Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 00:23

Hüseyn Abdullayevin paytaxtın mərkəzindəki əmlakını hansı deputatın oğlu alıb?


H.Abdullayev
H.Abdullayev

Keçmiş deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva ilə bağlı cinayət işində onların əmlakları ilə bağlı məsələlər də yer alıb. Cinayət işinin materiallarından məlum olur ki, Bakının «Sovetski» ərazisində söküntülər vaxtı Z.Abdullayevanın adına olan 7 ev də plana düşüb. Həmin evlərə görə kompensasiya alınıb.

İş materiallarından həm də aydın olur ki, şəhərin mərkəzində vaxtilə keçmiş deputata məxsus olan obyekt hazırda Milli Məclisin başqa bir üzvü – Cavanşir Feyziyevin ailəsinə aiddir. Bu barədə konkret ifadələr də var.

C.Feyziyev dərman və başqa əczaçılıq vasitələrinin satışı, təminatı ilə məşğul olan «Avromed» şirkətinin təsisçisi olub, şirkəti də özü idarə edib. Özünün bildirdiyinə görə, 2015-ci ildə təsisçilikdən və səhmlərindən imtina edib.

Abdullayevlərin işi üzrə şahid qismində ifadə verən də «Avromed»də şöbə rəisi işləyən Dadaş Rzayev olub. O bildirib ki, vaxtını dəqiq xatırlamır, ya 2013, ya da 2014-cü ildə dostu Orxanın xahişiylə bir obyektin alqı-satqısında iştirak edib. Bundan ötrü Orxan ona etibarnamə verib: «Mən də dostumun xahişi ilə alqı-satqıda etibarnamə ilə iştirak edib, onların adından imza atdım».

Orxan deputat C.Feyziyevin oğludur. Söhbət də Üzeyir Hacıbəyov küçəsində yerləşən, H.Abdullayevin atasının adına olan 786 kvadratmetrlik qeyri-yaşayış sahəsinin satışından gedir. Şahidin sözlərinə görə, bu obyekt birinci mərhələdə üç adamın adına– Sücəddin Kərimov, Yelizaveta Əlizadə Gülyaz Məmmədovanın adına alınıb. Daha sonra onlar həmin obyekti Orxan Feyziyevin adına keçiriblər.

Alqı-satqı prosesində bəhs olunan G.Məmmədova müğənni, Xalq artistidir. Onun bu prosesdə iştirakına gəlincə, məlum olur ki, müğənni ilə deputat həmkəndlidirlər. Həm G.Məmmədova, həm də C.Feyziyev Şəkinin Böyük Dəhnə kəndində anadan olub.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.

2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Təqsirləndirilən şəxslərdən N.Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir.

H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə təqsirləndirilir. Z.Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib.

Onun bacısının pasportu ilə ölkədən qanunsuz çıxmasına yardım etməkdə suçlanan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov əvvəlcə həbs olunsalar da, bir həftə öncə məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar.

H.Abdullayev məhkəmənin hazırlıq iclasında özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

XS
SM
MD
LG