Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:27

'Mağazaya 400 manat borcum var, oradan keçə bilmirəm'


Bibixanım Əliyeva
Bibixanım Əliyeva

"Bir nəfərin də daimi işi yeri yoxdur"

Astara rayonu Suparibağ kənd sakini Bibixanım Əliyeva yoxsulluq və işsizlikdən əziyyət çəkdiklərini bildirir. O, əlağacı ilə gəzir. Ailəsinin durumunu belə anladır: "Ərim Ağarəhim Əliyev xəstəliyə görə 260 manat pensiya alır. Gəlinim, baldızım, oğlanlarım, nəvələrim - hamımız bir yerdə 10 nəfərik. Hamımız bu pensiyaya baxırıq. 10 nəfərin içində bir nəfərin də olsun daimi işi yeri yoxdur. Hər evin 100 manatdan çox qazpulu borcu var. Oğlumun işıqpulunu mən verirəm. Nəvələr evdə olmayanda qazı söndürürük. Oğlum qaz yandıra bilmir, ödəməyə pulu yoxdur".

"Evdə çörək olmayanda ağlayırlar"

Onun deməsinə görə, pay torpaqları da qazanc gətirmir. Əlavə edir ki, torpağı becərmək üçün əllərində vəsaitləri yoxdur: "Biz iş istəyirik. Bununla bağlı məşğulluq idarəsinə getdim, dedilər ki, iş yoxdur. Bizdə beş nəfər əməkqabiliyyətli ailə üzvü var. Onlar nə etsin? Əlağacı ilə nə qədər bu idarələri gəzim? Oğlumun iki uşağı var, evdə çörək olmayanda ağlayırlar".

Həsən Əliyev
Həsən Əliyev

"Hər gün xəbər göndərir"

Bibixanım Əliyevanın böyük oğlu Həsən Əliyev sözə qarışır. Əlini, ayağını göstərir: "Mən yaxşı qidalansam, belə arıq olmaram. Sümüklərim görünür. Balalarım da bu gündə. Məşğuluq idarəsinə işlə bağlı müraciət etmişdim. Deyirlər ki, mal-qara verəcəklər. Gözləyirik, yoxdur. Mağazaya 400 manat borcum var, oradan keçə bilmirəm. Hər gün xəbər göndərir. Haradan gətirim?! Bu ölkədə fəhləlik yoxdur? Evbəev gəzib iş axtarıram".

"Dəftər, kitab olmayanda..."

Ailənin kiçik üzvü, 14-yaşlı Musa Əliyev isə yaxşı oxuduğunu söyləyir: "Valideynlərim çətinliklə də olsa, məktəb ləvazimatlarımı qaydaya salırlar. Deyirlər ki, sən bizim kimi bədbəxt olma, oxu. Dəftər, kitab olmayanda başqalarından alıb oxuyuram".

Əliyevlərin yaşadığı ev
Əliyevlərin yaşadığı ev

"Yeni ildə, Qurban bayramında ona yadım edilir"

Astara Rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Quliyev də deyir ki, həmin ailənin problemləri var: "Həsən Əliyevin atası əlildir, anası əlağacı ilə gəzir. O da xəstədir, ancaq pensiya almır. İki uşağı var. Kasıb ailələrdir. Həmişə onlara yardım edilir. Son illərdə bizdən yardımları götürüb veriblər sosial xidmətlərə. Yeni ildə, Qurban bayramında ona yadım edilir. Həsən Əliyevi təxminən iki il bundan əvvəl məşğulluq şöbəsinə göndərmişdim ki, növbəyə götürsünlər, iş versinlər".

Məşğulluq şöbəsindən cavab

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Astara rayon şöbəsində isə şikayətlə bağlı bunları bildirdilər: "Biz vətəndaşın məlumatını verə bilmərik. Özü gəlib ala bilər. Astara rayonunda 170 nəfərə özünüməşğulluq çərçivəsində xidmətlər göstəriləcək. Vətəndaşın adı orda varsa, ona da xidmət ediləcək". Şöbədən H.Əliyevə təqdim edilən sənəddə isə onun işaxtaran kimi qeydiyyata alındığı göstərilib.

Rəsmi məlumata görə, Astara rayonunda 3 min 528 nəfər işsiz kimi qeydə alınıb. Amma iş üçün müraciət edənlərin sayı daha çoxdur. Bu rayonun 110 min civarında əhalisi var.

XS
SM
MD
LG