etməyəcək. Xüsusilə Rusiyanın indiki dönəmdə aqressiv siyasət yürütməsi bunu tam olaraq deməyə əsas verir".
"Suverenliyin təhvil verilməsi haqda sənəddir"
"Mən sazişi oxudum. Bu, suverenliyin təhvil verilməsi haqda sənəddir". Bunu isə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç fevralın 22-də Moskvada imzalanmış "Rusiya və Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında" Bəyannaməni "Turan"ın Vaşinqton müxbirinə şərh edərkən deyib.
"Rusiyanın daim hərbi iştirakı (artıq müvəqqəti sülhməramlı qüvvələr yox) və Azərbaycanın üçüncü ölkə (ABŞ) və təşkilatlarla (NATO) münasibətlərinə veto hüququ olacaq", - Kozlariç ehtimal edir.
Keçmiş səfir əlavə edib ki, bu addım Avropa ölkələrinin Azərbaycana mühüm alternativ qaz təchizatçısı kimi baxdıqları vaxtda baş verir.
R.Kozlariç bəyannamənin qəbul olunma tarixi ilə bağlı sualın cavabında deyib ki, "Putinə müttəfiqlər lazımdır və Əliyev onu məyus etmək fikrində deyil".
Xatırlatma
Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb. 43 bəndlik sənəddə hərbi, siyasi, iqtisadi və başqa aspektlərdə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir. Məsələn, sənədin 7-ci maddəsində qeyd edilir ki, Rusiya və Azərbaycan aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər.
"Rusiya və Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar", - 11-ci maddədə vurğulanır.
Üstəlik, qeyd edilir ki, tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.
"Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər", - 17-ci bənddə də yazılıb…
Sənəddə həmçinin iqtisadi, maliyyə və humanitar sahələrdə əməkdaşlıqdan bəhs edilir.