Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:56

25 ildir Azərbaycanda yaşasa da, vətəndaş ola bilmir


Pasport
Pasport

Şamaxı rayonunun İkinci Çaylı kəndinin sakini Elnarə Həsənova deyir ki, 25 ildir Azərbaycanda yaşayır. Amma ona Azərbaycan vətəndaşlığı verilmir.

41-yaşıl E.Həsənova əslən azərbaycanlıdır. Ancaq o, 1979-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 15 yaşı olanda - 1994-cü ildə valideynləri ilə birlikdə Azərbaycana köçüb, Şamaxı rayonunun İkinci Çaylı kəndində məskunlaşıblar. Qonşu kənddə məktəbi bitirəndən sonra elə İkinci Çaylıda Azərbaycan vətəndaşı ilə ailə qurub, üç övladı doğulub. Onun sözlərinə görə, övladlarından biri Azərbaycan ordusunda xidmət edib. Hazırda da İkinci Çaylı kəndində yaşayır.

Ü.Həsənovanın sözlərinə gərə, bütün bu sadaladıqlarını kənd sakinləri, kənd icra nümayəndəsi də təsdiqləyə bilər.

«Nəinki 5 il...»

Bildirir ki, Azərbaycan vətəndaşı olmaqdan ötrü Dövlət Miqrasiya Xidmətinə də üz tutub. Amma «yox» cavabı alıb. Səbəb kimi isə Miqrasiya Xidmətində qeydə alınmaması göstərilib.

Dediyinə görə, bu idarədə ona tövsiyə edilib ki, son 5 ildə Azərbaycanda yaşaması faktını məhkəmə qərarı ilə təsdiqlətdirsin.

«Mən nəinki 5 il, hətta 25 ildir ki, Azərbaycanda yaşayıram. 2005-ci ildən isə Gürcüstan vətəndaşlığından çıxmışam», – E.Həsənova şikayətində yazır.

O, tövsiyəyə əməl edib, Azərbaycanda yaşaması faktının tanınması üçün məhkəməyə üz tutub. Amma Şamaxı Rayon Məhkəməsi ötən ilin iyulunda onun iddiasını təmin etməyib. Məhkəmə qərarında göstərib ki, E.Həsənova Azərbaycanda yaşamasını təsdiqləyən yetərincə sübut ortaya qoymayıb: «Halbuki, mən kifayət qədər sənəd təqdim etmişəm. Qərarda yazılıb ki, guya mən Azərbaycanda qanuni əsas olmadan yaşamışam, gəlir mənbəyim barədə məlumat yoxdur. Şəxsiyyət vəsiqəm olmadığına görə heç yerdə işləyə bilməmişəm. Həyat yoldaşım da ikinci qrup əlildir».

E.Həsənova Şamaxı Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Fevralın 25-də Sumqayıt Apellyasiya Məhkəməsi bu məsələyə baxıb. Bu instansiyada Gürcüstan Ədliyyə Nazirliyinin məktubu da araşdırılıb. Orada göstərilib ki, Gürcüstan prezidentinin 7 may 2005-ci il tarixli əmri ilə E.Həsənova Gürcüstan vətəndaşlığından çıxıb.

Apellyasiya məhkəməsi E.Həsənovanın şikayətinə müsbət cavab verib. E.Həsənovanın Dövlət Miqrasiya Xidmətinə qarşı ərizəsinin təmin edilməsinə qərar verilib. Qərarda o da qeyd edilib ki, E.Həsənovanın son 5 ildə Azərbaycanda yaşaması, heç bir dövlətin vətəndaşı olmaması fakt kimi təsdiqlənir.

İndi E.Həsənova məhkəmənin qərarını Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir. Onun vətəndaşlıq verilməsi problemi yoluna qoyulacaqmı, bundan sonra bilinəcək.

XS
SM
MD
LG