Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:37

AXCP fəalı: 'Zəng elədilər ki, işdən çıxmaq barədə ərizə yaz...'


"Qanun adamı işinə aidiyyəti olmayan səbəblə çıxarmağı qadağan edir"
"Qanun adamı işinə aidiyyəti olmayan səbəblə çıxarmağı qadağan edir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, aprel ayında Facebook hesabından paylaşdığı yazılara görə 30 gün həbs cəzası alan Arif Babayev indi də işini itirmək təhlükəsiylə üzləşdiyini deyir. Onun sözlərinə görə, illərdir işlədiyi "Point Hotel Baku"nu (əvvəlki adı "Qafqaz Point Hotel") hazırda idarə edənlər ondan ərizə yazıb, işdən çıxmasını istəyiblər.

"Öhdəmdə üç azyaşlı uşaq var"

A.Babayev AzadlıqRadiosuna bildirib ki, mayın 22-də həbsdən buraxılandan sonra iş̧ yerinə gedib. Orada ona mayın 1-dən etibarən iki ay öz hesabına məzuniyyət götürməsi barədə ərizə yazdırıblar: "Halbuki, mən aprelin 22-də həbs olunmuşdum və mayın 1-də də həbsdə idim. Bu ərizədən bir gün sonra müdir açıq şəkildə dedi ki, mənə görə ona təzyiq edirlər, işdən çıxarılmağımı istəyirlər, hədələyirlər. İyunun 3-də də kadrlar şöbəsindən zəng elədilər ki, gəlib işdən çıxmaq barədə ərizə yazırsan? Soruşdum ki, niyə özünüz çıxarmırsınız? Dedim, siz çıxarın ki, mən də təzminatımı ala bilim, işsiz kimi qeydiyyata düşüm".

AXCP fəalının sözlərinə görə, adıçəkilən oteldə 6 ildir işləyir. Hazırda otelə rəhbərlik edən sahibkar təxminən bir ildir oranı idarə edir. Yeni rəhbərlik işçilərlə 1 illik müqavilə bağlayıb. A.Babayevin bir illik müqaviləsi də avqustda başa çatacaq.

A.Babayev deyir ki, üç azyaşlı uşaq atasıdır. Uşaqlardan birinin heç 3 yaşı yoxdur: "Əmək Məcəlləsinə görə, hansısa müəssisədə ixtisar olanda belə, öhdəsində iki və daha çox azyaşlı uşağı olanlara işdə saxlanmaq üçün üstünlük verilir. Mənim öhdəmdə isə üç azyaşlı uşaq var, siyasi baxışlarıma görə işdən çıxarmaq istəyirlər".

"Məcburi kim kimi işdən çıxara bilər ki?"

"Point Hotel Baku"nun kadrlar şöbəsindən isə AzadlıqRadiosunun bu məsələ ilə bağlı sorğusuna belə cavab verilib: "O işçi özü bir müddət işdə olmayıb. Amma ona "işdən çıx get" deyən olmayıb. Məcburi kim kimi işdən çıxara bilər ki?".

Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, Əmək Məcəlləsinin 16-cı maddəsi şəxsin işgüzar keyfiyyətləri, peşəkarlığı, əməyinin nəticəsi ilə bağlı olmayan amillərə görə işdən çıxarılmasını qadağan edir. Bura cinsi, irqi, dini, milliyyəti, əqidəsi və siyasi baxışları da daxildir.

Qanunvericiliyə istinad edən M.Qəhrəmanlı deyir ki, işçi ixtisara düşürsə, yaxud işəgötürən onu çıxarırsa və müqavilədə də nəzərdə tutulubsa, mütləq kompensasiya ödənilməlidir: "Özünə hörmət eləyən şirkətlər bir neçə aylıq əməkhaqqı ödəyirlər. Amma kompensasiya ödəməmək üçün işçiyə guya işdən könüllü çıxmaq istəməsi barədə ərizə yazdırılması halı da geniş yayılıb. Axı qanun adamı işinə aidiyyəti olmayan səbəblə çıxarmağı qadağan edir, ona görə bu yolu tuturlar. Bu pis təcrübədən çoxları istifadə edir. Sabah da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri desin ki, bizdə heç kim siyasi, dini baxışlarına görə işdən çıxarılmır. Prezident də çağırış eləyib ki, pandemiya dövründə işçiləri çıxarmasınlar".

Xatırlatma

AXCP-nin Suraxanı şöbəsinin üzvü olan Arif Babayev aprelin 22-də saxlanıb. Suraxanı Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası kəsilib. A.Babayev İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ) maddəsi ilə ittiham olunub.

A.Babayev tutularkən Suraxanı rayonu, 30-cu polis bölməsində döyüldüyünü bildirib. Onun sözlərinə görə, daha sonra təzyiq altında kamera qarşısına çıxarılaraq günahını boynuna almağa, gələcəkdə hökumət əleyhinə fikirlər paylaşmayacağı haqda bəyanat verməyə məcbur edilib.

Daxili İşlər Nazirliyi isə A.Babayevin işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edib: "Polis bölmələrində saxlanılanlara işgəncə verilməsi barədə məlumatlar absurddur. Əgər kimsə sosisal şəbəkələrdə qadağan olunmuş, insanları təşvişə sala biləcək məlumatları yayıbsa, həmin şəxslər müəyyən olunur və barələrində tədbir görülür. Konket Babayevə gəlincə, ona niyə işgəncə verilməlidir və ya hədə-qorxu gəlinməlidir ki? Əgər o. hər hansı status yazıbsa, fakt göz qabağındadır və o statusu yazdığını etraf edirsə. ona niyə hədə-qorxu gəlinməlidir?".

XS
SM
MD
LG