Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:30

Şuşa Bəyannaməsi imzalandı (Videolar)


Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb

İlham Əliyev: “Bəyannamədə müdafiə, müdafiə sənayesi sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri əksini tapır”

Azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan birgə Bəyannamə iki ölkənin gələcək işbirliyinin istiqamətini göstərir.

Bunu prezident İlham Əliyev iyunun 15-də Şuşa şəhərində Türkiyə prezidenti Recep Tayyip Erdoğanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bəyannamədə bir çox önəmli məsələlər əksini tapır.

"Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti - demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyi, Cənub Qaz dəhlizinin önəmi Türkiyə, Azərbaycan, Avropa üçün göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır. Onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işbirliyi və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə əksini tapır. Bu, tarixi nailiyyətdir".

Erdoğan: "Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür"

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan mətbuat konfransında Qarabağı yenidən ayağa qaldıracaq fəaliyyətləri yaxından izlədiyini bildirib.

“Şuşaya gələrkən aparılan işləri gördük, gördünüz. İnfrastrukturla bağlı gərgin iş gedir. Bir tərəfdən yollar salınır, bir tərəfdən elektrik stansiyaları açılır, bir tərəfdən yüksək gərginlikli xətlər çəkilir. Bütün bunlarla bərabər susuz olan bu bölgələr suya qovuşur. Bütün bu işlər hazırda sürətlə davam edir və İnşallah, bölgə qısa vaxtda hava limanlarına da qovuşacaq".

Erdoğan qeyd edib ki, hava limanlarına da qovuşduqdan sonra buralara gəliş-gediş daha da artacaq və bölgə turizmdə də ciddi sıçrayışa nail olacaq.

“Qarabağ təkrar keçmiş şöhrətinə qovuşacaq, buna heç bir şübhəm yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd kimi Qarabağın qədim yaşayış məskənlərinin təkrar inkişaf etdiyi günləri yaxında birlikdə görəcəyik”.

Erdoğan bildirib ki, Türkiyə Qarabağın yenidən qurulması prosesində Azərbaycana hər cür dəstək verir və verməkdə davam edəcək.

Texnologiya transferi

Türkiyə prezidenti həmçinin deyib ki, pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün səylər qətiyyətlə davam etdirilir.

Onun sözlərinə görə, bütün bunlardan başqa müdafiə sənayesi sahəsində iki ölkə arasında əlaqələr texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiriləcək.

44 günlük Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının önəmini xüsusi vurğulayan Türkiyə Prezidenti deyib ki, müdafiə sənayesi sahəsində əlaqələr bundan sonra daha fərqli şəkildə inkişaf edəcək.

"Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə istehsal mərkəzi olma imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür".

***

Türkiyə Respublikası Şuşada konsulluq açacaq.

Bu haqda Türkiyə Prezidenti Recep Tayyip Erdoğan mətbuat konfransında deyib.

+++

İyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalayıblar.

+++

"Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır".

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib.

Dövlət başçısının sözlərinə görə, bəyannamədə "Zəngəzur dəhlizi"nin açılması məsələsi də öz əksini tapır.

Rəsmi qarşılanma

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Türkiyə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Əliyev Ərdoğanı Füzulidə qarşılayıb

İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

Ərdoğan Azərbaycana gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Bu haqda AZƏRTAC xəbər yayıb.

Türkiyə Prezidenti R.T.Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Ərdoğan ötən il işğaldan azad edilən Füzuli və Şuşa şəhərlərində səfərdə olacaq, iki ölkə arasında tammiqyaslı sənəd imzalanacaq.

İyunun 16-da iki dövlət başçısı Bakıda AVRO-2020 oyunları çərçivəsində Türkiyə-Uels qarşılaşmasını izləyəcəklər.

XS
SM
MD
LG