Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov keçmiş deputat Hüseyn Abdullayev və onun iş ortağı olmuş Namiq Babayevdən şikayətçidir. Bu barədə o, aprelin 16-da Bakı Hərbi Məhkəməsində danışıb.
E.Məmmədov sabiq deputat, onun anası Zeynəb Abdullayeva və daha 7 nəfərin cinayət işində zərərçəkən kimi tanınıb. O, vaxtilə H.Abdullayevin anasının adına olan «Araz-İnşaat» ASC-nin mülkiyyətindəki tikilinin ikinci mərtəbəsini icarəyə götürüb. Aralarında mübahisə də icarə haqqı ilə əlaqədar yaranıb.
«Elə oldu ki, icarə haqqı bir müddət gecikdi. Hüseyn Abdullayev mənə Almaniyadan zəng edib, hədə-qorxu gəldi. Deyirdi ki, icarə haqqını ödəməsəm, başıma oyun açacaq. Mən də bərk qorxdum. Bu baxımdan özümü zərərçəkmiş hesab edirəm», - E.Məmmədov məhkəmədə belə deyib.
Dindirmə zamanı məlum olub ki, icarə haqqı 3 min manat olub. Ödənişlərdə gecikmələrə görə mübahisə yarananda H.Abdullayev 6 min manata qaldıracağını deyib: «Bunun özü də təzyiqdir».
E.Məmmədov onu da bildirib ki, icarə borcu qalmayıb, sonradan hamısını ödəyib.
H.Abdullayev də, «Araz-İnşaat» ASC-nin sədr müavini olmuş N.Babayev də zərərçəkənin dedikləri ilə razılaşmayıb, ona hədə-qorxu gəlmədiklərini deyiblər. Sabiq deputat özü bu barədə ətraflı danışmaq istəsə də, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov icazə verməyib. Çünki H.Abdullayev hələ ifadə verməyib. Təqsirləndirilən şəxslər dindiriləndə o, ifadə verməkdən imtina edib.
Keçmiş deputat və daha 8 nəfərin məhkəməsi aprelin 18-də davam edəcək.
Xatırlatma
Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.
İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.
2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.
Təqsirləndirilən şəxslərdən N.Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir.
H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə təqsirləndirilir. Z.Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib.
Onun bacısının pasportu ilə ölkədən qanunsuz çıxmasına yardım etməkdə suçlanan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov əvvəlcə həbs olunsalar da, bir həftə öncə məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar.
H.Abdullayev məhkəmənin hazırlıq iclasında özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.