Azərbaycan Ali Məhkəməsi bu il martın 2-də Astara şəhər 2 saylı orta məktəbin keçmiş ingilis dili müəllimi Fuad Mehrəliyevin işə bərpa edilməsi ilə bağlı iddiasını təmin etməyib.
Bu barədə AzadlıqRadiosuna F.Mehrəliyev özü məlumat verib. F.Mehrəliyev bu işin arxasında Astara rayonunun vəzifəli şəxslərinin durduğunu iddia edib:
«Film kimi bir olaydır. Amma bu həqiqətdir»
«Məktəbdə baş verən rüşvətxorluqdan sosial şəbəkələrdə çıxış etmişəm. Buna görə də mənim üçün tələ qurdular. Guya mən kənd məscidində müftiyə hörmətsizlik etmişəm. Müfti, kənd icra nümayəndəsi, bələdiyyə sədrinin imzası ilə polisə şikayət etdilər. Yaxınlarımın xahişi ilə polis şöbəsinə getdim. Anam da mənimlə idi. Anama dedilər ki, oğlunu həbs edəcəyik. Bu yolla anamdan ərizə aldılar. Guya mən özümü idarə edə bilmirəm. Həkim çağırdılar, polisdə həkim mənə təkbaşına «kəskin paranoid» diaqnozu qoydu. Dərhal Lənkəran Rayonlararası Psixiatriya Dispanserinə apardılar. Orada nəzarətdə qaldım. Qayıdan kimi məktəbdə 5-6 nəfəri çağırıb, iclas keçirdib, işdən azad etdilər. Film kimi bir olaydır. Amma bu həqiqətdir».
«İki ildir məhkəmələrdəyəm»
F.Mehrəliyev deyib ki, məhkəmələrin heç birisi onun qaldırdığı vəsatəti təmin etməyib: «İki ildir ki, məhkəmələrdəyəm. Hər üç məhkəmədə vəsatət qaldırdım ki, məni ekspertizaya göndərsinlər. Məhkəmələrin heç birisi məni ekspertizaya göndərmədi. Müəllim işlədiyim 6 il ərzində məndən narazılıq olmayıb. Diaqnostik qiymətləndirmədən lazımı bal toplamışam. İngilis dilində çoxlu tərcümələrim var. Necə olur ki, müəllim işlədiyim 6 ildə şikayət olmadı, məktəbdə rüşvətə «yox» deyən kimi mən pis oldum? Məhkəmələrdə ədalət görmədim. Onları insan taleyi maraqlandırmır. Ölkə prezidenti də rüşvətlə mübarizə aparmağı tövsiyə edir. Mən o tövsiyələrə əsaslanıb sözümü demişəm».
«Ədaləti ölkədən kənarda axtarmağı qərara almışam»
Keçmiş müəllimin dediyinə görə, iqtisadi vəziyyəti də yaxşı deyil: «Üç azyaşlı uşağım var. Həyat yoldaşım işləmir. Anamın aldığı pensiyanın ümidinə qalmışam. O da xəstədir. Pensiyasını dərmana versin, ya bizə? Mən hər dəfə məhkəmədə bu fikirləri səsləndirmişəm. Amma onlar buna əhəmiyyət vermədilər. Dövlət tərəfindən təyin olunmuş vəkil də Ali Məhkəmənin iclasına gəlmədi. Beş dəqiqədə taleyimi həll etdilər. Məni bu günə salmaqla digər müəllimlərə bildirirlər ki, rüşvətdən danışsanız aqibətiniz bundan pis olar. Ədaləti ölkədən kənarda axtarmağı qərara almışam. Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək fikrindəyəm».
Bu deyilənlərə Azərbaycan Ali Məhkəməsi və Astara rayonunda sözügedən qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
2018-ci il mayın 14-də AzadlıqRadiosunun saytında Astara şəhər 2 saylı orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyevlə müsahibə təqdim edilmişdi. Orada rüşvətə bulaşmadığını deyən müəllim məktəb direktorunun işdən çıxarılmasını və bu məsələyə təhsil nazirinin münasibət bildirməsini istədiyini dilə gətirmişdi. F.Mehrəliyevin iddiasına görə, məktəbdə müəllimlərdən pul yığılır və buna etiraz etdiyindən dəfələrlə şagirdlərinin yanında o, məzəmmət edilib, şəxsiyyətini alçaltmağa çalışıblar.
Astara şəhər 2 saylı orta məktəbin direktoru (hazırda həmin vəzifədə işləmir) isə həmin vaxt AzadlıqRadiosuna demişdi ki, rüşvətdə suçladığına, ona şər atdığına görə F.Mehrəliyevi məhkəməyə verəcək: «Müəllimlərdən pul yığmırıq. Nə üçün yığmalıyam? Maaş alırıq, bu da bizi qane edir. Müəllim məktəb üçün nəsə edir, özü bilər. O mənlik deyil».
Bu hadisələrdən sonra F.Mehrəliyev Lənkəran Rayonlararası Psixiatriya Dispanserinə aparılıb. Dispanserdə 27 gün saxlanılıb.
Dispanserdən buraxılandan sonra məktəbdəki həmkarlarının iştirakı ilə iclas keçirilib və işdən çıxarılıb.
F.Mehrəliyev işə bərpa olunmaq üçün məhkəmələrə üz tutub. Astara Rayon Məhkəməsi onun iddiasını rədd edib. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də yerli instansiyanın qərarını qüvvədə saxlayıb. Məhkəmələr onun ekspertizaya göndərilməsi ilə bağlı vəsatətini təmin etməyiblər.
Rayon rəhbərləri və yerli hüquq-mühafizə orqanları isə, bir qayda olaraq, F.Mehrəliyevin iddialarını rədd edirlər.