Prezident İlham Əliyev bu günlərdə "Rossiya 24" telekanalında yayımlanan "Hakimiyyət formulu" verilişində deyib ki, Azərbaycan gəlir səviyyəsi ortadan yuxarı olan dövlətlər qrupuna daxil olub.
Azərbaycan son onilliklərdə təkcə neftdən 180 milyard dollara yaxın vəsait əldə edib. Bəs əhalinin gəlirləri buna adekvat olubmu?
Üç qrup
Dünya Bankı iqtisadiyyatların qlobal reytinqini ölkə əhalisinin adambaşına düşən gəlirlərinin göstəricisinə görə tərtib edir. Həmin reytinqdə bütün dövlətlər üç qrupa bölünür: adambaşına düşən yüksək gəlirli ölkələr (12616 dollar və daha çox), adambaşına düşən orta gəlirli ölkələr (1036-12615 dollar) və adambaşına düşən az gəlirli ölkələr (1035 dollar və daha aşağı).
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə ölkə əhalisinin nominal gəlirləri 57 milyard 181.5 milyon manat və ya hər nəfərə orta hesabla 5 min 708 manat təşkil edib.
Orta əməkhaqqına gəlincə isə, İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib ki, bu il ölkədə orta aylıq əməkhaqqı 807 manat olacaq.
Maliyyə Nazirliyi: "Əhalinin gəlirləri artıb"
Maliyyə Nazirliyindən "Turan"a bildirilib ki, hətta koronavirus pandemiyası illərində Azərbaycanda iqtisadi temp qorunub saxlanılıb, əhalinin gəlirləri artıb. Qeyd olunub ki, son 5 ildə əməyin ödənişi xərcləri 3 milyard 685 milyon manat və ya 1.8 dəfə artıb: "Cari ildə də bu proses davam edəcək. Sosialyönümlü xərclərinin həcmi təxminən 46.4 faizə yüksələcək, onların məbləği 13 milyard 851 milyon manata çatdırılacaq. Bu xərclərin 60 faizə yaxın hissəsi əməyin ödənişi xərclərinə yönləndiriləcək. Bu, 2021-ci illə müqayisədə 22.7 faiz və yaxud 1 milyard 500 milyon manat əlavə vəsait deməkdir".
"Dövlət başçısı yəqin ki, o fikrini söyləyəndə…"
İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanı gəliri yüksək ölkələr ilə müqayisə etmək mümkün deyil: "Dövlət başçısı yəqin ki, o fikrini söyləyəndə neftin satışından daxil olan gəlirləri nəzərə alıb. Açığı o göstəriciyə görə də Azərbaycanı orta səviyyəli dövlətlər qrupuna aid etmək şübhəlidir".
Əhalinin gəlirləri məsələsinə gəldikdə isə, iqtisadçı deyib: "Ümumi Daxili Məhsul (ÜDM) göstəricisinin həcmini, yaxud da adambaşına düşən ümumi daxili məhsulun göstəricisini nəzərə alırlar. Bu göstəricilərə görə Azərbaycan çox geridə qalır".
"Əhalinin yaşayış səviyyəsi pisləşib"
Onun sözlərinə görə, SSRİ-nin əksər respublikalarının daxil olduğu Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsinin məlumatlarından da bunu görmək mümkündür: "Azərbaycan hətta MDB məkanında olan ölkələr arasında orta aylıq əməkhaqqının artım tempinə görə ən geridə qalan ölkə kimi xarakterizə olundu. Bahalaşma səviyyəsinə görə isə ən öndə olan ölkələrin içərisində oldu. Bu da o deməkdir ki, əhalinin yaşayış səviyyəsi pisləşib".